Mübarizin mübariz davamçısı

 

 

Biləsuvarda hərbi-vətənpərvərlik hissi həmişə yüksək olmuşdur. Xüsusən Azərbacanın Milli Qəhrəmanı Mübariz İbrahimovun igidlik yolunu davam etdirmək arzusu biləsuvarlı gənclərin əksəriyyətini hərb sahəsinə yönəltmişdir. Bəzi gənclər hələ tam orta təhsili bitirməmiş Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, bəziləri isə tam orta təhsildən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur və həyatlarını hərbi işə sərf edirlər.

1982-ci ildə Biləsuvarda doğulmuş Orxan Əkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi ilə xidmətə başlamışdır. İntizamı, çalışqanlığı, səyi və vətənpərvərliyi ilə pillə-pillə ucalmışdı: hərbi hissə komandiri, kapitan, mayor, polkovnik-leytenant. Komandiri olduğu hərbi hissə yüksək döyüş hazırlığı ilə seçilirdi. Təlimlərdə uğur qazanır, fərqlənirdi. Dəfələrlə təşəkkür almışdı, mükafatları, təltifləri vardı. Özünü döyüşçülərdən, sıravi əsgərlərdən ayırmır, onlara bir qardaş sevgisi ilə yanaşır, hər birinin qayğısına qalırdı. 2016-cı ilin Aprel və 2020-ci ilin İyul savaşlarında xüsusi igidlik göstərmişdi. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında onun hərbi hissəsi qısa vaxtda düşmənin 6 vahid hərbi texnikasını ələ keçirmiş, 200-dən çox düşmən əsgərini məhv etmişdi.

Polkovnik-leytenant Orxan Əkbərov cəmi 38 il yaşadı. Oktyabr ayının 2-də Füzuli rayonunun kəndləri uğrunda gedən döyüşlərdə namərd gülləsinə tuş gəldi. Şəhid zabitin 8 yaşlı qızı Sevil və 7 yaşlı oğlu Çingiz bundan sonra ataları ilə fəxr edəcəklər. Çünki bütün xalqımız onunla fəxr edir. Kiçik qardaşı, mayor Ənvər Əkbərov da Vətən müharibəsində igidliklə xidmət edən hərbçilərimizdəndir və qardaşının yolunu şərəflə davam etdirir.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 9 dekabr.- S.8.