İntiqamın intiqamını döyüş yoldaşları aldı

 

Masallı rayonu Vətən müharibəsinin ilk günlərindən, qismən səfərbərlik elan edilən kimi öz cəsur övladlarını cəbhəyə göndərdi. Onlardan şəhid olanlar da var, qazi olanlar da. Yaralılar Allahın köməyi, dövlətimizin qayğısı, həkimlərimizin səyi ilə sağalır, şəfa tapırlar. Şəhidlərimiz isə cismən aramızda olmasalar da, ruhən bizimlədirlər.

Vətənimizin azadlığı üçün hər birimiz bu yolda canını əsirgəməyən, ölümü gözünün önünə alan, düşmənin gözlərinə dik baxan bu igidlərə borcluyuq. Əsgər və zabit analarının önündə baş əyirik. Vətənə layiqli övladlar böyütmüş şəhid valideynlərinin əllərindən öpürük.

İntiqam Yavər oğlu Abbasov 1978-ci il sentyabr ayının 21-də Masallı rayonunun Köçəkli kəndində dünyaya göz açmış, burada böyümüş, orta təhsil almışdır. İntiqam məktəbdə xüsusən riyaziyyat fənnini yaxşı bilməsi ilə seçilmişdir. Müəllimləri, yaxınları, dostları İntiqamın riyaziyyat müəllimi olacağını düşünsələr də, o öz taleyini hərbi işə bağladı. 1996-cı ildə hərbi borcunu vermək üçün ordu sıralarına yollanan

İ.Abbasov əsgərlikdən sonra birillik hərbi kursda oxudu, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirdi. Füzuli və Cəbrayılın ilk 7 kəndinin azad edilməsində iştirak edən cəsur gizir strateji yüksəkliklərdən birinin geri alınması zamanı aldığı qəlpə yarasının qurbanı oldu.

"Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutun büküldüyü bayraq oğlu Əli Abbasova təqdim edilmişo da müqəddəs bayrağı öpərək gözlərinin üstünə qoymuşdur.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 9 dekabr.- S.8.