İlham ƏLİYEV: “Biz dostluğu qiymətləndirən xalqıq”

 

Azərbaycan işğaldan azad edilən ərazilərin bərpasında dost İtaliya ilə əməkdaşlıq edir

 

 

Müharibəni zəfərlə, qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır.

İşğalçı Ermənistanda isə siyasi qüvvələr hələ də məğlubiyyətin acışını meydanlarda müzakirə edir, səbəblərini araşdırır və bir-birini ittiham edirlər. Lakin anlamırlar ki, mövcud vəziyyətdən yeganə çıxış yolu işğalçılıq ambisiyalarına son qoymaq və erməni xalqını yeni müharibələrin uçurumlarına sürükləməməkdir. Bizim üçün belə mürəkkəb vəziyyətdə digər dövlətlərin atdıqları addımlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə, Rusiya kimi dövlətlər müharibədən sonrakı dövr üçün yeni əməkdaşlıq paketləri təklif edir, bütün Qafqazda sülhə aparan layihələrə start verməkdə maraqlı olduqlarını bildirirlər. Hətta Ermənistan dövləti də bu layihələrdə iştiraka dəvət olunur.

Fransa kimi bir sıra Avropa dövlətləri işğalçıya dəstək verməyə, münaqişənin dalana dirənməsinə çalışırlar. Lakin fərqli mövqe tutanlar da az deyil. Bu baxımdan ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 1-dən tanıyan İtaliyanın adını müsbət nümunə kimi çəkmək olar. İndiyədək Azərbaycanla İtaliya arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verən çoxsaylı sənədlər imzalanmış, dövlət başçılarının və yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Hazırda dünyanı koronavirus pandemiyasının cənginə almasına baxmayaraq, bu əlaqələr sürətlə inkişaf etməkdədir.

Ermənistan-Azərbaycan müharibəsi zamanı biz İtaliyanın sonadək ədalətli mövqe sərgilədiyini, onun daim ədalətin tərəfində olduğunu gördük. Müharibənin ən ağır günlərində döyüş zonasından çox aralıda yerləşən yaşayış məntəqələrimiz bombardman edilərkən Avropanın bəzi ölkələrinin parlament qrupları işğalçı ölkəyə səfər etdilər. İtaliyanın parlament qrupu isə müharibə sona çatandan az sonra Azərbaycana gəldi. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış oldular.

Gördükləri ağlasığmaz vəhşiliklər barədə həm hadisə yerində, həm də İtaliyada açıq mövqelərini sərgilədilər, dinc əhalinin gülləbaran edilməsinin yolverilməz olduğunu bəyan etdilər.

Azərbaycanın haqq işini müdafiə edən, bizə arxa duran və dəstək verən ölkələrlə ikitərəfli əlaqələrin inkişaf etdirəcəyini dövlətimizin başçısı çıxışlarında bir neçə dəfə diqqətə çatdırdı, dost ölkələrin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlarını bəyan etdi. Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında da bir daha bu fikirləri təkrarlayaraq birinci müqavilənin Türkiyə, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanmasının nəzərdə tutulduğunu qeyd etdi.

İşğal edilmiş ərazilərdə, demək olar ki, bütün işlər sıfırdan başlamalıdır. Ermənistanın 30 il ərzində işğal altında saxladıqları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlər yerləyeksan edilmişdir. Bu ərazilərdə bütün binalar darmadağın edilmiş, şəhər və kəndlər xarabazarlıqlara çevrilmiş, enerji sistemlərindən əsər-əlamət belə qalmamışdır. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə erməni qəsbkarları bütün enerji infrastrukturunu dağıtmış, apara bildikləri avadanlıqları daşımış, apara bilmədiklərini isə ya partlatmış, ya da yandırmışlar. Yəni görülməli işlərin həcmi böyükdür.

Həmişə onun şahidi olmuşuq ki, Azərbaycan Prezidenti dediklərinə əməl edib. Bu dəfə də belə oldu. Bu il dekabrın 18-də "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın "Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatının İtaliya şirkətinin həyata keçirməsi barədə müqavilə imzalanmışdır.

Dekabrın 19-da isə energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında keçirilən görüşdə Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər ətraflı müzakirə edilmişdir. İtaliya şirkətləri ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunmuşdur.

Dekabrın 7-də Azərbaycan Prezidenti İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qonaqlara müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti olduqlarını dedi, əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğuladı: "Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Sizbilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”.

Azərbaycan İtaliyanın Dağlıq Qarabağ münaqişəsində və 44 günlük müharibədə nümayiş etdirdiyi mövqeyini yüksək qiymətləndirir və qarşılıqlı əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirmək niyyətindədir. Dövlət başçısı hesab edir ki, bərpa dövründə dost ölkələrin şirkətlərinə önəm verilməlidir: "Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçünbu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq”.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 22 dekabr.- S.1;4.