“Azərbaycan”ın Rəşadı
Və Azərbaycanın igid
zabiti
Dünənədək sıradan, adi, bəzən "uşaq” saydığımız on minlərlə gənc öz cəsarətləri, mərdlikləri ilə bir anın içində sanki aslana çevrildilər, "Qarabağ Azərbaycandır” milli hərəkatının qələbə Nidasını qoydular!
Bu zəfər
qəhrəmanları sırasında "Azərbaycan” qəzetinin
müxbiri Rəşad Baxşəliyev də var...
Jurnalist təhsilli
zabit
Rəşad "köhnə hərbçi”dir. Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən
sonra 2001-2003-cü illərdə leytenant rütbəsində
ilyarım təmas xəttində motoatıcı
taqımın komandiri kimi xidmət göstərib. Bu dövrdə
hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə
mükafatlandırılıb, fəxri fərmanları, təltifləri
yetərincə olub.
Dəfələrlə onunla birgə keçmiş əsgərləri
ilə süfrə başında oturmuşuq, çörək
kəsmişik. Hamısı Rəşaddan ağızdolusu
danışıblar. Rəşad xidmətində
ənənəvi komandir obrazına özünəməxsus əlavələr
edib. Əsgərlərinə böyük
qardaş, arxa-dayaq olub. Hansısa əsgərin
nöqsanı olubsa, cəza yox, tərbiyə yolu ilə
düzəltməyə çalışıb. Ancaq ən əsası - bunu əsgərləri
xüsusən vurğulayırdılar - onlarla daim vətərpərvərlik
söhbətləri aparıb və fərdi məsuliyyətlərini
artırıb.
Qələm
silaha çevriləndə...
"Azərbaycan” qəzetində
çalışdığı illərdə də qələmi
ilə döyüşüb və bu ifadə heç də
mübaliğəli deyil!
Rəşad Baxşəliyev uzun illərdir ölkənin
hərbi mövzuda yazan fəal jurnalistlərindən
sayılır.
Getmədiyi səngər, yüksəklik, post demək olar ki,
yoxdur. Qarış-qarış gəzib cəbhə xəttini,
bəzən ay ərzində 3 dəfə hərbi hissələrə
yollanıb Rəşad...
Lələtəpədən
reportaj edən ilk jurnalistdir bizim Rəşad...
Dəfələrlə Müdafiə Nazirliyinin
mükafatlarını, təltiflərini, təşəkkürnamələrini
alıb. Bir
sözlə, daim ordunun içində olub, həmişə
ordu ilə bir nəfəs alıb, hər zaman ordu
üçün çalışıb, can yandırıb...
Ən çox qış fəslində cəbhə xəttinə
getməyə önəm verirdi. Deyirdi ki, bu fəslin
çətinlikləri, qarın soyuğu-sazağı səngərdə
daha aydın duyulur. Ön xətdə xidmət
çəkən əsgərlər daha böyük qəhrəmanlardır.
Onlardan yazmaq, xidmətlərini işıqlandırmaq, qəhrəmanlıqlarından
bəhs etmək Rəşad üçün daha maraqlı gəlirdi...
Rəşadın
yazdığı məqalələr digər KİV-də dərc
olunmurdu, ön cəbhədən çəkdiyi fotolar onlarla
saytda, qəzetdə istifadə olunur, təkrar-təkrar
çap edilirdi...
Amma bir
arzusu da var idi: "Mən qələbədən jurnalist kimi
yazmaq yox, qələbəni zabit kimi yaşamaq istəyirəm”...
Elə bu istəklə də iyul ayında
könüllü olaraq hərbi xidmətə yazıldı. Bunu da təsadüfən
bildik. Söhbətimizdə bəzilərinin
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
müraciətlərini sosial şəbəkələrdə
yaymalarını "ucuz reklam” sayaraq təəssüflənəndə
dostumuz özünün də qeydiyyatdan keçdiyini söylədi.
Və ən
böyük arzularından birinə - Vətən
savaşında iştiraka sayılı günlər
qaldığına da hamımızı
inandırmışdı...
Övladını xəstəxanaya
qoyub, könüllü cəbhəyə getdi...
Sentyabrın 27-dən, müharibə başlanan gündən
həyat yoldaşı Raminə xanıma döyüş
çantasını yığmasını
tapşırmışdı. Az qala hər
gün Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Abşeron şöbəsinə zəng edərək nə
vaxt cəbhəyə göndəriləcəyini
soruşurdu...
Azərbaycan
ona görə zəfər çaldı ki, onun Rəşad
kimi minlərlə əsgər-zabiti hərbi xidmət bölmələri
ilə məhz niyə cəbhəyə
aparılmadıqları ilə bağlı mübahisə, əslində
nə mübahisə, elə lap dava edirdilər!..
Bəlkə burada bir rəmzilik də var ki, səfərbərlik
xidmətindən ona zəng gələndə Ağdam
rayonunda, cəbhə xəttində ezamiyyətdə idi. Rəşaddan niyə ətrafında
bu qədər səs-küyün olduğunu maraqla soruşan
xidmətin əməkdaşı "Quzanlıdayam,
düşmən buranı aramsız atəşə tutub,
sizin eşitdiyiniz də bomba, partlayış səsləridir”
cavabına ilk anda inanmayıb...
Beləliklə,
atəş, bomba sədaları altında Rəşad
KÖNÜLLÜ olaraq yazıldığı Orduya
çağrıldı...
Elə bu vədədə qızı Yağmurun səhhətində
ciddi problem aşkarlanmışdı. Həkimlər hökmən
xəstəxanada yatmalı olduğunu dedilər. Cəbhəyə getməyinə bir həftəlik
möhlət almaq mümkün idi. Ancaq Rəşad
"onlarla dava edirəm ki, məni niyə cəbhəyə
göndərmirsiniz, indi də gedib möhlət istəyim,
olmaz!” deyə birmənalı mövqeyini bildirdi.
Ürəyi
qan ağlayırdı Rəşadın, amma seçimini
etmişdi...
Adətən
belə hallar fakt yox, rəvayət olur, onlar barədə bədii
əsərlərdə təxəyyül məhsulu kimi
oxuyuruq...
Amma bu gerçəkliyi biz Rəşadın simasında
- "Azərbaycan” qəzetinin igid övladı Rəşad
Baxşəliyevin timsalında gördük, kövrəldik,
qürurlandıq!
Və o,
ailəsini dostlarına əmanət edib, ən müqəddəs
əmanəti - Vətəni qorumağa yollandı...
Şuşaya
bayraq sancan Rəşad
Rəşad 17 ildən sonra yenidən zabit kimi Azərbaycan
Ordusunun sıralarına qatılaraq Qubadlıda hərbi xidmətə
başladı.
Sonra isə
Şuşa...
İmkan tapanda, telefon ötürücüsü normal
işləyəndə zəng edir. Elə məqamlar var ki, hərbi
mahiyyətinə görə onlardan heç
danışmır, elələri var ki, danışır, amma
yaza bilmərik...
Qubadlı
istiqamətində alınmaz saydığımız 1500-2000
metr hündürlükdəki dağlara, hərbi yüksəkliklərə
sərt iqlim şəraitində gecələr çətinliklə
də olsa qalxmaları...
Şiddətli
döyüşlər...
Azad edilən
kəndlərdə apardıqları təmizləmələr..
Şuşa
uğrunda əməliyyat...
Keçilməz
sədləri aşaraq düşməni məğlub etmək...
Yeni
postlarda xidmətə başlamaq...
Rəşad Baxşəliyevin döyüş yolunun
bütün mərhələləri çətindir, məsuliyyətlidir,
ancaq şərəflidir. Əminik ki, Vətən
müharibəsində qazandığımız qələbəni
birbaşa iştirakçı kimi özü də qələmə
alacaq, kitaba da çevirəcək.
Onu hərbi
xidmətə yola salanda I Qarabağ savaşının
veteranı Bəxtiyar Sadıqov Rəşada bir bloknot verərək
"Bütün cəbhə xatirələrini bura yaz, hər
şeyi yaz və sağ-salamat, qələbə ilə
qayıt, yazdıqlarını kitab kimi nəşr edəcəyik”
ağsaqqal tövsiyəsini verdi.
Bəxtiyar
müəllimin kövrələrək söylədiyi "Mən
məğlubiyyətlər tarixini yazmalı oldum... Sən isə
hökmən zəfərlər salnaməsini yazmalısan
kitablarında” diləyi də artıq gerçəyə
çevrildi...
Cəsur
döyüşçü, intizamlı komandir, böyük
qardaş
İndi Şuşa ətrafındakı postlarda hərbi
xidmətdədir. Motoatıcı
taqımdakı əsgərlərə komandirdən çox
böyük qardaş, hamidir.
Son
söhbətimizdə əsgərləri üçün səhra
tipli mətbəx yaratdığını, hətta təndirə
bənzər bir bişirmə tipi düzəltdiyini, hərbi
növbədən qayıtdıqan sonra səhərədək
ocaqda xaş asdığını gülərək, amma məmnunluqla
söylədi: "Onlar çox gəncdir, bu soyuqda xüsusi
qidalanmağa ehtiyacları var. Axşama da onlara noxudsuz da olsa,
bozbaş bişirəcəyəm...”
Odun yığmağa da əsgərləri ilə bərabər
gedir, kartofu da, soğanı da onlardan əvvəl özü
soyur. Deyir, əsas odur ki, Şuşadayıq, burada
yaşadıqlarımız bizə çətinlik kimi gəlmir.
Bu torpaqları qardaş kimi birləşib azad etdik, indi də
qardaş kimi qoruyuruq...
Belədir
bizim Rəşad...
Belədir
"Azərbaycan” qəzetinin Rəşadı...
Həm hərbi
xidməti ayıq-sayıq yerinə yetirən cəsur
döyüşçü, həm taqımının
qüsursuz xidmətini təmin edən intizamlı komandir, həm
də qardaş bildiyi əsgərlərinə şəfqətlə
yanaşan hami...
Döyüş
yoluna birgə başladığı, Vətən uğrunda
canını fəda edən şəhid dostlarından
danışanda kövrəlir də, hönkürür də...
Özü
də deyir, elə biz də bilirik ki, bu ağrı ona bir
ömür boyu hüzn olacaq...
RƏŞADətli...
Rəşadın bir xoş sorağını da
aldıq. Bu
günlərdə ordu rəhbərliyinin qərarı ilə
rütbəsi bir pillə yüksəlib - artıq Baş
Leytenantdır!
Yeni təsis
edilən zəfər mükafatlarına da adı təqdim
olunub...
Ona "nə vaxt qaydıcağın barədə xəbər
yoxdur ki” sualını verəndə də qeyzlənir, sonra
zarafatlaşır: "Xaricdə deyiləm ki, qayıdım. Vətəndəyəm,
Şuşadayam... Adam buranı qoyub heç
Masazıra qayıdar?”
Masazırda
isə onu gözləyən üç nəfər var.
Göz yaşı qurumayan, Rəşad savaşa gedəndən
gecəsi-gündüzü olmayan Raminə xanım
övladları Nihatla Yağmurun "atamız nə vaxt
qayıdır” suallarını da bir təhər
ötüşdürür... Rəşadla hər
danışıqlarında evdən narahat olmamağını
deyir. Zatən Azərbaycan qadını necə
olmalıdır ki...
Yağmur da artıq sağalıb, müalicəsi
uğurla davam edir. Nihatın "onlayn” olsa da "5”lərinin
sayı artıb...
Valideynləri Rəşad adını ona hansısa
xüsusi əlamətə görə verməyiblər. Ancaq Rəşad
öz adını bütün həyatı boyu doğrultdu, əlində
qələm olanda da rəşadətlə
çalışdı, silaha sarılıb ön cəbhəyə
yollananda da rəşadətlə döyüşdü.
Əslində
Rəşad adi və çox sadə həyatını da elə
rəşadətli ata, rəşadətli ər, rəşadətli
övlad, rəşadətli dost kimi sürür...
Müharibə bitsə də, Rəşad və
döyüş yoldaşları üçün hələ
davam edir.
Qarşılarında
düşmən var!
Arxalarında
isə onlara güvənən məmləkəti və
xalqı...
Böyük
Zəfərin əldə olunmasında əzizimiz Rəşadın
da töhfəsi var...
On minlərlə
cəsur döyüşçü kimi Rəşad da taleyinə
şərəfli səhifə, Azərbaycanın qələbə
salnaməsinə isə öz adını həkk etdirdi!
Qürurumuzu
ifadə etmək mümkünsüzdür...
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2020.- 9 dekabr.- S.7.