Koronavirusdan
qorunmağın yollarından biri də immuniteti möhkəmləndirməkdir
Ötən
ilin bu vaxtlarından Çinin Uhan şəhərindən
yayılmağa başlayan və Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən pandemiya elan edilən
yeni növ koronavirus hələ də tüğyan edir.
Bu infeksiya Yer üzündə görünməmiş sürətlə yayılaraq 75 milyondan çox insanı yoluxdurub. Yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür, digər yerləri isə Avropa, cənub-şərqi Asiya bölüşür.
Peyvəndin tapılması xəstəliklə mübarizənin başa çatması deyil
ÜST bəşəriyyət üçün ağır olan 2020-ci ili yola salarkən infeksiya dalğasının növbəti ili də əhatə etməməsi üçün tədbirlər görülməsi barədə xəbərdarlıq edib. Qurum hökumətlərə insanların toplanmasını nəzərdə tutan hər hansı bir tədbirin keçirilməsinə qərar verərkən bütün riskləri diqqətlə qiymətləndirmələrini tövsiyə edib.
Mütəxəssislərin fikrinə görə, yeni növ koronavirusa qarşı peyvəndin tapılması hələ xəstəliklə mübarizənin sona çatması deyil. Türkiyənin tanınmış elm adamı, koronavirusa qarşı peyvəndin hazırlanmasında yaxından iştirak edən Özlem Türeci bildirib ki, hədəf insanların 60-70 faizində xəstəliyə qarşı immunitetin yarandığını görməkdir ki, bu da ən az altı ay vaxt tələb edən prosesdir. Peyvəndin xərçəng və bu kimi bir sıra xəstəlikləri olanlar və uşaqlar üçün nə qədər etibarlı olduğunu öyrənmək üçün də vaxt lazımdır. Bu istiqamətdə klinik işlər davam etdiriləcək.
Testlərin sayı 2 milyonu ötüb
Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxma hallarında əvvəlki aylarla müqayisədə kəskin artım müşahidə olunmaqdadır. Gündəlik yoluxma sayı 4 mindən çoxdur. Buna görə də ölkəmizdə son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq virusun yayılmasının qarşısının alınması məqsədilə respublikamızın ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması məqsədilə dekabrın 14-dən gələn il yanvarın 18-dək sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinə başlanılıb.
Tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardımın göstərilməsi planlaşdırılıb. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi də nəzərdə tutulub.
Mütəxəssislərin də bildirdiyi kimi, yoluxmanın nəzarət olunan həddə saxlanmasında xəstəliyin erkən aşkarlanmasının xüsusi əhəmiyyəti var. Buna görə də ölkəmizdə COVID-19-un aşkarlanması ilə bağlı aparılan testlərin sayı daim artırılır. Artıq Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 2 milyonu ötüb.
Cərimələr artırılır
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə cərimələr artırılır. Milli Məclisin ötən gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə bununla bağlı müvafiq dəyişiklik edilib və qeyd olunub ki, son aylarda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulması nəticəsində yaşanan yüksək yoluxma halları müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsində nəzərdə tutulan cərimələrin yetərli olmaması, inzibati xətanın təsirinin artırılması, maddədə nəzərdə tutulan məhdudiyyətlərə daha ciddi yanaşılması, sahibkarlar tərəfindən ciddi nəzarət tədbirlərinin görülməsi və koronavirusun yayılmasının qarşısının alınması tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə bu dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə edilir.
Digər dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.
Vaksinə qədər heç bir dərman preparatı infeksiyadan qorunmağa təminat verə bilməz
Mütəxəssislər bildirirlər ki, vaksinəqədərki olan dövrdə ən vacib şərt karantin qaydalarına ciddi riayət olunmasıdır. Vaksinə qədər heç bir dərman preparatı infeksiyadan qorunmağa təminat verə bilməz. Maskadan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara, xüsusən əllərin gigiyenasına əməl etmək lazımdır. "Ağız və burunun selikli qişası vasitəsilə də yoluxmaq mümkündür, əlcəkdən istifadə edilməsi bəzən çaşdırıcı ola bilər, çünki əlcəyə toxunandan sonra əllər gözə, buruna dəyə bilər. Ona görə də ən yaxşısı əllərin isti su ilə tez-tez yuyulması, antiseptik gel və vasitələrlə dezinfeksiya edilməsidir”, - deyə həkim-terapevt Günel Fətəliyeva bildirib.
Yalnız COVID-19-a deyil, bütün infeksiyalara qarşı immuniteti möhkəmləndirmək lazımdır. Bunun üçün, ilk növbədə, sağlam həyat tərzi sürmək lazımdır. Buna sağlam qidalanma, fiziki aktivlik, gün ərzində 30-40 dəqiqə sürətli yeriş, hər gün çoxlu su və maye qəbul etmək, düzgün yuxu rejimi aiddir. Gün ərzində çəkidən asılı olaraq, təxminən 2 litr su içilməlidir, onun azlığı orqanizmin demək olar ki, bütün sistemlərinə zərərli təsir göstərir. Xəstəliyin ilk əlamətləri özünü göstərməyə başlayanda su qəbulunu daha çox artırmaq lazımdır, çünki təmiz su toksinlərin bədəndən xaric olmasına kömək edir”.
Göründüyü kimi, COVID-19 virusu nə qədər təhlükəli olsa da, ondan qorunmaq yolları çox asandır. Sadəcə mütəxəssislərin tövsiyələrinə, qoyulan qaydalara əməl etməklə koronavirusun yoluxma zəncirini qıra bilərik.
TƏBİB-in koronavirus infeksiyası ilə bağlı əhaliyə müraciətində də deyildiyi kimi, bu virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla, bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib iş olmadığı halda evdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstək olar. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 19 dekabr.- S.1;15.