“Xalq
Əmanəti” layihəsinin XX nəşri - Zəlimxan Yaqub
Xalq Bank "Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşrini təqdim edir. Yubiley nəşri müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunub. "Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub.
Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etmişdir. Zəlimxan Yaqub mütəfəkkir şairdir. O Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, "xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliyidir. Mənsub olduğu xalqı bir peşəkar tadqiqatçı-etnoqraf səviyyəsində mükəmməl tanıyan şair yaradıcılığının məzmun-mündəricəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.
Zəlimxan Yaqub
1950-ci ildə Borçalı mahalının Kəpənəkçi
kəndində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin
Kitabxanaçılıq fakültəsini bitirmişdir.
İlk şeiri
1966-cı ildə sovet
Gürcüstanının "Qələbə
bayrağı” qəzetində dərc edilmişdir.
Böyük şair həm də cəmiyyətimizə əməli fəaliyyəti ilə xidmət edən aktiv ictimai xadimlərdən biri olmuşdur. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırış millət vəkili seçilmişdir. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olmuşdur. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının "Şöhrət”, Gürcüstanın "Şərəf” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə "Azərbaycanın xalq şairi” fəxri adına layiq görülmüşdür.
Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etmək üçün onun nəhəng istedadını, zəngin dilini, çoxşaxəli yaradıcılığını dərindən araşdırmaq lazımdır. Onun yaradıcılığı poeziyanın janr təsnifatına sığmır: o, sözün geniş mənasında məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb-ərkanlıdı.
Zəlimxan Yaqub vətənpərvər şairdir - onun üçün vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda təbiətin və coğrafiyanın yetirdiyi milli-mənəvi ruhdur ki, şair bu ruhun həmişə canlı, mübariz və güclü olmasını arzu edir. Xüsusilə vətənin, millətin başının üstünü təhlükələr alanda.
Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir - o, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.
Zəlimxan Yaqub şair-ideoloqdur - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaradan sənətkardır. "Böyük ömrün dastanı”nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət quruculuğu missiyası yüksək sənətkarlıqla tərənnüm olunur.
Zəlimxan
Yaqub ana dilinin şairidir - onun zəngin söz ehtiyatı,
mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii
təyinləri, təşbehləri, mübaliğələri,
təravətli intonasiyası yüksək sənətin tələblərinə
cavab verir. Şairin ana dili sevgisi deklarativ deyil, şüar kimi səslənmir, candan-qandan
gələn dərin səmimiyyətilə ifadə olunur. Xalqına ürəkdən,
canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına
çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri də məhz bundadır. Tarix sübut
edir ki, xalqın
içərisindən çıxan, öz
tərcümeyi-halını millətinin həyatı olaraq yaşayan sənətkar-mütəfəkkirlər
heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan,
heç də hamının müraciət
etmədiyi qaranlıq hücrələr, fondlar
deyil, əksinə, hamıya açıq
olan, xalqın geniş,
işıqlı ruhu, ürəyidir.
"Xalq
Əmanəti” layihəsi "Xalq Bank” ASC tərəfindən
2010-cu ildən etibarən həyata keçirilir. Layihə
xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində
çap olunur. Nəşrlər ölkənin ali
və orta təhsil müəssisələrinə,
uşaq evləri və kitabxanalara,
müxtəlif fondlara, dövlət müəssisələrinə,
xarici ölkələrin Azərbaycanda və
Azərbaycanın xaricdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə
hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları
Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə,
Xalidə Səfərova, Mikayıl Abdullayev,
Tağı Tağıyev, eləcə də Ələkbər
Rzaquliyev, Mahmud
Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil
Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş
Samir Kaçayevin əsərlərindən
ibarət sərgilər təşkil edilmiş
və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz,
Hüseyn Arif, Xəlil
Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin
seçilmiş əsərləri,
görkəmli alim-numizmat, professor
Əli Rəcəblinin "Azərbaycan sikkələri”
kitabı, "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir
Mirzə Şəfi Vazehin Azərbaycan,
alman və rus dillərində
"Bütün əsərləri”
işıq üzü görmüşdür.
Azərbaycan.-2020.- 22 dekabr.- S.6.