Şəhidlik ölüm
deyil, əbədi ömrün
başlanğıcıdır
İşğal altındakı torpaqlarımızın hər qarışı, hər addımı qəhrəman əsgərlərimizin, yaralı qazilərimizin, ən əsası, əbədiyyətə qovuşan şəhidlərimizin qanı bahasına azad olundu. Şəhidlərimizin hər birinə aid məlumatları, xatirələri yazmaq, onları işıqlandırmaq bizim onların ruhu qarşısında bitib-tükənməyən müqəddəs borcumuzdur! Bu həm də bizim Vətən borcumuzdur!
Mən
bir oğul tanıyıram, elə bir oğul ki,
ömrünün ilk bahar çağında Şəhidlik
zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin,
doğmalarının deyil, bütün Azərbaycan
xalqının əbədi yaddaşına həkk edə
bildi;
Mən
bir oğul tanıyıram, elə bir oğul ki,
torpaqlarımızın azadlığı uğrunda Vətən
müharibəsi başladığı ilk gündən
savaşa atılaraq, Füzuli rayonunun müxtəlif kəndləri
və şəhər istiqamətində gedən
döyüşlərdə yaralı və şəhidlərimizi
döyüş bölgəsindən çıxarmaq
üçün ən çətin, ən keçilməz
yerlərə girərək Vətən borcunu layiqincə
yerinə yetirə bildi;
Mən
bir oğul tanıyıram, elə bir oğul ki,
döyüş bölgəsindən
yaralılarımızı çıxaran zaman mənfur
düşmənin torpaqlarımıza basdırdığı
minanın qurbanı oldu və öz ölümü ilə
xalqımızın yaddaşında əbədi həyat
qazana bildi.
Bu igid 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya göz açmış İsmayıllı Məhəmmədəli Elxan oğludur. Onun ən böyük arzusu işğal altında olan torpaqlarımızın - doğma Qarabağın azad edilməsi idi.
Məhəmmədəlinin babası İsmayıl kişi, nənəsi Ofelya ana, 3 övladı Elxan, Reyhan və Rövşən 1993-cü ildə Füzuli şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayonun Kürdmahmudlu kəndinə pənah gətirmiş və burada yaşamışlar.
Elxan müəllimin üç övladından evin sonbeşiyi olan Məhəmmədəlinin uşaqlıqdan karateyə olan həvəsi, əzm və iradəsi onun hələ 15 yaşında dünya çempionu adını qazanması ilə nəticələndi. Onun qazandığı müxtəlif fəxri adlar, medal və diplomlar Məhəmmədəlinin bu qısa ömrünə çox şey sığdıra bilməsindən xəbər verir:
2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri tutmuşdur;
2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci olmuşdur;
2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur;
2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur;
2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Yarımfinalda erməni döyüşçüsünü nokautla məğlub etmişdir;
2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu adını qazanmışdır;
Azərbaycan Respublikasının İdman nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər 1-ci və 2-ci danla təltif olunmuşdur.
2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır və xidmətini hərbi dəniz donanmasında başa vurur. Xidmət etdiyi dövrdə dəfələrlə fəxri fərmanla təltif edilir və baş matros rütbəsi alır. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Rabitə və Texnologiya Nazirliyinin mühafizəsində işə qəbul edilir və tezliklə leytenant rütbəsi alır. Vətənə, xalqa olan sevgisi onu hərbi xidmətdə olmağa vadar etdi. Öz ərizəsi ilə "N” saylı hərbi hissədə müvəqqəti orta həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayır. İşlədiyi müddətdə bütün şəxsi heyətin hörmətini qazanır. Yaxşı qulluğuna görə dəfələrlə təşəkkürnamə və pul mükafatları ilə qiymətləndirilir.
Ailədə daha çox ürək sirlərini bölüşdürdüyü, bir qıza olan ülvi sevgisi haqqında sirrini belə açdığı sevimli baçısı Səyyarənin söylədiklərindən: "Məhəmmədəli 2011-ci ildə Poti şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalında erməni döyüşçüsünü nokauta salmasından, qalib olduğu yarışlarda dəfələrlə üçrəngli Azərbaycan bayrağını qaldırmasından hər zaman fəxrlə danışardı. Uşaqlıqdan yaxşı at bəsləməyi və çapmağı çox sevirdi. Hətta kənd cavanları arasında at çaparaq sürətlə əyilib yerdən kibrit qutusunu götürmək bacarığı ilə məşhur idi. Ailəmizin ən kiçiyi olmasına baxmayaraq, evimizdə hamıya (anam, atam, böyük qardaşım və mən) yaşına uyğun olmayan bir qayğıkeşliklə yanaşır, valideyn fikirlərini xüsusi hörmətlə qəbul edirdi. Ev xörəklərini daha çox bəyənirdi. Ən sevdiyi yemək anamın bişirdiyi kənd çolpasının sousu idi. Ata, anasına həm də dost, sirdaş idi. Onlara deyirdi ki, sizi qoymayacam bu şəraitsiz evdə yaşayasınız. İnşallah, tezliklə şəraitli bir ev tikdirib sizi ora köçürəcəyəm. Təəssüf ki, inşasına başladığı evin kubiklərinin 4-cü cərgəsi başa çatmamış 24 yaşında qəhrəmancasına şəhid oldu qardaşım”.
Məhəmmədəlini tanıyanlar onun cəsurluğu, qorxmazlığı, qəhrəmanlığı, böyük ürəyi haqda ağızdolusu, qürurla danışırlar. Anaya, Vətənə, millətimizə olan məhəbbəti, sevgisi Məhəmmədəlinin gözlərində qorxu hissini yox etmişdir. Qanlı müharibənin gedişində onun bu qorxmazlığı, igidliyi haqqında bir çox məqamlar ölümündən sonra yaxın dostlarının, yoldaşlarının dilinin əzbəri oldu: "Vəzifəsi sürücülük olsa da, yaralı və şəhid əsgərlərimizin döyüş bölgəsindən çıxarılmasında hər zaman yaxından iştirak edirdi. Bir dəfə ağır döyüşlərdən sonra dağlararası, keçilməz yollarda qalan yaralılarımızı götürmək üçün ayrılan qrup orada mina quraşdırılması ehtimalı böyük olduğu üçün həmin yerə girməyə tərəddüd edirdi. Bu zaman Məhəmmədəli dözə bilmədi, dedi ki, mən həmin keçilməz yerə girib yaralılarımızı xilas edəcəyəm və şir kimi irəli atılaraq həmin keçilməz yerə getdi. Qısa vaxt içində bir də gördük qucağında bir yaralı ilə geri qayıtdı. Bundan sonra ürəklənən qrup həmin yerə daxil oldu”.
O, torpağa
tapşırılan gün dəfn mərasimində
iştirak edən 5-6 nəfər tibb işçisi olan gənc qızlar ağlaya-ağlaya
"biz Məhəmmədəlini çox istəyirdik, o başqa oğul idi! Bizi ön
cəbhədə görəndə çox
əsəbiləşdi və maşınına
yığıb arxa cəbhəyə
qaytardı. Dedi ki, sizin burada
nə işiniz var, bura sizin
yeriniz deyil. Sizin görəcəyiniz işi
mən özüm edəcəyəm, biz ölməmişik
ki, qızlarımız
ön cəbhədə
olsunlar” dedilər.
Bu ağır günlərdə
Məhəmmədəlinin idarə etdiyi, yaralı əsgərlərimizin
ümid yeri olan tibb maşını
mənfur düşmən
tərəfindən bir
neçə dəfə
atəşə tutulur. Son dəfə, ölümündən
bir həftə əvvəl qəlpə zərbəsindən zədələnmiş
maşını ustaya
gətirən zaman sevimli bacısına baş çəkir.
Deyir ki, mənfur düşmənin
atdığı mərmilərin
qəlpəsi lap yaxınımdan,
qulağımdan cəmi
10 sm məsafədə
keçdi və maşının güzgüsünü
qırıb tökdü,
az qalmışdı...
nəysə, Allah qorudu!!!
Şəhid atası Elxan Quliyevin dediklərindən:
"Axırıncı dəfə
26 oktyabr 2020-ci il tarixdə qanlı döyüşlər
getdiyi Füzuli şəhəri yaxınlığında
tank əleyhinə minalanmış
ərazidə əsgərlərimizin
yaralandığını eşidən
Məhəmmədəli deyir:
"Mən yaralı qardaşlarımın orada
qalmasına imkan verməyəcəm”. Həmin
anda gedib 2 yaralı əsgərimizi götürüb qayıtdığı
zaman görür ki, bir az aralıda daha bir yaralı
əsgər var. Bu anda
həkimə deyir ki, bu yaralını
da götürək. Həkim deyir ki, onu
da başqaları götürər. Məhəmmədəli
"mən hərbçi
qardaşlarımı yaralı
halda döyüş meydanında qoyub gedə bilmərəm” deyərək maşını
yaralıya tərəf
yönləndirir. Bir neçə
metr getdikdən sonra maşının Məhəmmədəlinin idarə
etdiyi tərəfdən
təkəri tank əleyhinə
minaya düşür
və o qəhrəmancasına
şəhid olur”.
Ərazi təhlükəli olduğundan Məhəmmədəlini həmin gün oradan götürə bilmirlər. Oktyabrın 27-də onu şəhid olduğu yerdən götürüb doğulduğu, böyüyüb boya-başa çatdığı torpaqda - Kürdmahmudlu kəndində dəfn edirlər.
Məhəmmədəlinin valideynləri - atası Elxan müəllim, anası Arzu müəllimənin dediklərini olduğu kimi yazmaq istəyirəm: "Bəli, o ölmədi, ölümsüzlüyü ilə hamımızın qəlbində əbədi məskən saldı, döyünən ürəyimiz, görən gözümüzdür Məhəmmədəli! Ailəmiz üçün Məhəmmədəlinin itkisi çox ağırdır, ancaq qürur duyuruq ki, o, Vətən uğrunda qurban gedib. Bu gün başda Ali Baş Komandanımız olmaqla qəhrəman oğullarımız Məhəmmədəlinin ən böyük arzusunu yerinə yetirdi”.
Sonda onu demək istəyirəm ki, ata yurdu hər kəs üçün sadəcə olaraq doğulduğu kənd deyil, bizim hər birimizin, xüsusilə də buğünkü gəncliyimizin ata yurdu bütöv Azərbaycandır. Doğma Qarabağımızı mənfur düşməndən azad etmək uğrunda Ali Baş Komandan İlham Əliyevin diplomatik, ardıcıl mübarizəsi və müzəffər ordumuzun bir ay yarım ərzində göstərdiyi rəşadət şanlı, qürurverici bir tarix yaratdı. Əsrlərə bərabər 44 gün - Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsi həm də Azərbaycanın bütövləşməsi tarixini yazdı.
İnanıram
ki, torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən şəhidlərimizin hər
birinin adı əsrlərboyu yaşayacaq, xatırlanacaq və
ürəklərdə əbədi heykələ dönəcəkdir!
Güntəkin
NƏCƏFLİ,
AMEA Tarix İnstitutunun
"Qarabağ tarixi” şöbəsinin müdiri,
dosent, Dövlət mükafatı
laureatı
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.