Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınır

 

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən biri olan "Doing Business” hesabatında Azərbaycan bir daha dünyanın "Ən islahatçı on ölkə”si sırasına daxil edilib.

Koronavirus pandemiyasının dünyanı sınağa çəkdiyi və təbii ki, bizdən də yan keçmədiyi, erməni işğalçıları ilə haqq savaşı - Vətən müharibəsi apararaq Qələbə qazandığımız bu dövrdə də Azərbaycanın adının ən islahatçı ölkələr sırasında olması ikiqat qürur doğurur.

Bu günlərdə "Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Nəticədə ölkəmizin hesabatda mövqeyi 6 pillə yaxşılaşdırılıb. Belə ki, bu il avqustun 27-də Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlandığı və bunların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı bildirilmişdi. Dünya Bankının dekabrın 16-da yaydığı press-relizdə artıq qeyd edilir ki, göstəricilərlə bağlı məlumatlar yenilənib.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda üç istiqamətdə - elektrik təchizatı şəbəkələrinə qoşulma, müqavilələrin icrası, sərhəddə ticarət indikatorları üzrə aparılmış islahatların hesabatda lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Beləliklə, müvafiq düzəlişlərdən sonra Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da ölkənin qlobal reytinq sıralanmasında mövqeyi 191 ölkə arasında

34-dən 28-ə yüksəlib. Nəticədə Azərbaycan Dünya Bankı tərəfindən yenidən dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilib. Xatırladaq ki, ölkəmiz "Doing Business 2019” hesabatında da birinci onluqda idi.

Azərbaycan Dünya Bankı artıq 28 ildir sıx əməkdaşlıq edirlər. Dünyanın mühüm inkişaf institutlarından olan bu bank ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək ədalətli qiymət verir.

Bankın ölkələrin 10 indikator üzrə qiymətləndirilməsi məqsədini daşıyan "Doing Business” hesabatı biznes mühitinin dəyərləndirilməsi üçün dünyada ən vacib etibarlı reytinq göstəricisi hesab olunur. Burada hər il ölkələr üzrə aparılan islahatlar həm dövlət, həm çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf siyasəti, çoxşaxəli islahatlar bu qurum tərəfindən diqqətlə izlənilir. Odur ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlər Dünya Bankının hesabatlarında da öz dolğun əksini tapır və yüksək dəyərləndirilir.

Beləliklə, "Doing Business” hesabatında Azərbaycanın mövqeləri getdikcə nəzərəçarpacaq dərəcədə yüksəlib. İndi 190-dan çox ölkə arasında qabaqcıl yerlərdən birini tuturuq. Azərbaycan bu sırada dünyanın bir çox ölkələrini geridə qoyub, Müstəqil Dövlətlər Birliyi ölkələri sırasında isə lider mövqeyə yüksəlib.

Yeri gəlmişkən qeyd edək ki, mənfur qonşularımızın işğalçılıq siyasəti, faşizm xisləti onların ölkəsini hər cür inkişafdan geridə qoyub. İqtisadiyyatı gündən-günə tənəzzülə uğrayan, əhalisi baş götürüb dünyaya səpələnən Ermənistan çətin ki, nə vaxtsa yüksək reytinqlər qazana bilər. Ermənilər yalnız ağıllarını başlarına yığsalar, ağır vəziyyətdən çıxarlar.

Azərbaycanın inkişafı isə göz qabağındadır. Ölkəmizdə həyata keçirilən çoxsahəli, çoxşaxəli və davamlı islahatlar istər Dünya Bankı, istərsə də digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən izlənilir və qiymətləndirilir. Bütün bunlar Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən olduğunu bir daha təsdiqləyir.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 22 dekabr.- S.1;4