Hünəriylə, qeyrətiylə
ad almışlar...
Üçrəngli
bayrağımızın Şuşada
dalğalanması, oradakı məsciddən verilən azan səsi bizi doğma yurdlara səsləyir
Qarabağın qara qüvvələrdən, bədniyyətli daşnaklardan, erməni vandallarından azad edilməsi uğrunda gedən Vətən müharibəsində Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqları dillərdə dastana çevriləcək. Ali Baş Komandan İlham Əliyevin ətrafında bir monolit birlik yaradan xalq-ordu birliyi dünyaya göstərdi ki, illər keçsə də, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə davam edir. Lazım gələrsə, bu yolda yaşından və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı düşmənlə döyüşərək, öz tarixi ata-baba yurdlarını işğaldan qurtaracaq.
Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qələbəsi, 28 ildən bəri işğalda inləyən torpaqları kənd-kənd azad etməsi xalqımızın vətənpərvərlik hisslərinin gücünü, birliyini dünyaya göstərdi. Qarabağın zümrüd tacı olan Şuşaya üçrəngli bayraq sancan Azərbaycan əsgəri raport verdi: “Cənab Ali Baş Komandan, Şuşa da bizimdir, Qarabağ Azərbaycandır!”
“Belə müjdələrlə gözləri yollara dikilən ata-anaların sevincinin hədd-hüdudu olmayıb. Demək olar ki, bu zəfərdə, möhtəşəm Qələbədə xalqımızın hər bir övladının, o cümlədən ailəmizin də payı var. Oğlumuz İbrahimov Fərhad İsmayıl oğlu 1993-cü ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olduğu üçün Qarabağın necə işğala məruz qalmasını yalnız yazılanlardan, söylənilənlərdən öyrənib. Ata-baba yurdu Cəbrayılın necə bir müqəddəs məkan olmasını bilir...”
Fərhad İbrahimovun anası Leyla xanımın səsi telefonda titrəyir... Deyir ki, Fərhad bu döyüşlərə könüllü qatılıb, həm də illərlə bunu gözləyib. Yasamal rayonundakı 175 nömrəli orta məktəbi 2011-ci ildə əla qiymətlərlə başa vuraraq İqtisad Universitetinə qəbul olanda da, 2015-ci ildə Beyləqanda birillik hərbi xidmət keçəndə də. Qayıdıb magistraturada iki il təhsilini davam etdirəndə də ermənilərin vandallığına cavab olaraq onları doğma torpaqlardan qovmaq üçün sanki öz üzərində bir hərbi təlim keçirdi.
Anası fikrini yenidən cəmləyir: “... Bilirsizmi, Fərhad, əslində,1993-cü ildə ata-baba yurdu Cəbrayılın Dağ Maşanlı kəndində dünyaya göz açmalı idi. Həmin ilin avqust ayında Cəbrayılla Füzuli rayonları da Ağdamdan sonra işğala məruz qaldı. Ailəmiz də digərləri kimi doğma ev-eşiyindən didərgin salındı. Bakıda müvəqqəti məskunlaşdıq. İki aydan sonra Fərhad Bakıda dünyaya göz açdı. Atası İsmayıl ona Qarabağ haqqında həmişə məlumatlar verir, ermənilərin bir əsrdə 2-3 dəfə xalqımızın başına açdığı müsibət və qətliamlardan, Xocalı, Daşaltı soyqırımlarından danışırdı. Sən demə, uşaq bunların hamısını ürəyinə yığırmış. Orta məktəb illərindən başlayaraq kompüterdə döyüş qaydalarını öyrədən oyunlara meylini salmışdı. Düzü, bir neçə dəfə hətta ona belə şeyləri qadağan da etdik. Sən demə, internet vasitəsilə bir qrup yaradıb hərbi təlim keçirmişlər. Sonralar məlum oldu ki, artilleriya döyüşlərinin taktiki gedişini öyrənirmişlər. Bu oyunların beynəlxalq yarışlarında Fərhadın da iştirakı və qələbə sertifikatı qazanması bizi sevindirdi...”
Döyüşkən oğul atası İsmayıl İbrahimov Fərhadın hələ uşaqlıq çağlarından vətənpərvərlik duyğuları ilə boy atdığını deyir: “İnanırdım ki, belə oğullarımızla biz Vətəni darda qoymayacağıq. Ali Baş Komandanımız İlham Əliyevin bir əmri ilə düşmən üzərinə “alıcı quş” kimi yeriyən oğullarımızda vətənpərvərlik hissi çox güclüdür. Amma baxıb ermənilərdə nəyi görürük? Qisasçılıq. Təslim olub ağ bayraq qaldıra-qaldıra, atəşkəs istəməkləri ilə yanaşı, torpaqlarımızdan çıxanda yandırmadıqları yer-yurd qalmır. Bu, vandallıqdır, vəhşilikdir. Düzü, onu da hiss etmirdik ki, o yerlərdə doğulmayan oğulların qəlbində Qarabağa belə sevgi bəslənib. Bax, həmin sevgidir onları düşmən üzərinə yeridən. Bu sevgini onlara Ali Baş Komandan İlham Əliyev və ön cəbhədə əsgərlərini doğma balaları kimi sevən, onları qoruyarkən şəhid olan komandirlər aşılayıb, ata-anaları ilə yanaşı. Fərhad da digər əsgər dostları kimi bu ilin yay aylarından ermənilərin azğınlaşmasından hiddətlənir, onlara layiq olduqları cavabı verməyə can atırdı. Sentyabrın 27-dən öncə könüllü orduya yazılması da bundan irəli gəlirdi. Sentyabrın 21-də gəlib bildirdi ki, artıq düşmənə mən də öz sözümü deyəcəyəm. Həmin gün ön cəbhəyə yola düşdü. Şuşaya kimi necə getdiklərini bilmədik. İmkan düşəndə Cəbrayıl və Füzuli ərazilərinin azad edilməsi xəbərini verirdi. Lakin Şuşaya getdiyini oradan telefonla zəng edib xəbər verəndə bildik. Bundan hansı ata, ana qürur duymaz ki?!”
Bəli, Fərhad İbrahimov kimi vətənpərvərliyi ilə nümunə olan oğullarımız xalqımıza Qələbə sevincini yaşatdı! Bu müzəffər yolda şəhidlik zirvəsinə ucalan oğulların da ata-anası “Vətən, başın sağ olsun!” dedilər. Bu, Vətənə layiq oğulların və onların valideynlərinin Azərbaycan - Qarabağ sevgisidir!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 31 dekabr.- S.12.