Yumruqtək birləşmək nümunəsi

 

1 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

 

Narahatlıq və əndişələrlə dolu 2020-ci il artıq başa çatmaqdadır. Tarix səhnəsinə qədəm qoyduğu ilk aylardan dünyada müxtəlif ictimai-siyasi olayların baş verdiyi, terror aktlarının törədildiyi, aləmi çulğalayan taclı virusun canlar aldığı bu ili bəşər övladı heç sevmədi, tez-tez yamanladı, dalbadal gələn uğursuzluqların suçunu məhz bu ildə axtardı. Rəqəmlərinin yanaşı düzülüşü gözəl görünən, rahat tələffüz edilən 2020-ci ildə.

Amma tarixə qovuşmaqda olan bu ilin özəllikləri də varmış. İndi Azərbaycan xalqı bunun daha çox fərqindədir. Çünki bu il xalqımızın tarixində, qan yaddaşında Zəfər, Qələbə və Uğur ili kimi əbədi yaşayacaqdır. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun düşmən üzərində möhtəşəm qələbəsi ilə başa çatdı. Ali Baş Komandanımızın hərbi rəhbərliyi ilə hünərvər əsgər və zabitlərimiz qalibiyyətli döyüş əməliyyatları apararaq Ermənistanın işğal etdiyi əzəli torpaqlarımızı azad etdi, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu.

Qalib haqlı olandır” deyiblər. Düşmən əsarətində qalmış yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, şirin canından keçən igidlərimizin torpağa səpələnmiş al qanıyla yazılıb hərb salnaməmiz. Silaha sarılmış Vətən övladlarının həmrəyliyi, ruh yüksəkliyi bizə möhtəşəm qələbəni qazandırdı. İşğal edilmiş ərazilərdə sülh və rifahın bərqərar olması nəticəsində tarixi ədalət bərpa edildi. Bizə bu sevinc dalğasını yaşadan, ən əsası isə yumruqtək birləşib çəkici bir zindana vurmaq nümunəsi göstərən, tarix yazan müdrik Sərkərdəmizə-Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə minnətdarlıq duyğumuz sonsuzdur.

Erməni vandalizminin şahidi olan, 30 il ərzində işğal altında, əsirlikdə qalan yurd yerlərimiz xiffətini çəkdiyi igid oğullarımızın, polad biləkli Vətən müdafiəçilərinin qədəmlərinə sevinir, canlanır, nəfəs alır. Şükürlər olsun ki, doğma insanların səsinə, hənirtisinə həsrət yollar, bağlı qapılar açılır.

Bizim hər birimiz bu ilin son aylarında möhtəşəm həmrəyliyin şahidi olduq. Dövlət, xalqordu birliyinin. Bu sıx vəhdət ürəyimizdə ehtişam, fəxr-fəxarət duyğusu yaratdı. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən və dəstəkləməyən dövlətlərə haqq işi naminə bir yumruqtək birləşmək nümunəsi göstərdi. Bu gün Vətənimiz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, qəlbi doğma yurdumuzla döyünən həmvətənlərimizin daha sıx birləşməsinə, təşkilatlanmasına güvənir.

Vətən müharibəsinin davam etdiyi günlərdə biz bu birliyi bir daha müşahidə etdik. Necə deyərlər, diasporumuzun təmsilçilərinin əhvali-ruhiyyəsi, ahəngi cəbhə xəttində zəfər yürüşləri aparan ölkəmizin nəbzi ilə bir vururdu. Avropanın bir sıra ölkələrində yaşayan həmvətənlərimiz təmsil olunduqları diaspor təşkilatlarının xətti ilə ölkəmizə dəstək aksiyaları keçirir, Azərbaycanın haqq işini Qarabağ həqiqətlərini dünyaya çatdırırdı. Almaniyada fəaliyyət göstərən diaspor üzvlərimizin bu ölkənin böyük şəhərlərində  Berlin, Köln, Düsseldorf, Leypsiq, Drezdendə... keçirdikləri dəstək aksiyaları bu qəbildəndir. Burada çalışan azərbaycanlı mütəxəssislər, təhsil alan tələbələr ölkəmizin mülki əhalisinə qarşı terror aktı törədən erməni vandallarının vəhşiliklərini pisləyir, dünya ictimaiyyətini haqq işimizi dəstəkləməyə səsləyirdi. Siegen universitetinin magistri Cavidan Kərimlinin də təşkilində səyləri olan Vətənə Dəstək Qrupu Qarabağda qəhrəmancasına həlak olan şəhidlərimizin ailələrinə burada yaşayan azərbaycanlılar adından müntəzəm olaraq maddi yardım göstərir.

Bu günlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüYeni il münasibətilə “Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri keçirmişdir. Bu, 500 nəfərə yaxın soydaşımızın iştirakı ilə dörd saatdan çox davam edən həmrəylik konfransı idi. Tədbirdə 2020-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə Qələbə ili kimi həkk olunduğu, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun tarix yazdığı qeyd edilmişdir. Gələn il Dünya azərbaycanlılarının qurultayının Qarabağda keçirilməsinin qərara alındığı diqqətə çatdırılmışdır.

Çıxış edənlər həmvətənlərimizə qarşıdan gələn 2021-ci ildə yeni nailiyyətlər, sıx birlik və qələbələr arzulamışlar. Zəfər müjdəsini bizə yaşadanlara maddi və mənəvi dəstək olmaq məqsədilə yaradılmış “YaşatFondu barədə iştirakçılara ətraflı məlumat verilmiş, bu xeyriyyəçilik qurumunun fəaliyyətinə qoşulmaq tövsiyə olunmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan yalnız Vətən müharibəsində deyil, eyni zamanda düşmənlə mübarizədə informasiya cəbhəsində də qalib gəlmişdir və bu işdə diasporumuzun rolu mühümdür.

Türkiyədəki diasporumuzun fəallarından olan vəkil Səidə Ekmen informasiya mübarizəsinə hələ iyul ayından başlandığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsində törətdiyi təxribatlarla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, həmin günlərdə burada yaşayan həmvətənlərimiz Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu Ankaradakı Anıtqəbir kompleksini ziyarət etməklə dövlətimizə və şanlı ordumuza dəstək aksiyalarını davam etdirmişlər. S.Ekmen və A.Azaflının təşkilatçılığı ilə izdihamlı yürüş keçirilmiş, soydaşlarımız Anıtqəbir kompleksini ehtiramla ziyarət etmişlər. Bu yürüşə ölkəmizin Türkiyədəki səfirliyinin nümayəndələri də qatılmışdır.

Digər dövlətlərin bayraqlarının Anıtqəbir kompleksində qaldırılması protokol üzrə qadağan olunsa da, Türkiyə tərəfi bununla bağlı səfir Xəzər İbrahimin müraciətini nəzərə alaraq, Azərbaycanın dövlət bayrağının kompleksdə dalğalandırılmasına icazə vermişdir. Çox qürurvericidir ki, Atatürkün məzarı üzərinə qoyulan əklilə Türkiyə ilə yanaşı, Azərbaycanın da dövlət bayrağı əlavə edilmişdir. Bu, Türkiyənin Cümhuriyyət tarixində ilk hadisə olaraq yaddaşlara yazılmışdır.

Türk vəkillərinin bu haqlı mücadilədə daim Azərbaycanın yanında olduqları, cəbhədə və beynəlxalq arenada yaşanacaq hüquq pozuntularının aradan qaldırılmasına dəstək verəcəkləri diqqətə çatdırılmışdır. Türkiyənin müxtəlif şəhərlərindəki vəkillər kollegiyalarının Azərbaycan Vəkillər Kollegiyası ilə birgə nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı yönəlmiş təxribatları ilə bağlı müraciətlər ünvanladığı bildirilmişdir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, ölkəmizin böyük dostu Hulusi Kılıç, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım və digər həmvətənlərimiz “Qarabağ Azərbaycandır!” mövzusunda çoxsaylı tədbirlər keçirmişlər.

Göründüyü kimi, taleyin hökmü, dövranın gərdişi ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız dövlət başçısı İlham Əliyevin təbirincə desək, “Bizim işimiz haqq işi, yolumuz haqq yoludur!” prinsipi ilə fəaliyyət göstərir, öz nəcib əməlləri ilə tarixi Vətənə-Azərbaycana bağlı olduqlarını nümayiş etdirirlər. Onlar Vətəndən çıxsalar da, Vətən onların qəlbindən heç vaxt çıxmayıb.

Bir daha fəxarətlə xatırlayaq ki, Müzəffər Ali Baş Komandanımızın dönməz iradəsinin, ordumuzun əzmkarlığının daha bir göstəricisi olan möhtəşəm qələbəmiz Vətən müharibəmizi şərəfləndirən “Dəmir yumruq” əməliyyatı sayəsində qazanılıb. Azərbaycanımızı dünyada tanıdan həmvətənlərimiz yaşayıb-çalışdıqları ölkələrdəki diaspor təşkilatlarımızda sıx, yumruqtək, birləşməli, daha mükəmməl təşkilatlanmalıdır. Bu isə qüdrətli ölkəmizin təbliğində və haqq işinin dəstəklənməsində ən mühüm amildir.

 

 Zemfira MƏHƏRRƏMLİ,

yazıçı-publisist

Azərbaycan.-2020.- 31 dekabr.- S.5.