Qarabağı dünyanın ən
gözəl guşələrindən birinə çevirəcəyik
Düşmən məğlub edildiyi gündən Yerevanda mitinqlərin arası kəsilmir, bütün siyasi qüvvələr Ermənistan ordusunun darmadağın edilməsinin səbəblərini araşdırır, hamı bir-birini ittiham edir.
Bu təsadüfi deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən ildırım sürəti ilə darmadağın edilmiş, ardınca isə azad olunmuş ərazilərin bərpasına başlanmışdır. Artıq yerli icra hakimiyyətləri, hüquq mühafizə orqanları da fəaliyyətə başlayır, təhlükəsizlik məsələləri həll edilir, ərazilər sürətlə minalardan təmizlənir.
İlk baxışdan nəzərə çarpan odur ki, azad edilmiş ərazilərdə dağıdılan infrastrukturun bərpası məqsədilə bütün istiqamətlərdə dərin araşdırmalar aparılır, yer üzündən silinmiş kəndlərin və şəhərlərin canlanması üçün ciddi addımlar atılır. Böyük investisiya qoyuluşları tələb edən nəhəng bərpa işləri mərhələli şəkildə, sektorlar üzrə sərmayələrin geniş spektrinin cəlb olunmasını zərurətə çevirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mütəxəssisləri belə hesab edirlər ki, müharibədən sonrakı bərpa prosesi qüsursuz işlənilmiş kompleks mexanizmlərin tətbiqini və ilk növbədə minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan tədbirləri əhatə etməlidir. Bura ərazilərin minalardan təmizlənməsi, elektrik enerjisinin təminatı, kritik yol xətlərinin bərpası, içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin işə salınması, yaşayış sahələrinin bərpası və s. aiddir. Sözügedən tədbirlər ardıcıllıqla yerinə yetirildikcə minimum yaşayış səviyyəsinin təminatı sosial-iqtisadi inkişafın daha sürətlə və geniş miqyasda inkişafına təkan verəcək, əhalinin adaptasiyası sürətlənəcək. Onu da qeyd edək ki, müvafiq dövlət qurumlarında bu məsələlər geniş müzakirə edilir, KİV-də anons tipli məlumatlar dərc olunur.
Bütün bu proseslər şəxsən dövlət başcısının nəzarətindədir. Prezident İlham Əliyevin təklifi ilə ilk olaraq bərpa işlərinə qardaş Türkiyənin və dost İtaliyanın cəlb edilməsi belə qənaətə gəlməyə imkan verir ki, işlərin ən yüksək səviyyədə aparılması nəzərdə tutulur. Məqsəd Qarabağı qısa müddət ərzində dünyanın ən gözəl güşələrindən birinə çevirməkdir.
İİTKM-nin təqdim etdiyi araşdırmada Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin inkişafına diqqət yetirilir, ərazilərin bərpasında iştirak etmək niyyətində olan maraqlı tərəflərin mandatlarına uyğun maliyyələrin qoyulması və cəlb edilməsi prioritet sayılır.
Mərkəzin təhlilçisi Ayhan Satıcı Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarının inkişaf potensialının yüksək olduğunu, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər, Füzuli rayonlarında arıçılıq və maldarlığın, Cəbrayıl və Kəlbəcər rayonlarında balıqçılığın inkişaf imkanlarını qeyd edir. Azad edilmiş ərazilərdə, həmçinin ipəkçiliyin, taxılçılığın inkişafı, emal sahələrinin yaradılması, ət-süd məhsullarının istehsalı üçün geniş imkanlar mövcuddur.
Bu sırada Kəlbəcər və Zəngilan rayonlarında qızıl, mis, gümüş, civə və xromit ehtiyatlarını, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqlarını, həmçinin Dağlıq Qarabağın füsunkar mənzərələrinin turizmin inkişafı üçün əvəzsiz olduğunu da mütləq qeyd etmək lazımdır. Üstəlik, yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarının yüksək enerji potensialını, “Xudafərin”, “Qız Qalası” su elektrik stansiyaları, “Tərtər” SES mütləq nəzərə alınmalıdır. Bunlardan əlavə, Kəlbəcər və Laçın rayonlarındakı külək enerjisi potensialını, geotermal enerji resurslarını da diqqətdən kənarda qoymaq olmaz.
Ayhan Satıcı beynəlxalq təcrübəyə istinadən yazır ki, risklərin hesablanması sənaye və enerji sahələrinə qoyulan birbaşa xarici investisiyalarda öhdəsindən gəlinən təhlükə kimi nəzərə alınır. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər post-konflikt dövründə sənaye və enerji sahələrinə investisiya yatırımlarına müsbət baxırlar. Diaspor investisiya qoyuluşu kifayət qədər çətin olsa da, ətraflı məlumatların və perspektiv iqtisadi analizlərin təqdimatı investorları daha çox cəlb etmək gücünə qadirdir. Bu baxımdan beynəlxalq təcrübədən də faydalanmaq mümkündür.
Çilidə yaranmış Çili Fondu diaspor investisiyası cəlb edərək innovativ aqrobiznes startaplarına dəstək verir. Ekvadorda olan “El Cucayo” fondu miqrant biznes sahibi ekvadorluların ölkədə individual biznes, yaxud korporasiya yaradılmasına və inkişafına dəstək verir. 25-50 faiz sərmayə kapital mükafatı və özünü doğrultmuş bizneslərə 500-50.000 dollar ətrafında maliyyələşmə təklif edirlər.
Digər sərmayə qoyuluşlarının münaqişədən sonrakı dövr ərazilərdə texnologiya sahəsinə cəlb edilməsini də nəzərdən keçrmək mümkündür. Bu sərmayələri vençur kapital, yaxud kraudfandinq yolu ilə artırmaq mümkündür. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına zəmin yaradacaq. Yeri gəlmişkən qeyd edək ki, məhz bunun nəticəsində Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldublar.
Ayhan Satıcı yekun olaraq belə yazır: “Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarının potensiallarından səmərəli istifadə olunmalıdır”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 31 dekabr.- S.1;8.