Milli iftixarımız olan Qələbə
Bu
Qələbə millətimizi böyütdü, daha
güclü etdi
- Torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibə haqlı olaraq tariximizə Vətən müharibəsi kimi yazıldı. Çünki bu, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda xalqımızın müqəddəs savaşı idi. Bu savaş həm də tariximizə qızıl hərflərlə həkk olundu. Bu qələbə ilə biz tariximizi, müstəqilliyimizi və dövlətçiliyimizi şərəfləndirdik, qürurlandırdıq.
Azərbaycan xalqının zəngin qəhrəmanlıq irsi var, döyüşmək, mübarizə aparmaq bizim qanımızda, canımızdadır. Və hər birimiz inanırdıq ki, günlərin birində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı ata-babalarımızın tarixboyu yaratdıqları, miras qoyduqları qəhrəmanlıq irsindən ilhamlanaraq müharibə yolu ilə azad edəcəyik.
Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusu xalqımızın bu inamını həqiqətə çevirdi, torpaqlarımızın azadlığı uğrunda tarixi missiyasını layiqincə, qətiyyətlə, hünərlə yerinə yetirdi. Artıq bir aydır ki, bütün xalqımız böyük qələbənin sevincini yaşayır. Böyükdən kiçiyə qədər hər kəs, vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı indi özünü daha qürurlu, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edirik, öyünürük, iftixar hissi duyuruq.
Bu sevinci bizə bəxş edənlər qətiyyəti və siyasi iradəsi ilə hər birimizi qürurlandıran İlham Əliyev və qəhrəmanlıqları, cəsarətləri, qorxmazlıqları ilə dillərdə dastana dönən Azərbaycan Ordusunun əsgərləri, zabitləri, gizirləridir. Elə bir cəbhə olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Ermənistanın illərboyu möhkəmləndirdiyi, keçilməz hesab etdiyi səngərlər, müdafiə istehkamları Azərbaycan oğullarının müzəffər yürüşü qarşısında duruş gətirə bilmədi və ordumuzun hər bir əməliyyatı həm unikallığı, həm də əsgər və zabitlərimizin qəhrəmanlığı ilə aləmə səs saldı.
Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "...Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Əlbəttə, ordu o zaman güclü olur ki, onun komandanı əsl sərkərdə olsun. Bu baxımdan İlham Əliyevin 44 gündə və ondan sonrakı müddətdə sərkərdə qətiyyəti ilə ortaya qoyduğu davranış bir daha dövlət başçısının yüksək siyasi və diplomatik keyfiyyətlərini nümayiş etdirdi. İlham Əliyev təkcə Ali Baş Komandan kimi cəbhədə mübarizə aparmadı, o həm də müdrik siyasətçi kimi diplomatiya cəbhəsindəki hücumların qarşısını mətinliklə aldı, ölkəmizə qarşı beynəlxalq təzyiqləri inamla dəf etdi. İlham Əliyev öz siyasi iradəsi ilə Azərbaycana qarşı diplomatik cəbhənin formalaşmasına imkan vermədi. Fransa prezidentinin və siyasi dairələrinin bütün təzyiqləri iflasa uğradı. Müharibənin ilk günlərindən neytrallığını itirən bu ölkənin siyasi dairələrinin təşəbbüsü ilə oktyabr ayında BMT Təhlükəsizlik Şurasının sədri adından qəbul edilməsi planlaşdırılan qətnamənin geri götürülməsi də Prezident İlham Əliyevin diplomatik uğuru kimi tarixə düşdü. Fransanın rüsvayçılıqla geri götürdüyü həmin qətnamənin layihəsində Ermənistanın maraqları müdafiə olunurdu. Cənab İlham Əliyev müharibə günlərində 30-a yaxın xarici KİV-ə verdiyi müsahibələrdə də dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bu müsahibələrdə İlham Əliyev həm də əsl həqiqətləri dünyaya çatdırdı, dünya erməniliyinin Azərbaycana qarşı hücumlarını darmadağın etdi.
Məhz Prezident İlham Əliyevin uğurlu diplomatiyasının və müzəffər Ordumuzun döyüş meydanındakı qalibiyyəti sayəsində işğalçı Ermənistan kapitulyasiya etməyə məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanat respublikamızın 44 günlük müharibədəki möhtəşəm qələbəsinin hüquqi təsdiqi oldu. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını və Qarabağın mirvarisi Şuşanı, bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsini döyüş yolu ilə azad edən Azərbaycan Ordusu Ermənistanın kapitulyasiyasına əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarına güllə atmadan daxil oldu. Bu baxımdan üçtərəfli bəyanatın bütün bəndləri hərb meydanında qalib gələn Azərbaycanın öz şərtlərini məcburi şəkildə Ermənistana qəbul etdirməsinin sübutudur.
Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlayanda şəhidlərimizin olacağı məlum idi. Çünki müharibədən itkisiz, qurbansız çıxmaq mümkün deyil. Xalqımız üçün olduqca qürurvericidir ki, vətən övladları hünərləri, rəşadətləri ilə ölümə meydan oxudular, şəhidlik zirvəsinə ucalmağı özlərinə şərəf saydılar. Şəhidlərimizin döyüş yolu ilə tanış olduqca hər birimiz onların qəhrəmanlıqları və bütövlükdə xalqımızın böyüklüyü ilə fəxarət hissi keçirdik, həm də təsirləndik. Onların ruhu indi rahatdır, çünki uğrunda mübarizə apardıqları torpaqlarımız azad edilib, o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Sentyabr ayının 27-nin Prezident İlham Əliyev tərəfindən Anım Günü elan olunması şəhidlərimizin xatirəsinə olan ehtiramın ən gözəl nümunəsidir.
Vətən müharibəsindəki qələbə tariximizin ən şərəfli səhifələrindəndir. Bu qələbəni xalqımız hər il noyabr ayının 8-də Zəfər Günü kimi qeyd edəcək. Bu Qələbə, torpaqlarımızın işğaldan azad olunması millətimizi daha da böyütdü, daha güclü etdi, Azərbaycanı qalib dövlətlər sırasına çıxartdı. Qələbəmiz mübarək! Qarabağ Azərbaycandır!
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Azərbaycan.-2020.- 9 dekabr.- S.6.