Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi

 

 

2020-ci il başlayanda Yer kürəsinin heç bir sakini xəyalına belə gətirə bilməzdi ki,  bəşəriyyət necə ağır xəstəliklə qarşılaşacaq, hansı sınaqlardan keçəcək. İl başlar-başlamaz bütün bəşəriyyət pandemiya ilə qarşı-qarşıya qaldı. COVID-19 adı verilən yeni növ koronavirus sürətlə planetin 200-dən çox ölkəsinə yayılaraq ilin sonuna qədər 81 milyondan çox insanı yoluxdurdu, 2 milyona qədər insanın həyatına son qoydu.

Dünya sözün həqiqi mənasında “əsas can sağlığıdır” ifadəsinin gerçəkliyinin fərqinə vardı. İlboyu bütün səylər bu problemlə mübarizəyə və profilaktika tədbirlərinə yönəlsə də, pandemiyanın qarşısını almaq mümkün olmadı. Beləliklə, 2020-ci ili koronavirusla mübarizə apararaq başa vurduq.

Təəssüf ki, bu mübarizədə hələ də koronavirus öndədir. Əksər ölkələrdə sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Yoluxma sayı yüksək həddə çatdığından sərt karantin rejimi davam edir.

 

 

Qabaqlayıcı tədbirlər ölkəni  fəlakətdən qorudu

 

 

Azərbaycan dövləti də vətəndaşların sağlamlığını qorumaq məqsədilə müəyyən tədbirlərin görülməsinə üstünlük verdi. COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən, virus sərhədlərimizə hələ çatmadan ölkəmizdə bütün istiqamətlər üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin tapşırığına əsasən, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq, hökumət problemin ciddiliyini anlayaraq dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən oldu. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çeviksistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.

Birbaşa ölkə rəhbərinin ciddi nəzarəti və tapşırıqlarına əsasən, pandemiyaya qarşı həyata keçirilən mühüm çevikoperativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, kütləvi yoluxmanın qarşısını aldı. Koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Qüdrətli dövlətlərin, inkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə, aciz qaldığı bir dönəmdə Azərbaycan COVID-19-la mübarizəni bütün sahələrdə uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı.

Prezident İlham Əliyevin ölkəmizin vətəndaşlarının sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə respublikamızda atılan addımları təqdir edərək görülmüş işlərə yüksək qiymət verdi, Azərbaycanın təcrübəsini digər ölkələrə nümunə göstərdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı.

Hökumətin intensivdüzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər, müasir avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verildi.

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edildi. Laboratoriyaların sayı il ərzində 8 dəfə artırıldı. Paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olundu, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim orta tibb heyəti ezam edildi, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparıldı. Həkim çatışmazlığı probleminin həlli üçün 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən mütəxəssislər dəvət edildi.

Qısa müddətdə 20-dən çox xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinikakoronavirus xəstələrinin ixtiyarına verildi. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, bölgələri də əhatə etməklə ölkədə 10 modul tipli xəstəxana quraşdırıldı. Onlardan beşi - ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonundadır.

 

 

 

Zərər çəkən vətəndaşlar diqqətdən kənarda qalmadı

 

 

Pandemiyadan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirildi. Karantin dövrü ərzində pandemiyadan əziyyət çəkən insanlara maddisosial yardımlar  edildi. Prezident İlham Əliyevin sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 2,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketi qəbul edildi. Pandemiya dövründə mikro, kiçik, ortairi sahibkarlıq subyektləri üçün ciddi güzəştlərin nəzərdə tutulması adamlarına dəyən zərərin kompensasiya edilməsi baxımından əhəmiyyətli oldu.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi yardım alması cəmiyyətdə razılıqla qarşılandı. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə etdi.

Pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial dəstək aksiyası da aztəminatlı vətəndaşların problemlərinin həlli baxımından əhəmiyyətli oldu.Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən aksiya çərçivəsində respublika üzrə 100 minədək aztəminatlı ailəyə ərzaq yardımları paylanıldı. Bu yardımlar davam etdirilir.

 

 

 

Azərbaycan qlobal mübarizə işinə sanballı töhfələr verir

 

 

Pandemiya dövründə ölkəmiz tək iqtisadi, sosial sahədə deyil, beynəlxalq arenada da özünü güclü dövlət kimi göstərdi. Azərbaycan Prezidenti bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Məhz dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə ölkə rəhbəri BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü.

Nəticədə dekabrın 3-4-də Azərbaycan Prezidentinin təşəbbüsü, 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının koronavirus pandemiyasına həsr olunmuş 31-ci xüsusi sessiyasının keçirilməsi ölkəmizin bu bəşəri bəlaya qarşı səylərin birləşdirilməsində maraqlı olduğunu, habelə pandemiyaya qarşı qlobal mübarizə işinə sanballı töhfələr verdiyini bir daha təsdiqlədi.

Beləliklə, dünyanın koronavirus pandemiyasından ciddi ziyan çəkdiyi, hətta inkişaf etmiş ölkələrin belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi model ortaya qoydu.

 

 

 

Əsas şərt müsbət dinamikanı qoruyub saxlamaqdır

 

 

Azərbaycanda virusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, uyğun addımlar atılır. Artıq respublikamızda görülən kompleks tədbirlər sayəsində son günlər koronavirusa yoluxma sayında müsbət tendensiya müşahidə olunur. Xəstəlikdən sağalanların sayı isə gündəlik yoluxanların sayını üstələyir. İnfeksiyaya gündəlik yoluxma halları da xeyli aşağı düşüb. Bu da məhdudiyyətlərin tətbiqinin, karantin rejiminin sərtləşdirilməsinin düzgün qərar olduğunu təsdiqləyir.

Hazırda əsas şərt müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün də arxayınlaşmamaq, ehtiyatı əldən verməmək, tədbirli davranmaq lazımdır. Cüzi laqeydlik, məsuliyyətsizlik yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməliyik.

Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyıb.

Bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələ vətəndaşlarının koronavirus infeksiyasından qorunmasıdır. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır.

 

Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Vətəndaşlar da öz növbəsində bu tədbirlərə dəstək məqsədilə karantin qaydalarına riayət etməlidir. Ailəsini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman biz  virusa birgə qalib gələ bilərik.

 

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 31 dekabr.- S.7.