2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 29 yanvar
2020-ci il tarixli 40
saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 18/111
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 78 saylı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Hikmət Səttar oğlu və digərləri 2020-ci il yanvarın 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
H.S.Ağayev və digərləri müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 78 saylı Lerik seçki dairəsi üzrə namizəd kimi seçkilərə qatılmış, qanunvericiliyə əsasən 17 yanvar 2020-ci il tarixindən başlayan təbliğat-təşviqat kampaniyasının başlandığı gündən qeydə alınmış namizəd Məmmədov İqbal Nəriman oğlunun vəkili Baxşıyev Cəlil Yüzbaşı oğlu Lerik Rayon İcra Hakimiyyətinin binasında oturmaqla Seçki Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmuş, ərazi icra nümayəndələri, bələdiyyələr və seçki məntəqələrinin üzvləri tərəfindən İ.N.Məmmədovun görüşləri təşkil olunmuşdur.
Araşdırma zamanı ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, şikayətçilərdən R.Q.Hüseynov komissiyanın iclasında iştirak etmişdir.
Geniş və hərtərəfli araşdırma ilə müəyyən edilmişdir ki, C.Y.Baxşıyev 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydiyyatdan keçmiş, Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq seçki kampaniyasında iştirak etdiyi müddətdə xidməti vəzifəsini yerinə yetirməkdən azad olunmuşdur (bu hal müvafiq əmrlə təsdiq olunur).
Ərazi icra nümayəndələri, bələdiyyələr və məntəqə seçki komissiyaları üzvlərinin İ.N.Məmmədovun seçkiqabağı təşviqatında seçicilər ilə görüşlərinin təşkil edilməsi iddiaları isə həmin subyektlər və digər şəxslər tərəfindən verilmiş izahatlarda öz təsdiqini tapmamışdır.
Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulmasına yol verilməsinə dair qeydə alınmış namizəd H.S.Ağayev və digərlərinin iddiası öz təsdiqini tapmadığından şikayətin təmin edilməsi üçün əsaslar yaranmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 78 saylı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Hikmət Səttar oğlu və digərlərinin 29 yanvar 2020-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.01.2020-ci il
Azərbaycan.- 2020.- 1 fevral.- S.5.