Səngərdə məğlub
edilən Ermənistan informasiya məkanında
savaşdadır
İşğalçı Ermənistan məğlub edilsə də, erməni faşizmi yenə dişlərini sıxaraq yaşamaqdadır. Artıq dünyanın bütün mütərəqqi güclərinin, demokratik təsisatlarının yaralanmış nasist erməni ideologiyasının tam iflası üçün birləşməsi vacibdir. Bu, hamıdan çox faşizmin girdablarına yıxılan zavallı erməni xalqına aiddir.
Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının başlıca səbəbi döyüşən iki tərəfdən kimin işğalçı olmasının və kimin isə təcavüzə məruz qalmasının böyük güclər tərəfindən birmənalı və qəti şəkildə tanınmaması idi. Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi və neçə-neçə beynəlxalq qurumların qəbul etdikləri qətnamələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi aydın göstərilmişdi. Minsk üçlüyü bu 30 ildə tərəfləri qarşılıqlı kompromislərə sürükləməklə problemin hərbi həllinin mümkünsüz olduğunu bəyan etdikcə, bu "dəstək”dən ruhlanan "əzabkeş” ermənilər Qafqazın ağası və hamıdan üstün ali irq olduqlarına inanırdılar. Darmadağın edilən işğalçı Ermənistan nələrin baş verdiyini, nədən böyük güclərin onların arxasında dayanmadıqlarını anlamaqda yenə də acizlik çəkir. Erməni faşistləri elə harınlamışdılar ki, bir həmləyə Bakıya çatacaqlarına, Bakı bulvarında da Şuşadakı kimi göbək atıb "Yallı” gedəcəklərinə arxayın idilər. Amma yanılırdılar. İndi Yerevanda bir-birini qırmağa hazırlaşırlar. Faktiki olaraq Ermənistan bir dövlət kimi fəaliyyət göstərməkdə acizlik çəkir.
Azərbaycanın 30 ildən sonra daşan səbir kasası qəzəbli yumruğa çevrilib işğalçıların başına çırpılanda onların "qədimliyi, əzabkeşliyi, yenilməz qüdrəti” sabun köpüyü kimi partladı. İndi erməni nasistlərini dəstəkləyən, onlara həyan durmağa çalışan bəzi qüvvələr beynəlxalq hüquq normaları qarşısında acizdirlər. Amma buna baxmayaraq, yeni hiylələrə əl atır, necə olursa-olsun erməni faşistlərinə dəstək verməyə çalışırlar.
30 il ərzində törətdikləri vəhşiliklərdən zövq alan, yandırdıqları, viran qoyduqları şəhər və kəndlərlə, qətlə yetirdikləri dinc sakinlərlə öyünərək uzun müddət cəzasız qalan faşist dığaları özlərini at belindəki "yenilməz cəngavərlər” kimi apardılar, hamıya yuxarıdan baxırdılar. Onlar elə bilirdilər ki, əvvəllər olduğu kimi, yenə də nəyi işğal edib qamarlayıblarsa, artıq dədələrinin halal malıdır. Əlbəttə, bu müzakirə mövzusu deyil, məğlub edilən tərəf reallıqla barışmalı, ona edilən təklifləri qəbul etməlidir.
Ağlına gəlməyən başına gələndə diksinib məğlubiyyətin faciəsi ilə üzləşən işğalçı Ermənistan anladı ki, demə, problemin hərbi həlli də mümkün imiş və bütün beynəlxalq hüquqi normalar, aktlar və qanunlar Azərbaycan dövlətinin tərəfində imiş.
Biz ərazilərimizi düşmən tapdağından azad etməkdən başqa, həm də erməni faşizminin iç üzünü, əsl mahiyyətini ifşa etdik. Erməni vandallarının viran qoyduğu şəhər və kəndlərimizdən, donuz saxladıqları məscidlərimizdən, dağıtdıqları qəbiristanlıqlarımızdan, müharibə zonasından uzaqdakı yaşayış məntəqələrimizə atılan minlərlə raketin, ballastik bombaların qətlə yetirdiyi dinc sakinlərdən bəhs edən reportaj və görüntülər erməni faşizminin nə qədər amansız və qaniçən olduğunu bütün dünyaya göstərdi.
Amma yenə də planetdə müəyyən qüvvələr erməni faşistlərinə haqq qazandırır, onlara himayədarlıq edirlər. Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün faciəsinə biganə qalanlar indi Dağlıq Qarabağdan müvəqqəti Ermənistana köçən 50-60 min erməniyə ağı deyir, onların törətdikləri vəhşilikləri qulaqardına vurub Qarabağda erməni abidələrinin qorunması məsələsini qaldırır, alban kilsəsində casusluq edən erməni keşişlərinə qəyyumluq edirlər.
Qarabağdan çıxan ermənilər isə 30 il əvvəl işğal etdikləri ərazilərimizdə soxulub yaşadıqları evlərimizi yandırıb, meşələrimizi qırıb, hətta ölülərini də dallarına sarıyıb aparıblar. Bilirsinizmi niyə? Ona görə ki, hər şeyi öz arşınları ilə ölçürlər. Elə bilirlər ki, azərbaycanlılar da onlar kimi qəbiristanlıqları dağıdacaq, abidələri viran qoyacaqlar.
Fransa onlara həyan durur, artıq olmayan qondarma rejimi tanımaq üçün dəridən- qabıqdan çıxır. Necə fikirləşirsiniz, Fransa üçün erməni maraqları eləmi vacibdir? Əlbəttə ki, yox! Hadisələrin gedişi göstərir ki, ermənilər onlara türklərə qarşı bir alət kimi lazımdır. Ermənilər özləri də etiraf edirlər ki, demə, onlar heç kimə lazım deyilmiş, hamı onlardan öz maraqları üçün istifadə edirmiş. Axır ki, bunu qandılar.
100 ildən artıqdır erməni millətçiləri Qafqazda böyük müharibələrin körüklənməsinə rəvac verirlər. Əgər böyük Ermənistan qurmaq istəyirdilərsə, niyə işğal etdikləri torpaqları Xirosimadan betər günə qoyurdular. Əgər böyük Ermənistan qurmaq istəyirdilərsə, 8 milyonluq erməni diasporu Ermənistana və işğal edilən ərazilərə niyə köçmədi? Ötən əsrin 80-ci illərində sayı 3,5 milyonu keçən Ermənistan əhalisi üç dəfə azalıb, hətta bəziləri deyirlər ki, bu ölkədə heç bir milyon da erməni qalmayıb! Böyük Ermənistan ideyası böyük əfsanə imiş. Deməli, daşnak ideologiyasına baş əyən erməni faşist rejiminin əsas məqsədi Qafqazda əbədi münaqişə ocağı yaratmaq, müharibələri körükləməkdir.
Ermənistan heç bir marağı və məqsədi olmayan oyuncaq dövlətdir, onun əsas vəzifəsi üç böyük dövlətdə yaşayan erməni diasporunun maraqlarını təmin etməkdir. Erməni diasporunun onlarca ölkədə təşkilatları var. Erməni mənbələrinə əsasən, 2015-ci ildə Rusiyada 3, ABŞ da 2 milyona yaxın, Fransada 700 min erməni yaşayıb. Bundan başqa, Gürcüstanda 240, İranda 200, Suriyada 190, Argentinada 128, Türkiyədə 70, Liviyada 130, Ukraynada 100 və Braziliyada 47 min erməni olub. Erməni mənbələrinə inansaq, təxminən 6 milyona yaxın erməni Amerikada, Fransada və Rusiyada yaşayır. Bu üç ölkədə ermənilərin əsas vəzifəsi türklərə qarşı cəbhə açmaq, Qafqazı qan çanağına çevirməkdir. Böyük Ermənistan ideyası erməni diasporunun erməni xalqını şirnikləndirmək üçün onun qabağına atdığı sümükdən başqa bir şey deyil. "Ayının min oyunu var, hamısı da bir armudun başındadır” deyib atalar. Erməni diasporunun "armud”u da Türkiyəni digər dövlətlərlə müharibəyə çəkməkdir.
Son hadisələr erməni diasporunun hansı gücə malik olduğunu aydın göstərir. Belə ki, onlar təsəvvür etdikləri qədər yenilməz deyillər. Rusiyadakı ermənilər bu ölkəni müharibəyə təhrik etmək üçün əldən-ayaqdan getdilər, amma bacarmadılar. Bu gün Rusiyada erməni diasporu əlləri çatan bütün KİV-də antitürk təbliğatı aparır, Azərbaycanı hədəfə götürürlər. Rusiya mətbuatında ağalıq edən ermənipərəst qüvvələrin də Kremlin Şərq siyasətinə təsirləri istədikləri faydanı vermədi. Lakin hələ ki, üç milyonluq erməni diasporu 150 milyonluq rus xalqını Qafqazda baş verənlərə erməni prizmasından baxmağa vadar edir. Faktiki olaraq çoxmillətli rus cəmiyyətində çoxları Qarabağ həqiqətlərindən bixəbərdir, erməni diasporunun təbliğat maşınının yalan və uydurmalarının təsiri altındadır. 44 günlük Vətən müharibəsi zamanı rus telekanallarında işğalçı Ermənistan özünü elə göstərirdi ki, guya öz torpaqlarını müdafiə edir. Rusiya ictimaiyyətinin bir hissəsi bəlkə də Qafqazda baş verən əsl həqiqətdən xəbərsiz qaldı. Lakin, eyni zamanda onun da şahidi olduq ki, Rusiyada erməni ideologiyasına qarşı çıxan, onları ifşa edən siyasilər əsl döyüşə atıldı. Bu baxımdan Azərbaycan Prezidentinin Rusiya KİV-inə verdiyi müsahibələr xüsusi əhəmiyyət kəsb edirdi.
Fransada da 700 minlik erməni diasporu 65 milyonluq fransız xalqına obyektiv məlumatlarla tanış olmağa imkan vermir. Qarabağdan həqiqətləri danışan fransız jurnalistlərinə qarşı səlib yürüşü elan edildi, hətta onları ölümlə hədələməkdən belə çəkinmədilər. İslamofobiya xofunun Fransada baş qaldırmasında, Türkiyə əleyhinə təbliğatın aparılmasında da erməni diasporunun rolu böyükdür. Onlar ABŞ-da da eyni minvalla hərəkət edirlər.
Lakin Azərbaycanın informasiya məkanındakı əks həmlələri, ən başlıcası isə Prezident İlham Əliyevin xarici jurnalistlərə verdiyi 30-a yaxın müsahibə erməniçiliyin ideologiyasına ağır zərbə vurdu. Dünya əsl reallıqlarla tanış oldu.
İndi erməni nasist təbliğatçıları etiraf edirlər ki, artıq Azərbaycanın həmlələri yetərincə güclüdür və əvvəlki illərdə olduğundan qat-qat artıqdır. Sonuncu müharibədə ermənilər anladı ki, hətta erməni diasporu belə, ifşa olunmuş erməni nasist ideologiyasını müdafiə etməkdə acizdir. Yüz il ayaq tutub yeriyən erməni yalanları axır ki, iflic olmaqdadır. Nasizm ideyaları bu gün əbədi düşmən axtarışında olan erməni liderlərini Yerevanda qarşı-qarşıya qoymuşdur. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir. Faşist ideologiyası ilə iliyinədək yoluxan erməni liderləri üçün kiminlə vuruşmaqları vacib deyil. Hakimiyyət uğrunda bir-birlərinin üstünə silahla yeriməkdən belə əl çəkməyəcəklər. Ermənistanda baş verən hadisələr yenə də erməni diasporunun təsiri altındadır.
Baş verənlər bir daha Azərbaycanı daha güclü olmağa, erməni ideologiyasına qarşı daha inamla mübarizə aparmağa çağırır. İndi erməni lobbiçiliyi ilə daha sərt mübarizə aparmaq, onları bir çox məsələlərdə qabaqlamaq lazımdır.
Erməni diasporunun və faşizm mərəzinə yoluxan Ermənistanın cılız maraqlarına görə dünya ictimaiyyətinə yalan məlumatları yaymaq nə dərəcədə ədalətlidir? Artıq planetar miqyasda diaspor fəaliyyətlərinin uydurmalarının və yalanlarının tirajlamasının qarşısının beynəlxalq hüququn gücü ilə alınması üçün yeni və mütərəqqi hüquq normalarının işlənib tətbiq edilməsi zərurətə çevrilir. Dünyada bununla bağlı ciddi addımlar atılmalı və bir sıra münaqişələrin həllini tapmamasında məhz yalan məlumatları yayan KİV ifşa edilməlidir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 19 dekabr.- S.1;14.