Üç savaşın iştirakçısı

 

Polkovnik-leytenant Daşqın Abbasov: “Hər zaman bir şüarla yaşamışam - öncə vətən, dövlət, sonra ailə, şəxsi həyat”

 

 

 

Ömrümün yarıdan çoxunu hərb sənətinə, Silahlı Qüvvələrdə xidmətə sərf etmişəm. Öz ixtisasım üzrə yüksək vəzifəyə qədər yüksəlmişəm. Dövlətimiz tərəfindən 9 medalla təltif olunmuşam. Əvvəllər müəyyən tədbirlərdə hərbi formamın sol yaxasına bu medalları taxanda ürəyim sıxılır, özümü pis hiss edirdim. Torpaqlarımız erməni işğalında qaldığı müddətdə o medalları sinəmdə gəzdirməyi özümə layiq bilmirdim. Sanki utanır, xəcalət çəkirdim...

Bu gün isə həmin medalları və polkovnik-leytenant paqonunu qürurla, fəxrlə daşıyıram. Çünki illər sonra düşməndən qisasımızı aldıq, torpaqlarımızı işğaldan azad etdik, şəhidlərimizin ruhunu sevindirdik. Artıq biz məğlub yox, qalib xalqın, dövlətin, Ordunun nümayəndələriyik...”

 

 

Qisasımızı aldıq, ondan sonra uşağı dəfn etdik

 

 

Birinci Qarabağ müharibəsinin, Aprel döyüşləri və İkinci Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Daşqın Abbasov bu fikirlərlə başlayır söhbətinə...

Həyat yolu da, döyüş yolu da Zəngilandan başlayıb. 1974-cü ildə rayonun Qıraq Müşlan kəndində dünyaya gəlib. 1981-ci ildə Zəngilan şəhər 1 nömrəli orta məktəbinə gedib. O zamanlar məktəblər arasında keçirilən “Üfüqdə parıltı” adlı hərbi yarışlarda komandir təyin olunmağı onun gələcək taleyini də müəyyənləşdirir. 1988-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olur. 1991-ci ildə oranı bitirib Varonej Ali Hərbi Aviasiya Mühəndisləri Məktəbində avtomobil nəqliyyatı ixtisası üzrə ali təhsil alır. Lakin taqım komandirləri, erməni əsilli kapitan VarfolomeyovunQarabağ bizimdir, Qarabağı sizdən alacağıq”, - deyib azərbaycanlı tələbələri ələ salaraq qıcıqlandırması böyük mübahisə ilə nəticələnir. Söhbət məktəbin rəisi general İvanova çatır. Mübahisənin səbəbini bilən general əsəbiləşərək, bütün şəxsi heyətin qarşısında həmin erməni kapitanın paqonlarını söküb atır. Ancaq bu da Daşqın Abbasovu fikrindən döndərmir. Həmin ali məktəbdə oxumaqdan imtina edərək, təhsilini 1992-ci ilin fevralından Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində davam etdirir. Bu o zamanlardı ki, Qarabağda vəziyyət getdikcə daha da gərginləşirdi. Zəngilan tez-tez erməni yaraqlılarının hücumuna məruz qalırdı. Rayonda bu ərəfədə ərazi özünümüdafiə taboru yaradılır. 18 yaşlı Daşqın Abbasov da taborun tərkibində döyüşmək üçün təhsilini yarımçıq dayandırıb doğma yurdu Zəngilana gedir. Könüllü olaraq rayonun müdafiəsi uğrunda gedən döyüşlərə qatılaraq şücaət göstərir.

- Həmin ilin avqust ayında ermənilər nənəmgilin Rəzdərə kəndindəki evini vurub dağıtdılar. “Azərbaycan Bayrağı” ordenli Baloğlan Süleymanovun evi nənəmgilə yaxın idi. Mərminin biri həyətlərinə düşdü. 9 yaşlı oğlu Sadiq həyətdə şəhid oldu. Baloğlan and içdi ki, oğlumun qisasını almasam, onun qəbrinin üstünə getməyəcəm. Axşam Baloğlan qardaşı Elman, silahdaşları Elşən və Pənahla birlikdə silahlanıb, ermənilərdən qisas almağa getdilər. Mənə digər döyüşçülərə nisbətən gənc olduğum üçün arxada qalmağı tapşırdılar və lazım olsa, kömək üçün çağıracaqlarını dedilər. Ancaq biz gözləmədik, bir neçə yoldaşla onların arxalarınca sol tərəfdən atəş dəstəyi verdik. Həmin əməliyyat nəticəsində düşmənin bir postu içindəki əsgərlərlə birlikdə məhv edildi. Uşağın ölümünə səbəb olan tank vuruldu. Qisasımızı aldıqdan sonra uşağı dəfn etdik.

 

 

 

Mayor Elnur Əliyev özünü qumbaranın üstünə atıb əsgərləri xilas etdi

 

 

Daşqın Abbasov Zəngilan işğal olunana qədər ata-baba yurdunun müdafiəsində iştirak edib. Silahdaşları ilə birlikdə mənfur erməni daşnaklarının bu torpağa ayaq basmasına imkan verməyib. Uzun müddət təcavüzkar ermənilərə qarşı müqavimət göstərib, rayonun müdafiəsində fədakarlıqla dayanıb. Lakin 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl, bir həftə sonra isə Qubadlı düşmənin əlinə keçdikdən sonra Zəngilan təklənərək erməni mühasirəsinə düşür. İki aya qədər düşmən mühasirəsində qalan rayon faciəli günlər yaşayır. Oktyabrın 23-dən başlayaraq döyüşlər daha da şiddətlənir. Zəngilan alayı təpədən-dırnağacan silahlanmış düşmən qarşısında bacardığı qədər duruş gətirir. Oktyabrın 29-da isə kömək ala bilməyən Zəngilan rayonu erməni qəsbkarları tərəfindən işğal edilir. Bütün zəngilanlılar kimi, Daşqın Abbasovun da ailəsi rayonu tərk edərək məcburi köçkün həyatı yaşayır.

Bundan sonra gənc hərbçi yarımçıq qalan ali təhsilini davam etdirmək qərarına gəlir. 1996-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini (Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirir. 13 il Naxçıvan Muxtar Respublikasında bölük komandiri, maddi-texniki təminat üzrə komandir müavini, avtomobil xidməti rəisi vəzifələrində qulluq edir. 2009-cu ildə Murovdağda briqadanın avtomobil xidməti rəisi olur. 2011-ci ildə xidmətini Bakıda davam etdirir. 2013-cü ildə Şəmkirdə, 2014-cü ildə Beyləqan korpusunda avtomobil xidməti rəisi kimi çalışır. 2016-cı ildə elə bu korpusun tərkibində Aprel döyüşlərində iştirak edir.

- Döyüşdə bizim işimiz kolonu, şəxsi heyəti vaxtında döyüş mövqelərinə çatdırmaq, vurulmuş və zədələnmiş texnikanı döyüş mövqelərindən çıxarıb, təmir edib yenidən döyüşə qaytarmaq, qənimət kimi götürülümüş avtomobil texnikalarını, silah-sursat, yaralı və şəhidləri döyüş mövqelərindən çıxartmaqdır. Təxminən 10 gün gecə-gündüz sürücülərlə birlikdə bu tapşırıqları yerinə yetirdik, texnikaları apardıq. Aprelin 2-ə keçən gecə saat 4-də ermənilər atəş açmağa başladılar. Komandir Mais Bərxudarov tapşırıq verdi ki, Lələtəpə götürülməlidir. Beləliklə, təyin olunmuş istiqamətlər üzrə qruplar hərəkətə keçdi. Saat 5-də məruzə etdilər ki, Lələtəpə azad olundu. Bir saat keçmədi ki, həmin yerdə bayrağımız dalğalandı. Aprel döyüşlərində hamı ön cəbhədə komandirin yanında idi. Döyüşlər zamanı ermənilər bizim üzərimizə qumbara atırdılar. Mayor Elnur Əliyev sinəsini qumbaranın qarşısına sipər edib şəxsi heyəti ölümdən qurtardı, özü isə şəhid oldu. Mais Bərxudarov özü onu çiynində döyüş bölgəsindən çıxartdı... Həmin döyüşlərdə ermənilər artilleriyadan güclü atəş açırdılar. Dəfələrlə ölümlə qarşılaşdığımız anlar oldu. Sağ qalmağımız Allahın möcüzəsiydi...

 

 

 

Partlayış səsindən bir qulağım tutulub

 

 

 

Aprel döyüşlərindən sonra 2017-ci ilin yanvarından Daşqın Abbasov Müdafiə Nazirliyində avtomobil xidmətində baş zabit vəzifəsində xidmətə başlayır. 2018-ci ildə öz istəyi ilə ordu sıralarından tərxis olunur. İkinci Qarabağ savaşı başlayan gün isə könüllü olaraq yenidən döyüşlərə qatılır.

- Həyatımda iki dəfə ürəkdən ağlamışam. Bir Elnur Əliyev, birPolad Həşimovla İlqar Mirzəyev şəhid olanda... Onların qisasını almaq üçün alışıb-yanırdım. Hər zaman bir süarla yaşamışam - öncə vətən, dövlət, sonra ailə, şəxsi həyat... İllərdir torpaqlarımız uğrunda savaşın başlanması arzusuyla yaşayırdım. Doğma yurdlarımızın azad olunması üçün Allaha dua edirdim. Torpaqlarımızı başqa yolla ermənilərdən təmizləmək mümkün deyildi. Sentyabrın 27-si səhər 8-in yarısı zəng gəldi ki, döyüş başladı. Hər şeyimi yığdım maşınıma, bir dostumu da götürüb getdik Beyləqana, xidmət etdiyim II korpusa. Elə birinci gecə göstəriş verdilər ki, tankları döyüş mövqelərinə aparın. Kolonu döyüş mövqeyinə aparanda gördük başımızın üstündən PUA-lar uçur. Yanımdakı yoldaşa dedim bura təhlükəlidi, vuracaqlar, tankları burdan çıxarmaq lazımdı. Xəritəyə baxdıq ki, bizə deyilən yerə - Burğa Dərəsinə gəlmişik. İşimizi bitirib ordan aralanıb asfalt yola çatanda həmin yeri ermənilər vurdular. 3 hərbçi yaralandı, amma tankları vura bilmədilər...

Bir dəfə ermənilərin atdığı iki mərmi yanımıza düşdü. İkinci mərminin zərbəsi bizi havaya qaldırıb yerə atdı. Bir anlıq düşündüm ki, görəsən ölmüşəm, ya sağam... Tez durub yoldaşım Babəki axtardım, gördüm ki, sağdır. O partlayış səsindən bir qulağım tutuldu, indiyə qədər də açılmayıb.

 

 

 

Ermənilər maşınların hamısını minalamışdılar...

 

 

 

D.Abbasov deyir ki, döyüşlər davam edən 44 gün ərzində dəfələrlə ölümlə üz-üzə gəldiyi anlar olub. Amma gözəgörünməz bir əl daim onu qoruyub. Görünür, şəhidlik zirvəsinə ucalmaq qismətinə yazılmayıbmış...

- Oktyabrın 5-i Cəbrayılın Şükürbəyli kəndi yaxınlığında ermənilərə məxsus hərbi hissədən texnikaları təcili çıxarmaq tapşırığı verildi. Bu işə aid olan qrupu götürüb həmin mövqeyə getdik. Gördük ermənilər maşınları, topları və digər silah-sursatları qoyub qaçıblar. Elə bu vaxt ermənilər bizim olduğumuz yeri vurmağa başladılar. Sağ olsun, xüsusi təyinatlılarımız həm bizi çətin vəziyyətdən çıxartdılar, həm də ermənilərin qoyub qaçdıqları texnikaları götürməyimizə kömək etdilər. Oradan qayıdandan sonra göstəriş gəldi ki, Cəbrayıl istiqamətində bizimkilər erməni kolonunu vurub, yol bağlanıb. O yolu açmaq lazımdı ki, qoşunlarımız keçə bilsin. 2 qrupla getdik. Axşama kimi artilleriya atəşi altında yolu təmizlədik, açdıq, texnikaları çıxartdıq. Sonra “Cəbrayıl dairəsi” deyilən yerə getdik. Orada polkovnik Şükür Həmidovla görüşdük. Dedim, sən də, komandir də Qubadlıdansız deyə istiqaməti bu səmtə salmısız. İmkan verin gedək Zəngilanı götürək, ordan Qubadlıya gedərik. Dedi, Daşqın, narahat olma, biz burdan Qubadlıya girərik, sizordan Zəngilana. Heyif ki, doğma yurdu uğrunda gedən döyüşlər zamanı şəhid oldu.

Xüsusi qeyd etmək istəyirəm ki, ikinci korpusdan Şükür Həmidov, eləcə də general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, polkovnik Firudin Əzizov, polkovnik Vilayət Quliyev, polkovnik Nizami müəllim döyüşlər başladığı andan ön xətdə olublar, şəxsi heyəti arxalarınca aparıblar.

Döyüşçümüz xatırlayır ki, Füzulidə də təhlükəli halla rastlaşıblar. Şəhər işğaldan azad olunmazdan əvvəl onlara Hadrut istiqamətinə gedib, yolları təmizləmək əmri verilib. Deyilən əraziyə çatanda ermənilərin maşınları ilə yanaşı, xeyli meyitlərinin də orda toplandığını görürlər. Bu, onlara şübhəli gəlir. Odur ki, mühəndis istehkam qrupuyla əlaqə saxlayıb əraziyə minaaxtaranlar göndərməsini istəyirlər. Minaaxtaranlar gələndən sonra məlum olur ki, şübhələnməkdə haqlı imişlər. Belə ki, ermənilər maşınların hamısını minalayıblar. Minaları təmizlədikdən sonra texnikaları götürüb toplama məntəqəsinə gətirirlər.

 

 

 

Yüzlərlə erməninin arasından sağ çıxmaq şansımız yox idi

 

 

 

Daşqın Abbasov Şuşanın işğaldan azad olunması ilə bağlı maraqlı məqamı da danışır.

- Noyabrın 4-də bildik ki, bizimkilər Şuşaya girməlidirlər. Kəşfiyyat qrupuxüsusi təyinatlılarımız getmişdi, amma onlara dəstək vermək üçün maşınlar, texnikalar, artilleriya irəliləməliydi. Bunun üçünyeni yol açılmalıydı. Azıx kəndini çıxandan sonra meşəlik başlayır. Ordan indiyə qədər yol keçməyib. Göstəriş olmuşdu ki, yol açılsın. Mühəndis briqadasının komandiri Ceyhun Bağırov komandası ilə birlikdə əsl qəhrəmanlıq göstərib gecədən səhərə qədər meşənin içi ilə yol düzəltdilər. O yoldan lazımi döyüş texnikalarını keçirdik. Yolun hər iki tərəfi sıldırım idi, iki maşın yan-yana keçə bilməzdi. Maşın xarab olurdusa, çıxarmaq mümkün deyildi. Xüsusi təyinatlılarımız sıldırım qayaları kanatla Şuşaya qalxdılar. Dövlət başçısına məruzə edib bayrağımızı sancdılar. Noyabrın 8-də Ali Baş Komandan şad xəbəri xalqa elan etdi.

Noyabrın 10-da Müdafiə Nazirliyinin əməkdaşı Vüsal Hüseynov, mən və sürücümüz Hüseynlə “Nivaya minib həmin təzə yolla Şuşaya istiqamət aldıq. O yolu çıxandan sonra Daşaltını, qayaları görsək də, yolun dəqiq istiqamətini bilmirdik. Bir az gedəndən sonra yolun ortasına dəmir maneə qoyulduğunu gördük, şübhələndik, amma dayanmadıq. Ancaq sən demə, yolu səhv salmışıq, Xankəndi istiqamətinə gedirik. Bir az sonra başa düşdük ki, artıq ermənilərin içindəyik. Qabaqda yüzlərlə erməni toplanmışdı, texnikaları yığılmışdı. Bizə necə baxırlar, ilahi?! Qabaqdan bir maşın da gəlirdi. Sürücüyə dedim o maşına çatmamış geri dön, ermənilərin də yanında saxlama, yanlarından keç. Hamımız, silahlarımızı döyüşə hazır vəziyyətə gətirib bir-birimizlə halallaşdıq. Çünki yüzlərlə erməninin əhatəsindən sağ çıxmaq şansımız demək olar ki, yox idi. Biri əl edib maşını saxlatdırsaydı, atışma başlayacaqdı. Hamımız yəqin ki, şəhid olacaqdıq. Amma qəribədir, bizi nə saxladılar, nə də əl etdilər. Elə bil gözləri yumulmuşdu. Allahın möcüzəsi sayəsində oradan salamat çıxa bildik. Elə gəldiyimiz yolla da geri qayıtdıq. Həmin gün Şuşa məscidində şükran namazı qıldıq. Vüsal Hüseynov atasının əhdini yerinə yetirib onun verdiyi bayrağı Şuşa qalasından asdı.

 

 

Zəngilan o qədər tanınmaz hala düşmüşdü ki, kəndimizin yolunu tapa bilmədim

 

 

 

Həyatının ən xoşbəxt, ən unudulmaz, eyni zamanda ən kədərli günü isə 27 ildən sonra doğma yurdu Zəngilana getdiyi gün olub. Daşqın Abbasov işğaldan azad olunandan sonra doğma rayonuna ayaq basan ilk zəngilanlıdır. Dünyaya göz açdığı Qıraq Müşlan kəndinə ilk bayrağı sancan da elə o olub...

- Rayona girəndə xeyli sarsıntı keçirdim. Mənə elə gəldi ki, Zəngilan qapqara qaralıb, balacalaşıb, yığılıb, büzüşüb... Sanki küsüb bizdən. Özüm-özümdən utandım, xəcalət çəkdim. Elə bildim yoldaşlarım da fikirləşir ki, gör, torpaq buna necə küskün baxır. Elə bir hala düşdüm ki, sözlə ifadə etmək çətindir. Rayon o qədər tanınmaz hala düşmüşdü ki, kəndimizin yolunu tapa bilmədim. “Kruqdadüşüb torpağı çoxlu öpdüm... 27 ildir bu günün həsrətilə yaşayırdım...

Sonra prokurorluğun binasının qarşısına qoyulmuş erməni büstünün üzünü daşla tanınmaz hala saldım. Şəhərdəki evimizi sökmüşdülər, izi-tozu qalmamışdı. Amma Müşlandakı evimizi tapdım. Kəndimizə girən ilk azərbaycanlı olaraq ora bayraq taxdım və Allaha şükür etdim ki, ölmədən doğulduğum torpağı yenidən görməyi mənə qismət elədi.

Zabitimizin bundan sonra ən böyük arzusu isə Zəngilanda ata ocağını yenidən qurub, orada yaşamaq, həyatını doğma yurda həsr etmək və Zəngilanın mərkəzində şəhid və qazilərimizin şərəfinə xatirə abidəsi ucaltmaqdır. Deyir, nə qədər ki, sağam, qoymayacam gələcək nəsillər ermənilərin başımıza açdıqları oyunları, faciələri unutsunlar...

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 31 dekabr.- S.8.