Həmrəyliyimizin Zəfər
tağı
31
Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür
2020-ci il, 10 noyabr...
Gün o gün, çoxdandır addım-addım yol aldığımız o böyük məqam idi...
On
illərdir arzuladığımız, həsrətində
olduğumuz kimi, ana yurdumuzun, Şuşanın,
Laçının, Kəlbəcərin, Ağdamın,
Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın,
Qarabağımızın qurtuluş müjdəsini
aldığımız sevinc zamanı idi...
Azərbaycan
xalqının ən qürurlu, ən parlaq zəfər ili
kimi bəşər var olduqca xatırlanacaq əbədi qələbə
imzası atdığı möhtəşəm tarix idi...
Qarabağ zəfəri kimi könül səltənətimizin şah zirvəsində qərar tutan möcüzəvi an idi...
2020-ci ilin 27 sentyabrı isə ruhumuza diriliş, milli kimliyimizə oyanış günü kimi həkk olundu, zəfərə, qalibiyyətə susamış xalqımın bir qərinəlik torpaq nisgilini dindirməyə yetdi.
30 illik nisgilimizin, yurd həsrətimizin üzərinə məlhəm çəkdi, vətənə qovuşma eşqi qanayan, sızlayan yaralarımızı bir andaca sağaltdı. Ümidlərimizi dirçəltdi, qəlbimizə abu-həyat saçdı.
Torpağına canım qurban, Azərbaycan
44 gün ərzində, sanki sehrli bir dünyada var olduq, ilahi hisslər keçirdik, varlığına, həyata keçəcəyinə xəyallarımızda belə inana bilməyəcəyimiz müqəddəs gerçəklər yaşadıq, Yer üzündə şərin məğlubiyyəti, haqqın nahaqqa qalib gəldiyi müqəddəs anlara şahidlik etdik. Şəhidlərimizin ruhu qarşısındakı o müqəddəs borclarımızı ödədik, Xocalının qisasını qiyamətə qoymadıq, yağı tapdağında qalan, viranəyə çevrilən ana yurdumuzu xilas etdik...
“Torpağına canım qurban, Azərbaycan” deyərək irəli şığıdıq, bir olduq, birlik olduq, Qarabağ dedik, Vətən hayqırdıq. Bu uğurda bir öldüksə, min dirildik, qanımızla, ruhumuzla qaraca torpağa can verdik, ay-ulduzlu üçrəngli bayrağımızın kölgəsində ana Vətən yenidən cənnət ətri saçdı.
Ana
yurdun harayına yetən qəhrəman övladlarımız
canını bu torpağa qurban deyib, şəhidlik şərbəti
içdi, canı bahasına torpağımızı qoruyaraq
qazi oldu, soyuq, şaxta, qar-boran demədən, güllə, mərmi,
bomba düşünmədən düzənliklər keçərək,
dağlar aşaraq, sıldırımlı qayalara
dırmaşaraq mənfur düşmənin üzərinə
yeridi. Heç bir
çətinlik onları haqq yolunda çıxdıqları səfərdən
döndərə bilmədi. İgidlərimiz daim
irəli şığıdılar, döyüşə
atıldılar.
Qarabağın
ən hündür zirvələrində Azərbaycanın
müqəddəs bayrağını dalğalandıraraq əzmkarlıq,
rəşadət nümayiş etdirdilər.
Bir amal uğrunda birləşdik
Vətən müharibəsində bir amal ətrafında tarixin heç bir dönəmində olmadığımız kimi həmrəy olduq, haqq savaşımız uğrunda hər birimiz müsəlləh əsgərə çevrildik.
Bu Zəfər tağını Azərbaycan xalqının hər bir övladı öz əlləriylə zərrə-zərrə, kərpic-kərpic hördü. Çoxmillətli xalqımın hər bir üzvü bu qələbədə kiçicik də olsa payı olması üçün gecə-gündüz əzmlə çalışdı. Ləzgisi də, talışı da, yəhudisi də, kürdü də, rusu da, türkü də yaralı yurdumuzun müdafiəsinə qalxdı, bir yumruğa çevrilib düşmənin başında zərbəyə döndü.
Hər gün intizarla İlham Əliyevin qələbə xəbərlərini gözlədik və Ali Baş Komandanın hər müjdəsini bayram etdik. Ruh yüksəkliyi, şövqlə düşmənin məğlubiyyətə uğradıldığının, torpaqlarımızdan qovulduğunun xoş əhvalını yaşadıq.
Ermənistan cəmi 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin Ali baş Komandanı İlham Əliyevin bütün müstəvilərdə uğurlu şahmat gedişi qarşısında “mat”, işğalçı qoşunları isə Şanlı Ordumuzun ildırım sürətli hücumları ilə tar-mar oldu.
Azərbaycan həm səngərdə, həm də arxa cəbhədə mübarizə apardı
Azərbaycan xalqı birləşərək Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün əlindən gələn hər şeyi etməyə çalışdı. Həm ön səngərdə vuruşdu, həm də arxa cəbhədə mübarizə apardı. Hər kəs cani-dildən çalışdı ki, dövlətimizə, ordumuza, əsgərimizə, ümumilikdə Qələbəmizə töhfə versin. Xeyli sayda ictimai təşəbbüslər başladı, könüllü hərəkatlara start verildi, beynəlxalq aləmə səsimizi çatdırmaq, informasiya müharibəsində savaşmaq üçün geçə-gündüz çalışıldı. Yaşından, başından, pulundan, dünyagörüşündən, yaşadığı bölgəsindən asılı olmayaraq hamı bu uğurda səfərbər oldu. Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da haqq savaşı uğrunda birləşdilər. Bütün dünya azərbaycanlılarının ürəyi bir olub yalnız Qarabağ üçün döyündü.
Ön cəbhədə vuruşan mərd oğullarımıza dayaq durmaq üçün arxa cəbhədə insanlarımız əsgərlərimizə olan dəstəyini artırdı.
Dövlət xalq, xalq dövlət oldu, siyasi düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” haqq nidasına dəstək verdi. Vətən torpaqlarımızı düşməndən azad etmək eşqiylə coşan xalqın on minlərlə cəsur övladları, gəncindən, yaşlısından, qazisindən asılı olmayaraq, orduya getmək, düşmənə layiq olduğu cavabı vermək üçün könüllü olaraq döyüşlərə can atdı.
İnsanlar maddi imkanı çatdığı qədər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdü. Milyonlarla vəsait köçürən də oldu, özünün ehtiyacı olduğu təqdirdə son pulunu əsgərlərdən əsirgəməyənlər də...
Cəbhəyə doğru sovqat karvanları yola çıxdı. Qurbanlar kəsildi, təndirlərə çörək yapıldı, nənələr corab toxudu, şagirdlər məktub yazdı. Azərbaycan xalqı əsgərlərimizin sağ-salamat olmaları üçün əl açıb Tanrıya dua etdi.
Onu da xüsusilə vurğulamalıyıq ki, həmin günlərdə qardaş Türkiyə xalqı da daim yanımızda oldu, haqq savaşımıza mənəvi dəstək verdi. Prezidentimizə xeyli sayda məktub ünvanlayan türk gəncləri Ali Baş Komandanımıza Qarabağ uğrunda döyüşmək istəyində olduqlarını yazdılar.
Vətən müharibəmiz zamanı bir türk gəncinin nişan üzüyünü sataraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi isə qəlblərimizi riqqətə gətirən nümunələrdən sadəcə biri olmuşdu.
Vətən sınağından birliyimiz sayəsində üzüağ çıxdıq
“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Torpağı vətənə çevirən onun uğrunda canını fəda etməyə hazır övladlarının var olmasıdır. Onların qanlarıyla, canlarıyla ruh, yaşam vermələri sayəsində torpaq Vətən olur.
“Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”. Ali Baş Komandan İlham Əliyevin dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən bütün dünyaya bəyan etdiyi kimi, məhz birliyimiz və əzmimizlə, qətiyyətimizlə dədə-baba yurdumuz Qarabağı azadlığa qovuşdurduq.
Və
nə xoşbəxt xalqıq ki, sentyabrın 27-dən
noyabrın 10-na qədər olan 44 günlük bir zaman dilimindəki
Vətən sınağından birgəliyimiz sayəsində
üzüağ çıxdıq.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 31 dekabr.- S.5.