Zəfər zirvəsini fəth
edənlər
Çalışdıqları vəzifələrdə məsuliyyətli və işgüzar, nizam-intizamlı kadrlar kimi tanınır və həmişə uğurlu iş təcrübələri ilə seçilirlər. Bu gün isə onları həm də Vətən müharibəsində xalqımıza tarixi Qələbə sevincləri yaşadan qəhrəmanlar cərgəsində görür və hər biri ilə qürur duyuruq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq ehtiyatda olan zabit kimi səfərbərlik çərçivəsində Silahlı Qüvvələrimizin sıralarına qoşulanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan əməkdaşlar var.
Nazirliyin DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov ictimai işlər proqramının uğurlu icrasında, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında səmərəli fəaliyyəti ilə seçilir. Vətən müharibəsi başlayandan sonra Firudin Cəbrayılov da ölkəmizin ərazilərinin təcavüzkar Ermənistan işğalından azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarda fəal iştirak edərək, özünü bacarıqlı zabit kimi doğrultdu.
“Vətən torpaqlarının düşmən işğalından azad edildiyini görmək heç zaman unudulmayacaq fərəhli, sevincli hisslər, iftixar duyğuları bəxş edir. Mən də qat-qat artıq sevinirəm. Həm də şərəf hissi keçirirəm ki, düşmənə sarsıdıcı zərbələr vuraraq onu qısa müddətdə məğlubiyyətə uğradan, kapitulyasiyaya məcbur edən, ölkəmizin ərazilərini cəmi 44 gün ərzində sürətlə azad edən, şanlı tarix yazan qüdrətli Ordumuzun sıralarında mən də oldum. Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan vəzifəni qısa müddətdə uğurla icra etməyə qadir güclü, müasir və yüksək döyüş hazırlığı olan bir ordunun olduğunu dünyaya nümayiş etdirdi”, - deyə Firudin Cəbrayılov bildirir.
Nazirliyin tabeliyindəki Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri İlkin Yusifov cəbhədə həkim-zabit kimi döyüşçülərimizin xidmətində dayanması ilə qürur duyduğunu qeyd edir: “Azərbaycan əsgər və zabitləri bu müharibədə xalqımızın necə qəhrəman, döyüşkən, qorxmaz bir xalq olduğunu göstərdilər. Hərbçilərimiz böyük mərdlik, rəşadət nümunəsi oldu. Döyüşlər zamanı hətta yaralananda belə öz yarasının fərqinə varmadan döyüşə atılmağa, irəliləməyə doğru can atırdılar. Fəxr edirəm həbçilərimizlə və qürur duyuram ki, mən onların lazımi anda tibbi xidmətlə təmin olunması kimi vacib sahədə öz köməkliyimi göstərmişəm. Vətənimiz xoşbəxtdir ki, onun vətənpərvər, cəsur, mərd övladları var”.
İlkin Yusifov onu da bildirdi ki, çalışdığı tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində tez-tez müharibə əlilləri ilə təmasda olur: “Onlara qayğı ilə yanaşılması bizim üçün əsas prinsipdir. Sağlamlıqlarında müsbət dönüşə nail olunması üçün bütün reabilitasiya tədbirləri görülür. Bundan sonra da hər bir müharibə əlili bizim qayğımızla, reabilitasiya xidmətlərimizlə əhatə olunacaq. Bunun üçün son illərdə müasir tələblərə uyğun reabilitasiya sistemimiz də qurulub”.
Nazirliyin Protokol sektorunun məsləhətçisi Fərhad Allahverdizadə və nazirlik aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin məsləhətçisi Kamil Balakişiyev dövlət qulluğunun etik davranış qaydalarına uyğun fəaliyyət göstərən işgüzar və bacarıqlı kadrlar kimi tanınırlar. Bu müharibədə keçdikləri döyüş yolu ilə onlar içində sonsuz yurd sevgisi olan, qorxmaz, mərd, vətənpərvər əsgərlər kimi özlərini göstərdilər. Və sübut etdilər ki, hansı sahədə çalışmalarından asılı olmayaraq, Vətənin sadiq əsgərləridirlər və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə də atılmağa hazırdırlar.
Qeyd
edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi sistemində müxtəlif vəzifələrdə
çalışan 81 əməkdaş 44 günlük Vətən
müharibəsində iştirak edərək tariximizə
qızıl hərflərlə yazılan möhtəşəm
Qələbəmizin əldə olunmasında öz xidmətlərini
göstəriblər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2020.- 31 dekabr.- S.12.