Zəfər təltifləri

 

 

Vətən müharibəmiz şanlı qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 44 gün ərzində öz şücaətləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ölümə meydan oxudular, torpaqlarımızın hər qarışı uğrunda çarpışdılar, vuruşdular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər, şəhid, qazi oldular, əzmlə, qürurla, çiyin-çiyinə verərək, biləklərinin haqqı ilə qazandılar bu fəxarətli zəfəri…

Qəhrəman oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, onların bu şücaətləri qədirbilən xalqımız tərəfindən daim qiymətləndiriləcək, yüksək dəyərləndiriləcək...

Elə "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də igidlərimizə yüksək ehtiramdır.

 

 

"Zəfər” və "Qarabağ” ordenləri

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonunya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti "Zəfər” ordeni ilə təltif olunur. Habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər də bu yüksək medala layiq görülür.

900 əyarlı qızıldan hazırlanmış "Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda "Heydər Əliyev” ordenindən sonra taxılır.

Bu medal solsağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

"Qarabağordeni ilə işğal edilmiş ərazilərimizin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, respublikamızın dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

"Qarabağ” ordeni döşün sol tərəfinə, digər ordenlər və medallar olduqda "Zəfər” ordenindən sonra taxılır.

900 əyarlı qızıldan hazırlanmış, oval formalı lövhədən ibarət ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ” sözü yazılıb.

 

 

 

"Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü” və "Döyüşdə fərqlənməyə görə”

 

 

"Vətən Müharibəsi Qəhrəmanı” medalı "Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanıdır. "Vətən Müharibəsi Qəhrəmanı” adı ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər ordenmedallardan yuxarıda "Qızıl Ulduz” medalından əvvəl taxılır.

900 əyarlı qızıldan hazırlanmış, biri digərinin üzərinə yerləşdirilmiş iki səkkizguşəli ulduz formalı lövhədən ibarət medalın alt ulduzu qızıldan, üst ulduzu isə sarı qızıldan hazırlanmışdır.

"Cəsur döyüşçü” medalı ilə işğal edilmiş ərazilərimizin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə stratejiya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Cəsur döyüşçü” medalı döşün sol tərəfinə, digər orden və medallar olduqda "İgidliyə görə” medalından sonra taxılır. Bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarət medalın ön tərəfi dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır.

"Döyüşdə fərqlənməyə görə” medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Döyüşdə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Cəsur döyüşçü” medalından sonra taxılır.

Bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvari xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

 

"Suqovuşanın azad olunmasına görə”

 

 

"Suqovuşanın azad olunmasına görə” medalı ilə Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarət medal döşün sol tərəfinə, digər orden və medallar olduqda "Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır.

 

 

 

"Cəbrayılın azad olunmasına görə”

 

 

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilir.

Medal döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Suqovuşanın azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Xocavəndin azad olunmasına görə”

 

 

"Xocavəndin azad olunmasına görə” medalı ilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Bu medal döşün sol tərəfinə, digər orden və medallar olduqda "Cəbrayılın azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Füzulinin azad olunmasına görə”

 

 

"Füzulinin azad olunmasına görə” medalı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Füzulinin azad olunmasına görə” medalı döşün sol tərəfinə, digər orden və medallar olduqda "Xocavəndin azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Zəngilanın azad olunmasına görə”

 

 

 

Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilir.

"Zəngilanın azad olunmasına görə” medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda "Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Qubadlının azad olunmasına görə”

 

 

"Qubadlının azad olunmasına görə” medalı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Bu medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Zəngilanın azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Şuşanın azad olunmasına görə”

 

"Şuşanın azad olunmasına görə” medalı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Şuşanın azad olunmasına görə” medalı döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.

 

 

"Kəlbəcərin azad olunmasına görə”

 

Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilir.

Bu medal döşün sol tərəfinə, digər orden və medalları olduqda "Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.

 

"Ağdamın azad olunmasına görə”

 

 

 

"Ağdamın azad olunmasına görə” medalı ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Bu medal döşün sol tərəfinə, digər orden və medalları olduqda "Kəlbəcərin azad olunmasına görə” medalından sonra taxılır.

 

"Laçının azad olunmasına görə”

 

Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Laçının azad olunmasına görə” medalı ilə təltif edilir.

Medal döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Ağdamın azad olunmasına görə” medalından sonra taxılır.

Qeyd edək ki, işğaldan azad edilən rayonlarımızın adına təsis edilən medallar bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Rayonların böyük hərflə yazılmış adı ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunub. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunub.

 

"Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”

 

 

İşğal edilmiş ərazilərimizin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilir.

Bu medal döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Laçının azad olunmasına görə” medalından sonra taxılır.

Bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvari xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı ilə işğal edilmiş ərazilərimizin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.

 

Bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xaricidaxili çevrələrlə konturlanmış dairəvi lövhədən ibarət medal döşün sol tərəfinə, digər ordenmedallar olduqda "Vətən müharibəsi iştirakçısı” medalından sonra taxılır.

İndi igidlərimiz sol döşlərinin üzərində, düz ürəklərinin üstündə qürur və fəxarətlə gəzdirəcəklər bu orden və medalları. Hər nəfəs alıb verdikcə, sinələri qabaracaq, medalları cingildəyərək qovuşacaq, bu an ürəkləri fərəhdən dağa dönəcək, bir daha o qəhrəmanlıq anlarına qayıdacaq, Qarabağda dalğalandırdıqları ay-ulduzlu üçrəngli bayrağın müqəddəs kölgəsini üzərlərində hiss edəcək və gülümsəyərək bütöv Azərbaycanın əbədiyyət üfüqlərinə doğru inamla addımlayacaqlar...

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 9 dekabr.- S.12.