“Baş tacımız Tacəddin”
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn Tacəddin Şahəddin oğlu Əzizli 1994-cü ildə Salyan rayonunun Sarvan kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Tam orta təhsilini başa vurduqdan sonra Ukraynanın Xarkov şəhərində Dövlər Ticarət və Qida Sənayesi İnstitutunun Menecment fakültəsinə daxil olmuş, oranı uğurla bitirmişdir.
Vətənə dönüb hərbi xidmətə yollanan T.Əzizli döyüş texnikası ilə işləməyi dərindən mənimsəmiş, raket artilleriyası üzrə ixtisaslı döyüşçü kimi formalaşmışdır.
Onun ən böyük arzusu Qarabağı düşmən tapdağından azad etmək idi. Hiss edir, başa düşürdü ki, müharibə qaçılmazdır və işğalda olan torpaqlarımızı hərb yolu ilə geri almağa hazır olmaq lazımdır. Qarabağ ətrafında gedən prosesləri diqqətlə izləyən Tacəddin bu ilin yayında - iyul ayında ermənilərin Tovuz rayonuna təcavüzü zamanı özlüyündə yəqin etmişdi ki, müharibə olacaq və bu savaşda bədnam qonşularımıza öz yerlərini tanıtmaq - Qarabağı azad etmək mümkün olacaq. Ailədə evlənmək məsələsi ortaya çıxanda o, böyük qardaşına demişdi: "Əvvəl Vətənin müdafiəsi, sonra evlənmək...”
Tovuz təxribatı Silahlı Qüvvələrimizin qələbəsi ilə yekunlaşsa da, şəhidlərsiz ötüşmədi. Bu hadisə bir çox gənclərimiz kimi, Tacəddinin də qəlbini düşmənə nifrətlə alovlandırdı və o, həmin günlər Prezident, Ali Baş Komandan İlham Əliyevin gənclərə müraciətinə səs verərək orduya könüllü getmək qərarını verdi.
Tacəddin Əzizlinin döyüş yolu müharibənin ilk günündən başlayır. Düşmənin qurduğu dəmir-beton sədləri yara-yara müharibənin son gününə qədər vuruşdu. Neçə-neçə döyüş dostları gözləri önündə yaralandı, bəziləri Vətən yolunda can verdi. Tacəddinin isə qismətində Şuşaya qədər irəliləmək, zəfərlər qazanmaq varmış. Onun tərkibində olduğu hərbi hissə ermənilərə qan uddurdu, düşmənləri pərən-pərən saldı. Tacəddin komandirlərin verdiyi döyüş tapşırıqlarını canla-başla yerinə yetirdi, şücaət göstərdi.
Döyüşün son günü namərd düşmən gülləsinə tuş gələn igid əsgər gözlərini əbədi olaraq yumanda qələbənin elan olunmasına, düşmənin kapitulyasiyasına bir neçə saat qalmışdı. O öz qisasını özü alanlardan idi. Şəhidlik zirvəsinə yüksəlmək isə qəhrəman əsgərin alın yazısı idi. Şəhidliyin mübarək, igid Vətən oğlu! Müəllimin Firdovsi Qasımovun sənin haqqında yazdığı şeir bu misralarla bitir:
Tarix yazdın qanınla,
Vətən eşqli canınla,
Üçrəngli bayrağınla,
Baş tacımız Tacəddin.
Seyran CAVADOV
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.