Cəsur kapitan
Şahnur Şahin oğlu Hüseynov əslən Astara rayonunun Ərçivan qəsəbəsindən
olsa da, Polşanın Belqoqrad şəhərində yüksək
rütbəli hərbçi
ailəsində anadan olmuşdur. Atası Şahin Hüseynov
Azərbaycana göndərilir,
Cəlilabadda, Ağcabədidə
işləyir, 3-4 ildən
sonra istefaya çıxana qədər
Füzulidə yerləşən
hərbi hissədə
qulluq edir. 1-8-ci sinifləri Füzulidə
oxuyan Şahnur Cəmşid Naxçıvanski
adına Hərbi Liseydə, ardınca Heydər Əliyev adına Ali Hərbi Məktəbdə
təhsil alır, atasının yolu ilə gedir. 2013-cü ildən etibarən orduda xidmət edən gənc zabit bir çox
uğurlara imza atır, təlimlərdə
iştirak edir, komandanlıq etdiyi taborun fərqlənməsinə
nail olur, təltiflərə,
mükafatlara, fəxri
fərmanlara layiq görülür, 2016-cı ilin
Aprel döyüşlərində
yüksək göstəricilər
əldə edir, Lələtəpəyə bayraq
sancanlardan biri olur.
Ürəyində böyük arzuları vardı. Ailəsini, yaşlı ata-anasını
sevindirmək, 2 yaşlı
ciyərparası Əlinuru
ləyaqətli vətəndaş
kimi böyütmək,
ən ümdəsi isə canından çox sevdiyi Vətəninə, xalqına
hələ uzun illər sədaqətlə
xidmət etmək istəyirdi. Qarabağın azad edilməsini, işğal altında olan torpaqların mənfur düşməndən
təmizlənməsini birinci
sıraya qoyur, vəzifə borcu, şərəf işi hesab edirdi.
Şərəfsiz düşmənin min bir oyundan çıxması,
dözülməz təxribatları
gənc hərbçini
əsəbiləşdirirdi. Tovuz hadisələrindən
sonra yeni hərbi təxribatın da olacağı gözlənilən idi.
Ona görə zəng edib atasına deyir ki, Gülyazla
(həyat yoldaşı)
Əlinuru görmək
istəyir, amma evə gəlmək də mümkün deyil. Atası gəlinini və
nəvəsini Şahnurun
xidmət etdiyi hissəyə aparır, bir neçə gün ailə bir yerdə olur. Sentyabrın 25-də doymadığı əzizlərindən ayrılan
gənc komandir 2 gün sonra səhər saat 6 radələrindən başlanan
əks-hücum əməliyyatına
qoşulur. Füzuli istiqamətində
qəhrəmancasına vuruşan,
mənfur "Ohanyan səddi”nin darmadağın
edilməsində, bir neçə kəndin azad olunmasında, düşmənin xeyli sayda canlı qüvvəsinin və döyüş texnikasının
məhv edilməsində
fəal iştirak edən komandir döyüşlərin birində
ağır yaralanır
və onun həyatını xilas etmək mümkün olmur.
Bir anlığa
fikirləşirsən ki,
ömrü cəmi 29
ilə sığışan
bu qəhrəman görəsən son dəqiqələrdə
nə düşünürdü? Ömrü
yarıda qalmasaydı,
nələr etməzdi!
Amma bəxtinə şəhidlik
zirvəsinə ucalmaq
yazılıbmış. Axı bu zirvə
də hər kəsə yox, seçilmişlərə qismət
olur! Ş.Hüseynov,
deyilənə görə,
imanlı adam
idi, ibadət edir, namaz qılırdı.
Şəhidlik zirvəsinin Allah məqamında nə demək olduğunu özü yaxşı bilirdi. Ən böyük arzusu
- canından çox sevdiyi Vətənin özünün iştirakı
ilə yağı düşməndən azad
edilməsi idi. İndi ruhu bizimlədir, ruhu şaddır. Təsəllimiz də budur.
Qanı yerdə qalmadı. Bir də ki o, hərbçi
ailəsinin yetirməsidir
və bu ailənin digər üzvləri - dayısı,
xalasının və
bacısının həyat
yoldaşları, bir çox qohumları, ən yaxın dostları hərbçidirlər
və onun döyüş yolunu davam etdirirlər.
Seyran CAVADOV
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.