Milli həmrəyliyin təntənəsi

 

Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi

 

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 29 ildir ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.

Amma bu il Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki bu il torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.

 

 

Heydər Əliyev xalqımızı bir amal uğrunda birləşdirdi

 

 

Öncə onu qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən proseslər orta və yaşlı nəslin yaxşı xatirindədir. Cəmiyyətimizdə meydana çıxan qütbləşmə səbəbindən baş verən parçalanma, o cümlədən siyasi çəkişmələr və separatizmin baş qaldırması yenicə qovuşduğumuz müstəqilliyimiz üçün olduqca təhlükəli ssenarilər yaratmışdı. Milli maraq və mənafelər ətrafında səfərbərliyin, həmrəyliyin olmaması özünü ciddi problem kimi göstərərək hələ kövrək olan müstəqilliyimizin möhkəmləndirilməsində və yeni dövlət quruculuğunda ən böyük problemə çevrilmişdi. Elə bütün bunların nəticəsi idi ki, 1993-cü ilin ortalarına qədər Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, qarşıdurma kəskinləşmişdi. Hətta Ermənistanın işğalçılığına qarşı aparılan müharibədə ön xətt mövqelərimiz müdafiəsiz qalmış, xalqımız yenicə əldə olunmuş dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Məhz Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil təkidi ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlikiqtisadi tərəqqinin əsasının qoyulması ilə yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi. Bundan sonra  Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçüq milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə xalqımızın milli həmrəyliyinə nail olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirilir.

Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki,  1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.

Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.

 

 

 

Dünya azərbaycanlılarının lideri

 

 

 

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 17 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.

Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə tək Azərbaycan vətəndaşlarının deyil, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın dəstəyini alıb, onların alternativsiz lideri olub.

 

 

Milli birliyin ən gözəl nümunəsi

 

 

 

Başa çatan 2020-ci il Azərbaycan xalqı üçün olduqca əlamətdar dövr kimi tarixə qovuşur. Çünki bu il respublikamızın ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanı məğlub edərək xalqımıza intizarla gözlədiyi qələbənin sevincini bəxş etdi.

Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bununla bağlı deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, - deyə İlham Əliyevin təbrikində bildirib.

Bəli, Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 31 dekabr.- S.1;5.