Bir əli əkin-biçində, bir əli tətikdə olan tərtərlilər

 

 

Vətən müharibəsinin qaynar nöqtələrindən biri, bəlkə də birincisi Tərtər olub. 44 gün davam edən müharibənin elə günü olmayıb ki, rayon mərkəzinə, kəndlərə yüzlərlə raket, artilleriya mərmisi atılmasın, evlər, məktəblər, uşaq bağçaları, tibb müəssisələri düşmənin hədəfinə çevrilib dağıdılmasın, yerləyeksan edilməsin. Qarabağ savaşının başladığı ilk zamanlardan günümüzə qədər Tərtər qaynar qazana çevrilib.

Ordumuzun hərb tarixinə şanlı səhifələr kimi yazılan Aprel döyüşlərində də Tərtər fəal iştirak etmiş, gerçək qəhrəmanlıq nümunəsi göstərmişdir. Tərtərlilər  bütün Qarabağ münaqişəsi dövründə mərdliklə döyüşmüş, sinələrini sipər edərək düşmənə bir qarış da olsun torpaq verməmişlər. Əksinə, nankor qonşuları, mənfur düşmənləri uzun illərdən bəri məskunlaşdıqları rayon ərazisindən qovub çıxarmışlar.

Ötən 30 ilə yaxın bir zaman kəsiyində, sözün həqiqi mənasında, Tərtər narahatnigaran günlər yaşayıb. Bir əli əkində, biçində olsa da, bir əli tətikdə olub. Bu illər ərzində abadlıq, quruculuq işləri ilə davamlı şəkildə məşğul olub fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını gerçək cənnətə döndəriblər. Dövlətin qayğısından güc alaraq müasir və yaraşıqlı, Avropa şəhərləri ilə müqayisə edilə biləcək yeni bir şəhər yaradıblar. Bu illər ərzində rayonun kənd əməkçiləri bol kənd təsərrüfatı məhsulları istehsal edərək ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə sanballı töhfələr veriblər. Doğma torpağa, halal zəhmətə qırılmaz tellərlə bağlı tərtərlilər əsl əmək fədakarlığı nümunəsi göstərərək ölkənin aqrar sektorunda qabaqcıl təcrübə məktəbi yaratmağa nail olublar.

Artıq iki aya yaxındı ki, bölgədə mərmi səsləri eşidilmir. Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı ordumuzun qəhrəmanlığı ilə Vətən müharibəsi parlaq qələbəmizlə başa çatmış, düşmən darmadağın edilmişdir. Əlbəttə, bu tarixi zəfər haqlı olaraq ölkəmizin hər bir vətəndaşında böyük qürur hissi doğurur. Ən böyük hakim olan zaman xalqımızın necə böyük qüdrətə malik olduğunu, tarixi qəhrəmanlıq ənənələrinə yenilməz sədaqətini bir daha təsdiq edib bütün dünyaya göstərdi ki, son dərəcə qonaqpərvər və tolerant olan Azərbaycan xalqı həm də xəyanəti bağışlamır. Dünya ona da şahid oldu ki, Azərbaycan xalqı öz qəhrəman ordusu ilə birləşib dəmir yumruğa çevrilə və onu düşmənin başında ildırım kimi çaxa bilər.

Hər günü, hər saatı bir qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsi artıq bizim üçün qürurverici şanlı tarixə çevrilmişdir. Qazandığımız ən böyük uğur odur ki,  ərazi bütövlüyümüzü təmin etmişik. Əlbəttə, bu, böyük qurbanlar bahasına oldu. Hərəsi bir evin, bir ailənin ümid çırağı olan 3000-ə yaxın övladımız Qarabağ uğrunda döyüşlərdə canından keçib şəhid oldu, bütöv bir xalqın qüruriftixar mənbəyinə çevrilib əbədiyyətə qovuşdu. Çox sayda oğullarımız savaşlarda yaralanıb qazi statusu qazandı, dövlətin və elin-obanın qayğı və ehtiram ünvanına çevrildi.

İndi müharibədən sonra yeni quruculuq və bərpa dövrü başlayıb. Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbir haqqında” 6 noyabr 2020-ci il tarixli sərəncamında günümüzün təxirəsalınmaz vəzifələri prioritet olaraq göstərilir. Artıq bu istiqamətdə işlərə start verilmişdir.

Hazırda bu məqsədlə Tərtərdə 3 işçi qrup işləyir. Müəyyən edilmişdir ki, 44 gün davam edən Vətən müharibəsi zamanı bütövlükdə 40 yaşayış məntəqəsi üzrə 4586 evə ziyan dəymişdir. Evlərdən 240-ı tamamilə dağılmışdır. Ziyan dəyən evlərdən 2017-si çoxmərtəbəli yaşayış binalarındakı mənzillərdir. Bundan əlavə, 95 ticarət və ictimai-iaşə obyektinə, 39 sosial obyektə, 21 istehsal obyektinə, 24 inzibati binaya, 11 qəbiristanlığa və 146 yarımçıq tikiliyə ziyan dəymişdir.

Tərtərə atılan çoxsaylı raketlərdən biri də şəhərdə aprel şəhidi Nicat İskəndərovun ailəsinin yaşadığı evə düşmüşdür. İşçi qrupu mütəxəssisləri evə dəyən ziyanı müəyyənləşdirmişlər. Şəhid atası Bəhruz İsgəndərov:

- Oğlum Nicat Aprel döyüşlərində qəhrəmanlıqla döyüşüb şəhid olmuşdur. Oğul düşmən çəpəridir, deyiblər. Bu, həqiqətdir, dar gündə vətəni oğullar qorumalıdır. Nicat şərəfli bir ömür yaşadı. Bizə, ailəsinə həmişəlik qürur, başucalığı bəxş etdi. Noyabrda evimizə raket düşdü, isti yuvamız dağıldı. Buna qətiyyən pis olmadıq. Düşmənin namərdliyi göz qabağındadır. Müharibə edirsənsə, əsgərlə döyüş, daha mülki əhali ilə nə işin var. Biz hər zaman dövlətimizə güvənmişik, Prezidentimizə inanmışıq. Həmişə dövlətin, rayon rəhbərliyinin qayğısını hiss edirik. İnanırıq ki, düşmən raketinin dağıtdığı evimizi dövlət əvvəlkindən də yaxşı təmir edib bizə verəcək. Mən bütün tərtərlilərin fikrini ifadə edib demək istəyirəm ki, hamımızın bir vətəni var. Ona özümüz də, övladlarımız da, ev-eşiyimiz, mal-dövlətimiz də qurban olsun.

Cəbhədə döyüş parlaq zəfərlərimizlə başa çatıb. İndi Tərtər kəndlisi tarlaya, fermaya, işinə-gücünə nigaran getmir. Müharibənin doğurduğu faciələr ağrılı-acılı xatirələrə hopub yaddaşlara köçüb. Bu gün Tərtər kəndlisi ikiqat həvəslə çalışır. Cari il  rayon üzrə 42056 ton taxıl, 12731 ton şəkər çuğunduru, 4837 ton günəbaxan tumu, 13211 ton meyvə və giləmeyvə, 2541 ton ət, 20949 ton süd, 1017 ton yun, 13 milyon  ədəddən çox yumurta istehsal olunmuşdur. Pambıqçılıqda qabaqcıl təcrübə məktəbi yaratmağa nail olan Tərtər kəndlisi bu il çətin şəraitdə çalışsa da, optimal müddət pozulsa da, müəyyən itkilər olsa da, nəticə qənaətbəxşdir. İndiyədək 11475 ton pambıq istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı hələlik 34,8 sentnerdir. Hələlik ona görə ki, yığım davam edir. Əkib-becərən və tətik tutan əlləriniz var

olsun!

 

 

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 31 dekabr.- S.9.