Tarixi özündə əks etdirən ünvan

 

Latınca “achivinsözünün mənası “Hökumət idarəsi” anlamına gəlir. Sənəd və materialların saxlanıldığı yer əvvəllər belə adlanırdı.Tarixi hadisələri özündə əks etdirən, gələcək nəsillər üçün çox güclü məlumat mənbəyi olan arxiv sənədləri hər bir xalqın və dövlətin qiymətli mənəvi sərvəti sayılır. Məhz bu qiymətli sərvətin mühafizəsində, onların qorunub saxlanılmasında dövlət arxivlərinin böyük xidməti var.

Ölkəmizdə arxiv quruculuğunun maraqlı tarixi var. “Vahid Dövlət Arxivi Fondunun təşkil edilməsi və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaranması haqqında” 13 dekabr 1920-ci il tarixli dekreti ilə Azərbaycan arxiv işinin əsası qoyulmuşdur. Bu dekretə əsasən, 1920-ci ilin aprel ayının 26-na qədər fəaliyyət göstərmiş bütün idarələrə sənədlərin Mərkəzi Dövlət Arxivinə təhvil verilməsi  tapşırılır. 1921-ci ilin yanvarında Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olmuşdur.

Ümummilli Lider  Heydər Əliyevin 2 dekabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılmışdır. Hazırda Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 7 dövlət arxivi və Dövlət Arxivinin 15 filialı, Naxçıvan MR Dövlət Arxivi və 57 rayon, şəhər arxivləri fəaliyyət göstərir. Şabran Rayon Dövlət Arxivi 1930-cu ildə təşkil edilmişdir. Bu arxiv Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il tarixli 457 saylı qərarı ilə təşkil edilmiş Respublika Dövlət Arxivinin Quba Filialının tərkibinə daxil edilmişdir. Şabran Rayon Dövlət Arxivi hər rübdə bir dəfə filial qarşısında gördüyü işlər barədə hesabat verir, həmçinin filial tərəfindən metodiki kömək və göstərişlər alır.

Rayon icra hakimiyyəti başçısının inzibati ərazi vahidi üzrə nümayəndəlikləri, bütün bələdiyyələr, sənədləri dövlət arxivinə təhvil verməli olan digər idarə və təşkilatlar cari ilin yanvar ayının ilk gününə qədər, ləğv olunmuş təşkilatlar isə ləğv olunma tarixinə qədər toplanmış daimi xarakterli və arayış xarakterli (əmr kitabları və əməkhaqqı cədvəlləri) sənədləri arxiv qaydaları üzrə tam sahmana salaraq  Dövlət Arxivinə təhvil verməlidirlər. Bu sənədlərin itməsi həmin təşkilatda işləmiş neçə-neçə insanın gələcəkdə pensiyaya  çıxarkən problemlərinin yaranmasına səbəb ola bilər.

Azərbaycan Prezidentinin 2 dekabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2004-cü il tarixli 12 saylı qərarında Şabran Rayon Dövlət Arxivinin yeni bina ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Şabran Rayon Dövlət Arxivi üçün yeni otaqlar ayrılıb. Lakin həmin otaqlarda həddindən artıq rütubət  olduğu üçün arxiv sənədlərinin mühafizəsi çətinlik yaradır. Otaqlardakı rütubət qısa müddət ərzində aradan qaldırılmasa, saxlanılan sənədlər müəyyən müddətdən sonra yararsız vəziyyətə düşə bilər. Sənədlərin əksəriyyəti açıq halda rəflərdə və döşəmədə saxlanılır.

Rayon dövlət arxivinin sənədləri rayon ərazisində fəaliyyət göstərən və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert Yoxlama Komissiyası tərəfindən təsdiq olunmuş idarə və müəssisələrdən qəbul edilir.

Əgər hər hansı bir təşkilat ləğv olunarsayaxud fəaliyyəti dayandırılarsa, o zaman təşkilatın müraciəti əsasında onların şəxsi heyətinə aid əmrlər kitabları və əmək haqqı cədvəlləri saxlanılmaq üçün tərəfimizdən qəbul olunur. Həmin sənədlərin qəbulunda Azərbaycan Respublikası Dövlət Arxivinin Quba Filialının əməkdaşlarının fəaliyyətlərini qeyd etmək istərdim.

Şabran Rayon Dövlət Arxivinə qəbul olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba Filialının Ekspert Yoxlama Komissiyası tərəfindən təsdiq olunur.

Rayon arxivində mühafizə olunub saxlanılan sənədlərin saxlama müddəti bitdikdən sonra qanunvericiliyə uyğun olaraq dövlət əhəmiyyətli sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Quba Filialına təhvil verilir.

Hazırda rayon arxivində mühafızə olunub saxlanılan ən uzunmüddətli sənədlər 1938-ci ildən başlayan ayrı-ayrı kəndlər üzrə tərtib edilmiş təsərrüfatbaşına kitablardır. Müraciətlər müxtəlif sahələri əhatə edir. Ən çox müraciət isə stajı və fərdi mənzil tikintisi üçün olan torpaq ayırmalarına aiddir.

Rayon dövlət arxivinin  problemi öncə yerləşmə məkanı ilə bağlıdır. Hazırda rayon dövlət arxivində 86 fond üzrə mühafizə olunan 8429 saxlama vahidi mövcuddur. Həmin işlərin 3250-si xüsusi arxiv qutularına yerləşdirilmişdir. Qalanları açıq halda saxlanılır. Rayon dövlət arxivinin açıq halda saxlanılan sənədlərinin quraşdırılması üçün xeyli sayda arxiv qutusuna ehtiyacı var. Mühafizəxana da arxiv sənədlərinin mühafizəsi üçün qənaətbəxş deyildir. Rütubətin çox olması sənədlərin fiziki halına təsir edir. Fond otağının kiçik olmasına görə əlavə rəflərin quraşdırılması mümkün deyildir. Şabran Rayon Dövlət Arxivi üçün sənədlərin daha yaxşı mühafizəsini təmin edilməsi məqsədilə binanın olması vacibdir.

Əlbəttə, qeyd edilən problemlərin həlli arxiv idarələrinə vaxtaşırı üz tutan vətəndaşların müraciətinə operativ cavab verməyə də kömək edərdi. Axı arxiv idarələri vətəndaşların tez-tez müraciət etdiyi vacib dövlət strukturlarından biridiır.

 

 

Leyla QULİYEVA,

Şabran Rayon Dövlət Arxivinin müdiri

Azərbaycan.-2020.- 31 dekabr.- S.13.