Ən dərin islahatlar ili

 

Prezident İlham Əliyevin ötən il reallaşan böyük sosial paketi, kadr və struktur yeniliyi Azərbaycanı dünyada ən islahatçı 20 ölkədən birinə çevirdi

2019-cu il Azərbaycanın müstəqillik tarixində ən dərin islahatlar ili kimi yadda qaldı. Həyata keçrilən sosial-iqtisadi, struktur və kadr islahatları çox yüksək qiymətləndirildi. Dünya Bankının "Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanda ötən il bütün istiqamətlərdə - sosial, iqtisadi, idarəetmə və kadr islahatları reallaşdı.

Prezident İlham Əliyev də ötən ilin sosial-iqtisadi uğurlarını dəyərləndirərkən 2019-cu ili dərin islahatlar ili adlandırdı və qeyd etdi ki, bu islahatlar inkişafın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək.

 

4,2 milyon nəfər, 2,3 milyard manat vəsait

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İlk olaraq ötənilki sosial islahatlara nəzər yetirək.

Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon nəfəri əhatə etdi. Bu məqsədlə 2,3 milyard manat sərf edildi. Bu paketlərin reallaşması nəticəsində - 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artdı, minimum əməkhaqqı 2 dəfə, pensiya 70 faiz artdı, müavinətlər 50 faiz yüksəldi, minimum pensiya 200 manat oldu, şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil təqdim edildi, əlilliyi olan şəxslərə 600 avtomobil verildi, 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat birdəfəlik ödəmələr verildi, ünvanlı sosial yardım artaraq 209 manata yüksəldi.

Dövlət başçısının ötən ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Həmin artımlardan 830 min insan yararlandı.

Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırıldı. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirildi.

Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olundu. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlil olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırdı. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinətində 50 faiz, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edildi. Ümumilikdə ötən ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu.

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği gələn ayın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu. Ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələdi. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox oldu. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin maaşlarının artımına səbəb oldu ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

İmzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da ötən il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırıldı. Ümumilikdə, ikinci sosial paket

1 milyon 350 min nəfəri əhatə etdi ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlər idi.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar Azərbaycan dövlətinin fövqündə vətəndaşımızın dayandığını bir daha təsdiqlədi. Şəhid ailələri, müharibə əlillərinə yeni mənzillər və avtomobillər verildi.

Ölkədə mühüm yerli və beynəlxalq layihələr reallaşdı. Aparılmış islahatlar çox geniş sosial paketi həyata keçirməyə imkan yaratdı. Azərbaycan dövləti sovet vaxtından qalmış əmanətlərin qaytarılmasında da vətəndaşlar üçün ən məqbul prinsip tətbiq etdi və bu sahədə də MDB məkanında birinci oldu.

 

Kadr islahatları, gəncləşmə, yeni təfəkkürlü insanların irəli çəkilməsi

 

Prezidentin struktur, kadr islahatları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

Cənab İlham Əliyev isə kadr islahatlarını belə qiymətləndirdi: "İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır”.

Prezident dedi ki, islahatlara alternativ yoxdur və kadr islahatları labüddür, qaçılmazdır. Əlbəttə ki, dövlət başçısının atdığı bu addımlar daha çevik idarəetmə formasının yaradılması istiqamətində görülən işlərin davamı idi. Çünki bu gün ölkəmizdə uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır və bu tərəqqinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür.

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən və bu istiqamətdə düşünülmüş addımlar atan cənab İlham Əliyev bu qərarları verərkən, ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. Prezident hesab edir ki, XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza atmaq qeyri-mümkündür. Yeni vəzifəyə təyin edilən gənc kadrlar savadlı, bilikli olmaqla yanaşı, ilk növbədə, vətənə bağlı, hər hansı bir xarici təsirdən azad və vətənpərvər olmalıdırlar ki, ölkənin inkişafı üçün öz səylərini göstərə bilsinlər. Bu, ilk növbədə, dövlət rəhbərinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin əyani təzahürüdür.

İslahatçı Prezidentin verdiyi qərarlar Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir. İslahatlara şahidlik edən ölkə ictimaiyyəti də dövlət idarəetmə sistemində həyata keçirilən prosesləri, xüsusən də gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsini təqdirəlayiq hal kimi qiymətləndirir.

 

Azərbaycan hazırda dünyanın ən islahatçı və sabit ölkələri arasındadır

 

Bu gün Azərbaycan sosial rifah dövlətinə çevrilib. Çünki iqtisadiyyatın və büdcənin artan imkanları əhalinin rifahının yaxşılaşmasına yönəldilir. İqtisadi uğurlar, artan imkanlar, yüksələn valyuta ehtiyatları buna real zəmin yaradır.

Azərbaycan hazırda dünyanın ən islahatçı və sabit ölkələri arasındadır. Ölkənin 51 milyard dollar olan strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini təşkil etdiyi halda, xarici borcumuz ÜDM-in 17 faizinə bərabərdir.

2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə rekord həddə - 2,2 faiz artıb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.

Ötən il ümumilikdə ixracat üçün uğurlu olub və gömrük məlumatlarının təhlili göstərir ki, ölkədən 19,6 milyard dollar dəyərində ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar dəyərində müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar nəticəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. Qeyri-neft ixracımız 2 milyard dollara yaxınlaşıb.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil cənab İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Bugünün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır və 2020-ci il ölkəmiz üçün uğurlu illərdən biri olacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 2 fevral.- S.5.