Tələbələr üçün faydalı ekskursiyalar
Azərbaycan İlahiyyat
İnstitutunun (Aİİ) bir
qrup tələbəsi
Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunu
ziyarət edib.
Tələbələr institutda
Yaxın və Orta Şərq, Şimali Afrika xalqlarının elm və
mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə,
eyni zamanda, XIX-XX əsrlərdə yaşamış
görkəmli elm və
mədəniyyət xadimlərinin
şəxsi sənədləri,
əvvəlki dövrlərin
qəzet və jurnalları, müxtəlif
mikrofilm və fotosurətlər ilə tanış olublar.
İnstitutda qorunan qədim əlyazmalarla tanışlıq zamanı
tələbələrə 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya
zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin,
İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd
Füzuli, Seyid Məhəmməd Ürfi
Şirazi, Bəvazici,
Əhməd Nədim,
Əbdürrəhman Cami,
Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin
Tusi, Məhsəti Gəncəvi, Əlişir
Nəvai, Mirxond Məhəmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, eləcə də digər görkəmli elm və mədəniyyət xadimlərinə
aid əsərlərin əlyazma
nüsxələri haqqında
geniş məlumat verilib.
Tələbələr institutda
mühafizə olunan əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında
əməkdaşların iş
təcrübəsi ilə
tanış olublar.
Tələbələr, eyni zamanda, XVI əsrin əvvəllərində Təbrizdə,
əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii
emalatxanalarında çalışan
dövrünün ən
görkəmli xəttat
və rəssamları
olan Sultan Məhəmməd,
Mir Müsəvvir, Mirzə
Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli,
Məhəmmədi, Sadiq
bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət
göstərməsi barədə
ərtaflı məlumat
alıblar.
Həmçinin Aİİ-nin tələbələri
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasını (MEK) ziyarət
ediblər.
Kitabxananın qeydiyyat
bölməsindən ekskursiyaya
başlayan tələbələr
daha sonra ənənəvi və elektron kataloqla tanış olaraq burada kitab
sifariş etməyi, sənədlərin elektron
kataloqa daxil edilməsi prosesini izləyiblər. Ziyarətçilər
sərgi salonunda müxtəlif mövzularda
nümayiş edilən
kitablarla tanış
olublar.
Daha sonra tələbələrə
MEK-in tarixi, fəaliyyəti
və məqsədi barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın
qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan
Respublikasının müstəqillik
illərində qazanılmış
siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin
təbliğ edilməsi,
Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının
genişləndirilməsi, müasir
elmi araşdırmaların
aparılması üçün
informasiya təminatının
yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan
bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya
elmi, tarixi və mədəniyyətinin
istifadəçilərinə təqdim olunması MEK-in əsas vəzifələrindəndir.
Ziyarət zamanı
tələbələr, həmçinin
MEK-in Diplomatik Fondunu,
Nadir Kitab Fondunu, Dövri Mətbuat Fondunu, Oxu zallarını
gəziblər.
Qeyd edək ki, Azərbaycan
İlahiyyat İnstitutu
tələbələrin dünyagörüşlərinin,
intellektual səviyyələrinin
zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına
maraqlarının artırılması,
kitabxanalardan fəal istifadələrini təmin
etmək məqsədilə
müxtəlif tədbirlər
həyata keçirir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.-1 fevral.-
S.6.