Döyüşdə qələbəyə
inam silah-sursatdan irəlidir
Qazi Şaban Qəribli savaş
zamanı bu hissi
yaşadığını deyir
Deyirlər, insanların dünyada bölə bilmədikləri üç şeydən biri də torpaqdır. Əsrlərboyu onun yolunda qanlar axmış, milyonlarla can torpağa qarışmışdır. Vətənləşən torpaq nəsildən-nəslə keçərək and yerinə, iman ocağına çevrilmişdir.
30 ilə yaxın işğal altında qalan, talan olunan Qarabağın azadlığı uğrunda mübarizəyə qoşulmaq üçün minlərlə insan hazır olduğunu bildirdi. Onlardan biri də Şaban Qəribşah oğlu Qəribli idi.
Siyəzən rayon Sədan kənd sakini Şaban 25 noyabr 1995-ci ildə anadan olub. Orta təhsilini Elman Rəhimov adına Sədan kənd tam orta məktəbində alıb.
- Orta məktəbdə oxuyanda idmanla məşğul olurduq, - qazi Şaban bildirir. - Dərsdən sonra bir yerə yığışar, müxtəlif idman hərəkətləri edərdik. Soyuğa, qara və yağışa dözümlü olur kənd uşaqları.
- Qazimizin atası da veterandır, - deyə Sədan kənd kitabxanasının müdiri İsmayıl Muradzadə söhbətimizə qoşulur. - Qəribşah dayı Birinci Qarabağ savaşının iştirakçısı olub. Onun igidlikləri barədə kəndimizdə çox söz-söhbət dolanır. Allah rəhmət eləsin, 2012-ci ildə vəfat edib. Dəfnində Ağdam, Zəngilan və digər rayonlardan çoxlu adamlar gəlmişdi. Əksər insanlar söyləyirdilər ki, Qəribşah olmasaydı, biz indi ailəmizin yanında deyildik. Elə Vətən müharibəsi başlayanda atası kimi Şaban da cəbhəyə yollandı.
- Həyatda insanı yaşadan məqamlar çoxdur, - deyə Şaban söhbətə davam edir. - Əsgərlərimiz düşmən üstünə elə hücuma keçirdilər ki, onların içlərindəki qorxmazlığını görməmək mümkün deyildi. Ali Baş Komandanımızın tapşırıqlarını yerinə yetirməyə hamı tələsirdi. Döyüşdə insana nə silah, nə texnika kömək edir. Adama döyüşdə inam kifayətdir. Mən bunu yaşamışam.
Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak edən Şaban düşmənin neçə canlı qüvvəsini, texnikasını məhv edir. Əsgər yoldaşları ilə birlikdə ərazilərimizi azad edən Şaban döyüşlərin birində snayper gülləsinə tuş gəlir, dizindən yaralanır. Amma o, bunu yoldaşlarına bildirmədən döyüşməyə davam edir.
- İnanın ki, yaralandığımı döyüşün sonunda hiss etdim. İçimdəki qalibiyyət hissi idi məni belə möhkəm edən. Uşaqlarla danışmışdıq ki, Şuşaya bayrağı biz taxacağıq. Amma aldığım yara döyüşləri davam etdirməyə imkan vermədi. Eybi yox, təki qalib olaq.
Şaban artıq bir neçə dəfə əməliyyat edilib. Ağcabədi rayon Diaqnostika Mərkəzində onun sağ ayağına “İlizarov” aparatı qoyulub. Dostları onu tək buraxmırlar. Hər gün ona dəyməyə gələnlərlə söhbətləşən Şaban halının getdikcə yaxşılaşdığını deyir.
- Belə getsə, bir azdan özüm sərbəst yeriyə biləcəyəm. Həkimlər də sağ olsun, çox qayğıma qalırlar. Yəqin yeni ilə tam sağalacağam. Nə yaxşı ki, bizim nəsil bu müharibəni etdi, problemi gələcək nəsillərə qoymadı. Bu, bizim qələbəmizdir, Ali Baş Komandanımızın qələbəsidir.
Beləcə, Şabanın həmkəndlisi İsmayıl Muradzadə ilə birlikdə ondan ayrılırıq. Yolda İsmayıl mənə bildirdi ki, Şabanın istədiyi var: “Sağalsın, ona yaxşı bir toy edəcəyik”.
Akif ƏLİYEV
Azərbaycan.-2020.- 31 dekabr.- S.12.