Azərbaycan koronavirusa və
işğalçıya qarşı mübarizədə
böyük uğurlara nail olub
Dekabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasının videokonfrans
formatında keçirilən iclasında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasının iclasının
koronavirus səbəbindən videokonfrans formatında
keçirildiyini vurğuladı, ölkəsinin MDB-yə sədrliyi
dövründə həyata keçirilən tədbirlərdən
danışdı.
Sonra
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev
Şuranın iclasının gündəliyi barədə məlumat
verdi.
Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev dedi:
-Hörmətli
həmkarlar.
Gündəlikdə
razılaşdırdığımız kimi, indi icazə
verin çıxış üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu
Əliyevə söz verək. Buyurun, İlham Heydər
oğlu.
Dövlətimizin başçısı iclasda
çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Hörmətli
Şavkat Miromonoviç, hörmətli dövlət
başçıları.
İlk növbədə, bu Zirvə
görüşünün, bizim iclasın təşəbbüskarı
olan Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə
MDB Dövlət Başçıları Şurasının sədri
qismində fəal işinə görə təşəkkürümü
bildirmək istərdim.
Başa çatmaqda olan ilin dünyada əsas mövzusu
pandemiyaya qarşı mübarizə olub. Bizim regionda əsas
mövzu Dağlıq Qarabağda və onun ətrafında hərbi
əməliyyatlar idi. Buna görə də
nələr baş verməsi və gələcəkdə nə
etməyi planlaşdırmağımız barədə
informasiyanı və bu haqda öz təsəvvürlərimi
həmkarlarımla bölüşmək istərdim.
Pandemiyaya qarşı mübarizəyə gəldikdə,
Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq
arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə
operativ tədbirlər görüb. Qısa müddətdə
laboratoriyaların sayı praktiki olaraq 8 dəfə
artırılıb. Qısa müddətdə
10-dan çox yeni müasir xəstəxana, o cümlədən
modul tipli xəstəxana tikilib. Beləliklə
biz COVID xəstələri üçün 10 mindən
çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da
ümumi problem idi, çünki heç bir səhiyyə
sistemində xəstələrin sayının bu qədər
olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ
danışıqlar apararaq 5 ölkədən – İtaliya,
Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri
dəvət etdik. Bu, xəstələrin
müalicə olunmasında bizə xeyli dərəcədə
kömək etdi. Pandemiyaya qarşı mübarizə,
habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara
maliyyə dəstəyi göstərilməsi
üçün dövlət büdcəsindən təqribən
2,5 milyard dollar məbləğində vəsait
ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın
beş milyona yaxın vətəndaşını
əhatə edib, bu, bizim əhalinin yarısını təşkil
edir. İndi dünyada vaksinləmə prosesinin
başlandığı vaxtda biz də bu prosesə
qoşuluruq. Ötən aylar ərzində aparıcı
vaksin istehsalçıları olan "Sputnik V”,
"AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”,
"Pfizer BioNTech” kimi firmalarla danışıqlar
aparılıb. Onu da qeyd etmək istəyirəm
ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli
istifadə imkanını təmin etmək üzrə
Ümumdünya Səhiyyə Təşkilatının
iştirakı ilə beynəlxalq "COVAX” təşəbbüsünə
ilk qoşulanlardan biri olub.
Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının
sədri olan ölkə kimi bu mövzunu daim diqqət mərkəzində
saxlayırdı. Biz həmişə bütün beynəlxalq
forumlarda deyirdik ki, kifayət qədər maliyyə
resurslarına malik olmayan ölkələrin də vaksinlərdən
istifadə etmək imkanı inkişaf etmiş ölkələr
kimi olsun, bu məsələdə ayrı-seçkilik
olmasın. Biz də vaksinləmə
strategiyasını hazırlamışıq, bu strategiya
çoxplatformalılığı nəzərdə tutur.
Hansı texnologiyalardan istifadə ediləcəyindən
asılı olmayaraq, bizim üçün əsas meyar həmin
vaksinlərin elmi cəhətdən əsaslandırılmış
təhlükəsizliyi olacaq. Nəzərdə
tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində
başlanacaq, vaksinləmə könüllü olacaq və
dövlət hesabına həyata keçiriləcək.
Azərbaycan pandemiyaya qarşı mübarizədə
geniş beynəlxalq əməkdaşlığın fəal
tərəfdarı kimi çıxış edib və edir.
Bizim təşəbbüsümüzlə bir
neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının pandemiyaya qarşı mübarizəyə
həsr edilmiş Zirvə görüşünü göstərmək
olar. Azərbaycan Şuranın sədridir.
May ayında bizim təşəbbüsümüzlə
Qoşulmama Hərəkatının yenə həmin
mövzuya həsr edilmiş Zirvə görüşü
keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının
sədridir. Mən Qoşulmama Hərəkatının
sədri kimi bu mövzunun müzakirə edilməsi
üçün hökumət və dövlət
başçıları səviyyəsində BMT-nin Baş
Assambleyasının xüsusi sessiyalarının
çağırılması təşəbbüsünü
irəli sürdüm. Bu təklif 150-dən
çox dövlət tərəfindən dəstəkləndi.
Beləliklə, dekabrın 3-də və 4-də
Azərbaycanın təşəbbüsü ilə 70-dən
çox dövlət və hökumət
başçısının iştirakı ilə BMT Baş
Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi.
Biz bir sıra ölkələrə və beynəlxalq
təşkilatlara maliyyə yardımı və humanitar
yardım göstərilməsi proqramında da fəal
iştirak etmişik. Biz Ümumdünya Səhiyyə
Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində
könüllü ianə etmişik. Pandemiyanın
birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə
olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə
yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə
BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına
başçılıq etməklə Azərbaycan pandemiyaya
qarşı qlobal miqyasda mübarizə işinə
sanballı töhfə verir.
Haqqında söhbət açmaq istədiyim ikinci
mövzu Azərbaycan ilə Ermənistan arasında müharibə
məsələsidir. Bu müharibə dünya kütləvi
informasiya vasitələrində kifayət qədər
geniş işıqlandırılıb, lakin təəssüf
ki, heç də həmişə obyektiv
işıqlandırılmayıb. Münaqişənin
təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə
gəldikdə təəssüf ki, biz çox vaxt təhrif
edilmiş, mötəbər olmayan və ya qərəzli
informasiya ilə üzləşirdik. Buna
baxmayaraq, bizim səylərimiz, o cümlədən vəziyyətin
informasiya təminatı ilə bağlı səylərimiz
sayəsində Azərbaycana münasibətdə illər boyu
yaranmış müəyyən neqativ fonu aradan
qaldırmağa və həqiqəti dünya birliyinə
çatdırmağa nail olduq.
Baş verənlər barədə həmkarlarımı
qısaca məlumatlandırmaq istərdim. Müharibənin
nəticələri məlumdur. Azərbaycan
uzun illər ərzində ölkəmizin xeyli ərazisini,
beynəlxalq miqyasda tanınmış ərazilərini
işğal altında saxlayan işğalçı ölkə
üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə
nəticəsində Ermənistan silahlı qüvvələrinin
potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən
müharibəsi, azadlıq müharibəsi, Ermənistan
üçün isə işğalçılıq,
istilaçılıq müharibəsi idi. 1990-cı illərin
əvvəlində Ermənistan Azərbaycanda yaranmış
xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən
istifadə edərək təcavüz aktı törətdi, nəticədə
Azərbaycanın beynəlxalq aləmdə tanınmış
ərazisinin təqribən 20 faizi, o cümlədən
Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi
rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm
də Dağlıq Qarabağın hüdudlarından kənarda,
həmçinin Ermənistanda azərbaycanlı əhaliyə
qarşı etnik təmizləmə aparıldı. Nəticədə
1993-cü ildə Azərbaycan əhalinin sayına görə
ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın
o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün
vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri
tamamilə dağıdılmış, orada azərbaycanlı
əhaliyə qarşı etnik təmizləmə
aparılmışdı.
Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama,
Füzuliyə, Cəbrayıla və vaxtilə işğal
edilmiş digər ərazilərə səfər edərkən
orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm
törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər,
kəndlər, xalqımızın tarixi, dini abidələri
dağıdılıb. Biz bu işğala
özümüz silah gücünə,
oğullarımızın rəşadəti və igidliyi sayəsində
son qoyduq və əslində, BMT Təhlükəsizlik
Şurasının 27 il bundan əvvəl qəbul edilmiş,
erməni işğalçı qüvvələrinin
işğal edilmiş ərazilərdən
çıxarılmasını tələb edən qətnamələrini
həyata keçirdik. ATƏT-in Minsk qrupunun
yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz
qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş
bütün cəhdlər Ermənistan rəhbərliyinin
danışıqlar trekində imitasiya xarakterli hərəkətləri
ilə maskalanırdı. Əslində, təkcə
bizi deyil, həm də beynəlxalq vasitəçiləri
aldadırdılar. Üzə
çıxmış yeni informasiya, xüsusən
işğal edilmiş ərazilərdə aparılmış
mühəndis-istehkam işləri nəzərə
alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin
bircə qarışını belə qaytarmağa
hazırlaşmırdı. Beləliklə, bütün
bu 28 il ərzində Ermənistan rəhbərliyi
onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq
birliyi çaşdırırdı.
Məlum olduğu kimi, 2019-cu ilə qədər
danışıqlar prosesi imitasiya şəklində olsa da
davam etdiyi halda, 2019-cu ildən başlayaraq bu proses, əslində,
dayanmışdı. ATƏT-in Minsk qrupunun nümayəndələri
ilə mənim çoxsaylı görüşlərim, əslində
onu göstərdi ki, vasitəçilərin bu prosesi irəlilətmək
barədə xüsusi yeni ideyaları yoxdur. Çünki Ermənistan rəhbərliyi
danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə
hər şeyi olduğu kimi – status-kvonu saxlamaq
üçün əllərindən gələni edirdilər,
xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin
qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul
olurdular. Bu, Cenevrə konvensiyalarına
görə hərbi cinayətdir. Beləliklə,
Ermənistan rəhbərliyi 2019-cu ildən etibarən yeni
taktikaya əl atmağa başladı. Əslində,
bu, danışıqlar prosesini pozmağa yönəlmiş
imitasiyasından imtina demək idi. Mənim bu sözlərimin
təsdiqini həm Ermənistanın ali hərbi-siyasi
rəhbərliyinin rəsmi bəyanatlarında, həm də
onların təxribatçı hərəkətlərində
tapmaq olar. Yalnız bir neçə misal gətirəcəyəm.
Zənnimcə, bu misallar mənim sözlərimin
təsdiqi baxımından hamınız üçün
çox əyani olacaq. Beləliklə, Ermənistanın
müdafiə naziri, artıq keçmiş nazir, Amerika Birləşmiş
Ştatlarında səfərdə olarkən açıq bəyan
etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni
müharibəyə hazırlaşır. Əslində,
Ermənistanın ali hərbi rəhbərinin
bu bəyanatı Ermənistanın təcavüzkar siyasətinin
mahiyyətini tamamilə açıqlayır. Görünür,
milyonlarla azərbaycanlıya əzab-əziyyət vermələri
onlar üçün kifayət deyilmiş, onlara hələ
yeni ərazilər də lazım imiş. Bu,
istər beynəlxalq hüquq baxımından, istərsə də
bəşəri əxlaq baxımından yolverilməzdir.
Özü də bu bəyanat məhz ABŞ-da
verilmişdi. Bu, yeganə bəyanat olub,
daha belə bəyanat olmayıb, amma hər halda, bu bəyanat
olub.
Ermənistanın baş nazirinə gəldikdə isə,
o, 2019-cu ildə işğal edilmiş ərazilərdə
olarkən açıq demişdi ki, "Qarabağ Ermənistandır
və nöqtə”. Təbii ki, danışıqlar prosesinin
pozulmasına yönəlmiş bu təxribatçı tezis
cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim
ki, "Qarabağ Azərbaycandır və nida işarəsi”.
Nəticədə kimin haqlı olduğunu tarix
göstərdi. Özlüyündə Azərbaycana
qarşı, təkcə ona qarşı yox ATƏT-in Minsk
qrupuna qarşı bu nümayişkaranə təhdid,
onların fəaliyyətinə hörmətsizlik onu göstərir
ki, Ermənistan danışıqlar prosesini bilərəkdən
və nümayişkaranə şəkildə pozurdu və əslində,
pozmuşdu. Ona görə ki, bu məntiqi əsas
götürsək onun dediyi kimi əgər "Qarabağ Ermənistandır”sa,
onda danışıqlar aparmağa mövzu yoxdur. Ona görə ki, masa üzərində Minsk qrupunun
həmsədrləri tərəfindən işlənib
hazırlanmış, Ermənistanın əvvəlki rəhbərliyi
tərəfindən danışıqlar üçün əsas
kimi qəbul edilmiş Madrid prinsipləri vardı. Həmin prinsiplərdə açıq-aydın
göstərilmişdi ki, işğal edilmiş bütün ərazilər
Azərbaycana qaytarılmalıdır. Buna
görə də həmin bəyanatlar və bir sıra
başqa bəyanatlar, - mən sadəcə olaraq, həmkarlarımın
vaxtını çox almaq istəmirəm, - onu göstərirdi
ki, Ermənistan danışıqları qəsdən pozur.
Daha sonra, bizə məlum idi ki, Ermənistan rəhbərliyi
uzun illər boyu işğal edilmiş ərazilərdə
qanunsuz məskunlaşma həyata keçirməyə
çalışıb. Bu, hərbi cinayətdir, lakin insan və
maliyyə resursları olmadığına görə onlar bu
niyyətlərini tam həcmdə həyata keçirə
bilmirdilər.
Ermənistanın
indiki rəhbərliyinə gəldikdə isə onlar
bütün istiqamətlər üzrə öz siyasətinin
həyata keçirilməsində daha çox Qərbdəki
erməni diasporunun köməyinə ümid edərək
işğal olunmuş ərazilərin, ilk növbədə,
Azərbaycanın qədim Şuşa
şəhərinin zorla məskunlaşdırılması
planını hazırlamışdılar. Bu,
açıq-aşkar, nümayişkaranə şəkildə
həyata keçirilir, televiziyada göstərilirdi. Azərbaycan xalqının səbir kasasını
daşdıran başqa hərəkətlərdən biri
qondarma "Dağlıq Qarabağ respublikası”nın
parlamentinin Xankəndidən Şuşaya
köçürülməsi barədə qərarı idi.
Buna azərbaycanlıların heysiyyətinin təhqir
edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın
qədim Şuşa şəhəri
işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq
Qarabağdakı cinayətkar rejimin başçısının
qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə,
Ermənistan rəhbərliyinin hərəkətləri və
addımları vəziyyəti kəskinləşdirməyə,
Azərbaycan tərəfini cavab tədbirləri görməyə
təhrik etməyə və danışıqlar prosesini
pozmağa yönəlmişdi ki, sonradan desinlər,
görürsünüzmü, yenidən hərbi toqquşmalar
baş verir, buna görə yenə hər şeyi uzatmaq
lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin
belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa
çalışırdılar, əgər Azərbaycan, necə
deyərlər, münaqişənin nizamlanmasına dair öz
mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni
tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni
tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın
bu müharibədə Zəfərinə həsr edilmiş hərbi
paradda hərbi qənimətlər kimi göründü.
Mən Azərbaycan xalqına müraciətlərimdən
birində müharibə nəticəsində Azərbaycan
Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə
ətraflı danışmışam, odur ki, bu informasiya əlçatandır. Kimlərə
maraqlıdırsa bu informasiyanı açıq mənbələrdən
əldə edə bilərlər. Hərbi xarakterli
provokasiyaya gəldikdə, bu il ərzində,
ilk növbədə, iyul ayında Dağlıq Qarabağda
münaqişə zonasında deyil, dövlət sərhədində
törədilmiş təxribatdır. O vaxt Ermənistan
qoşunları Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə
hücum etmişdilər. Bu, tamamilə əsassız
təxribat idi. Ermənistan rəhbərliyinin
yeni ərazilər ələ keçirilməsinə dair
qondarma hərbi konsepsiyası çərçivəsində
bizim postları və yeni əraziləri tutmaq cəhdi idi.
Biz dinc əhali və hərbi qulluqçular
arasında itkiyə məruz qaldıq. Biz
Ermənistan qoşunlarının layiqli cavabını verdik,
onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması,
sadəcə, gülünc idi. Bəlkə
çoxları unudub, sadəcə, xatırladıram ki, guya
Azərbaycanın üç hərbi qulluqçusu "UAZ”
avtomobilində ermənilərin postlarına hücum edib.
Ümumiyyətlə, hərbi quruculuqla
bağlı məsələlərdən uzaq olan insanlara da
aydındır ki, müharibəni bu şəkildə -
"UAZ” avtomobilində başlamırlar. Təəssüf
ki, həmin adamlar erməni təcavüzünün qurbanı
oldular. Deməliyəm ki, hərbi
toqquşma bir neçə gün davam etdi və mən o vaxt
bəyan etmişdim ki, bizim Ermənistan dövlətinin ərazisinə
girmək barədə heç bir planımız olmayıb və
yoxdur. Əgər belə planlar olsaydı,
onda Tovuz istiqamətində bunu etmək çox asan idi,
çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib
dayandıq.
Sonra növbəti təxribat oldu. Çoxsaylı
erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu
qoşunların təmas xətti zonasında Goranboy rayonuna
girməyə cəhd etdi. Qrupun
başçısı saxlanıldı, onun verdiyi ifadələr
göstərir ki, bu, Azərbaycan ərazilərinin dərinliyində
terror aktı törədilməsinə yönəlmiş və
qəsdən təşkil olunmuş təxribat idi. Nəhayət, sentyabrın 27-də Ermənistan
silahlı qüvvələri ağır artilleriyadan istifadə
etməklə Tərtər, Ağdam, Füzuli
rayonlarının yaşayış məntəqələrinə
hücum etdilər. Elə ilk saatlarda bizim
dinc əhali və hərbi qulluqçular arasında qurbanlar
oldu. Münaqişənin 44 günü ərzində Azərbaycanın
94 nəfər dinc vətəndaşı, o cümlədən
11 uşaq öldürüldü, 400-dən çox dinc sakin
yaralandı, 5 mindən çox ev tamamilə
dağıdıldı və ya ciddi zədə aldı. Erməni
silahlı qüvvələri münaqişə zonasından
uzaqda yerləşən şəhərlərə, o cümlədən
Gəncə şəhərinə hücum etdilər, Qəbələ,
Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən
Siyəzən, Xızı şəhərlərinə
ballistik raket zərbələri böyük tələfata səbəb
oldu. Başqa sözlə desək, dinc əhalini
məhv etməyə və beləliklə, günahsız
insanları öldürməklə təşviş
yaratmağa yönəlmiş hərəkətlər və
ermənilərin döyüş meydanında məruz qaldığı
itkiləri bir növ kompensasiya etmək cəhdləri göstərilirdi.
Sentyabrın 27-də, ermənilərin xaincəsinə
hücumundan sonra mən Ali Baş Komandan kimi "İrəli!”
əmrini verdim. Biz öz xalqımızı, öz
ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44
gündən sonra düşmən kapitulyasiya etdi. Bu
müddət ərzində biz 300-dən artıq
yaşayış məntəqəsini, strateji yüksəklikləri,
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini,
şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini,
Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini,
həmçinin Laçın, Kəlbəcər
rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də
isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan
xalqının qəlbi hesab edilən Azərbaycanın qədim
Şuşa şəhəri erməni
işğalından azad olundu. Bununla da, əslində, hərbi
əməliyyatlara son qoyuldu, çünki Şuşa
şəhərinin alınmasından və azad edilməsindən
sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə
mənasız idi və hərbi əməliyyatların davam
etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi.
Çünki erməni ordusu darmadağın
edilmiş və mənəvi cəhətdən
sarsıdılmışdı, onun bir hissəsi mühasirədə
idi.
Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir
Vladimiroviç Putinin fəal iştirakı ilə Rusiya
Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş
nazirinin üçtərəfli bəyanatının mətni
razılaşdırıldı. Noyabrın 9-dan 10-na keçən
gecə imzalanmış həmin bəyanatın mətni dərc
edilib və əminəm ki, həmkarlarım bu mətnlə tanış olublar. Orada çox
mühüm bəndlər var. O cümlədən dekabrın
1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının
bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu.
Razılaşmanın bəndləri yerinə
yetirilib. Onu da deməliyəm ki, fəal hərbi
əməliyyatlar dövründə mən Vladimir
Vladimiroviç Putinlə, həmçinin Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmişə əlaqə
saxlayırdım. Düşünürəm
ki, bu gün siyasi nizamlamaya çıxmağımızda
Rusiya Prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə
idi, xüsusən noyabrın 9-da atəşin
dayandırılması üçün çox səmərəli
və fəal işləyirdi.
Münaqişə başlanandan bəri xarici jurnalistlərə
çoxsaylı müsahibələrimdə və xalqa
müraciətlərimdə deyirdim ki, Ermənistan tərəfi
bizim ərazilərdən çıxacağı tarixi deyən
kimi, istənilən anda biz dayanmağa hazırıq və
bunu açıq deyirdim. Belə də oldu. Bəyanatda
üç rayonun bizə qaytarılacağı tarix qrafik
üzrə göstərilən kimi hərbi əməliyyatlar
dayandırıldı. Buna görə
fürsətdən istifadə edib Vladimir Vladimiroviç Putinə
bu məsələyə göstərdiyi diqqətə və
münaqişənin, o cümlədən siyasi metodlarla həll
edilməsində fəal iştirakına görə bir daha təşəkkür
etmək istərdim. Sentyabrın 27-dən
noyabrın 10-na qədər olan dövrü götürsək,
deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla
həll edildi. Dünən Vladimir
Vladimiroviç kütləvi informasiya vasitələrinə
müsahibəsində növbəti dəfə göstərdi
ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox
mühüm bəyanatdır. Özü də
o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə
yenidən baxmağa çalışan revanşçı
qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var
və bu, həmin bəyanatın yerinə yetirilməsinə
mane olmağa çalışanların hamısı
üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə
dövründə də görmüşük, bəyanat
imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm.
Biz müəyyən xarici dairələrin cəhdlərini
görmüşük. Onlar bu məsələdən
bir növ kənarda qaldıqlarına görə narazı
idilər. Onlar narazıdırlar ki, atəşin
dayandırılmasında aparıcı rolu Rusiya oynayıb.
Hər vasitə ilə
çalışırdılar və təəssüf ki,
indiyə qədər çalışırlar ki, Ermənistan
cəmiyyətində müəyyən iğtişaşlar
törətmək və əslində, bu bəyanatı pozmaq
üçün müəyyən qarışıqlıq
yaratsınlar. Xüsusən Ermənistanda
vəziyyətlə bağlı müxtəlif vasitələrdən,
Ermənistanda yaradılmış müxtəlif
infrastrukturlardan, o cümlədən Soros infrastrukturundan istifadə
etsinlər. Bunun, ilk növbədə, Ermənistan tərəfi
üçün nə qədər məhvedici ola
biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin
birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan
bəyanatın şərtlərini yerinə yetirməsə nə
olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir. Buna görə mən Vladimir Vladimiroviçə
münaqişənin həllində bu cür fəal
iştirakına və böyük töhfəsinə görə
bir daha təşəkkür etmək istərdim. Mən Vladimir Vladimiroviç Putinlə tam razıyam
ki, Dağlıq Qarabağ münaqişəsindən söhbət
düşəndə biz yalnız onu deməliyik ki, bu
münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir. Hesab edirəm
ki, regionun gələcəyi çox cəhətdən Ermənistan
rəhbərliyinin vəziyyəti nə dərəcədə
düzgün qiymətləndirə bilməsindən,
sülhün uzunmüddətli və davamlı olması
üçün düzgün addımlar atmasından
asılı olacaq.
Mən Rusiya Federasiyasının sülhməramlı
missiyası barədə də danışmaq istərdim. Bu da bəyanatın
bir hissəsidir. Missiya çox uğurla həyata
keçirilir. Azərbaycan
Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir.
Bəyanatın imzalanmasından ötən ay yarıma
yaxın vaxt ərzində atəşkəsin pozulması ilə
bağlı bir insident olub və bizdə olan məlumata
görə bu, Ermənistanın hakimiyyət
orqanlarının nəzarəti altında olmayan qondarma
könüllülər, əslində isə Azərbaycan
Ordusunun mövqelərinin arxasında gizlənmiş
yaraqlılardan ibarət qruplar tərəfindən təşkil
edilib. İnsident bircə gün ərzində
aradan qaldırılıb, atəşkəs rejimi
saxlanılır və düşünürəm ki, bu rejim
günbəgün daha da möhkəmlənəcək.
Onu da qeyd etmək istərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə
Monitorinq Mərkəzinin yaradılması üzrə iş
gedir. Monitorinq Mərkəzinin yaradılması
barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin
monitorinqini həyata keçirəcək.
Reqlamentdən bir qədər kənara
çıxdığıma görə həmkarlarımdan
üzr istəyirəm. Lakin bu çox mühüm mövzudur ki,
mən daha bir neçə söz deməli idim. Orada hazırda nələr baş verməsinə gəldikdə
isə, Ağdam şəhəri yoxdur, o,
dağıdılıb. Ağdam şəhərində
qismən dağıdılmış bir məscid qalıb.
Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə
üçün dağıtmayıblar, bizə dedilər ki,
bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək
üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə
hücuma keçərsə, artilleriyaya hücumun dəqiq
oriyentirlərini verə bilsinlər. Keçmiş
Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə
olmuş xarici jurnalistlər onu Qafqazın "Xirosima”sı
adlandırırlar. Mən hesab edirəm
ki, bu, Xirosimadan da pisdir. Ona görə ki,
Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi
keçməmişdi. Bizə gəldikdə
isə Ağdam şəhəri işğal ediləndən
sonra dağıdılıb. Füzuli
şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü
şəkildə dağıdılıb. Biz
Ağdamı azad edəndə mən şəhərdəki
evlərin birinin üzərində Azərbaycan bayrağı
qaldırılmasını əmr edəndə dedilər ki,
belə bina yoxdur, minlərlə, on minlərlə insanın
yaşadığı böyük şəhərdə bircə
bina da qalmayıb. Hamısı yerlə-yeksan
edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün
kəndlər də yerlə-yeksan edilib. Bu,
elə bir vəziyyətdir ki, dünya bəlkə də son
yüzilliklərdə belə vəziyyət görməyib.
Eyni sözlər Cəbrayıl şəhərinə
də aiddir. O da artıq yoxdur. Qeyri-qanuni məskunlaşma
aparılan şəhərlərdə, xüsusən Kəlbəcər
rayonunda, Kəlbəcər şəhərində bəzi
binalar qalıb. Lakin ermənilərin oradan
çıxmalı olduğu 20 günlük və ya 15
günlük müddətdə - noyabrın 10-dan dekabrın
1-dək ermənilər həmin binaları yandırıb və
dağıdıblar. Onlar hətta özlərinin
tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə
köçmüşdülər. Onlar hər
şeyi yandırır, daşıyıb aparırdılar.
Ağacları qırırdılar, hətta
satmaq üçün apara bilmədikləri ağacları da
kəsir, yolda atıb gedirdilər. Meşələri
yandırırdılar. Ona görə də
bu vandalizm, təəssüf ki, indiyə qədər davam
edirdi.
İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik. İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik.
Reqlamenti pozduğuma görə bir daha üzr istəyirəm və diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: Səmimi sözlərinizə və bizim sədrliyimizə verdiyiniz yüksək qiymətə görə sağ olun, İlham Heydər oğlu.
Həqiqətən, Sizin indicə qeyd etdiyiniz kimi, pandemiya ölkələrimiz üçün ciddi sınaq oldu. Bu sahədə sıx əməkdaşlıq etməyin zəruri olması barədə Sizinlə razıyam. Əlbəttə, Siz dinc əməkdaşlıq və gələcək qarşılıqlı fəaliyyət məsələləri barədə çox ətraflı danışdınız. Əlbəttə, biz də hər şeyi müşahidə edirik, hər şeyi görürük və Sizin sözlərinizin çoxu təsdiqlənir, ona görə ki, biz özümüz də bunların şahidləri olmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bütün səyləri bundan sonra da dəstəkləməyə hazırıq.
XXX
Sonra təşkilata üzv ölkələrin dövlət başçıları çıxış etdilər, qarşılıqlı əməkdaşlıq, gələcək planlar, ümumi çağırışlara qarşı birgə mübarizə barədə fikirlərini bildirdilər.
İclasın sonunda 2021-ci ildə MDB-yə sədrlik
Belarusa keçdi. Diqqətə çatdırıldı ki,
Müstəqil Dövlətlər Birliyinin Dövlət
Başçıları Şurasının növbəti
iclası 2021-ci ilin oktyabrında Minskdə keçiriləcək.
Azərbaycan.-2020.- 19 dekabr.- S.1-2.