Daim axtarışda olan aparıcı
qüvvə
Azərbaycanda gənclər gününün təsis edilməsindən düz 23 il ötür. Bu mühüm hadisəyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, heç şübhəsiz ki, respublikamızda bir çox ilklərin təməlini qoyan, müasir Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyevin bu məsələdə qətiyyətini və gələcəyi görmə kimi fenomen xüsusiyyətini yada salmamaq mümkün deyil.
Gənclər gününün təsis edilməsinin ən yaddaqalan məqamlarından biri də onun coğrafi miqrasiyası ilə bağlıdır ki, bu tarixi hadisəni Azərbaycanın daxili sərhədlərilə məhdudlaşdırmaq ədalətsizlik olardı. Belə ki, Ulu Öndərin sərəncamından bir il sonra, 1998-ci ildə Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə dünyada gənclər günü təsis edilmişdir. Bu iki tarixi hadisənin mərkəzində Heydər Əliyevin iradəsi və gənclərin gələcəyi ilə bağlı bərqərar etdiyi siyasi baxışın gücü dururdu.
Məhz həmin tarixdən sonra Azərbaycanda gənclər siyasətilə bağlı yeni prioritetlər və onların gerçəkləşdirilməsi fonunda böyük imkanlar yarandı. Bununla bağlı tarix bizə 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında imzalanmış fərmanı, indiyədək reallaşan dövlət proqramlarını, respublikamızın hüdudlarında ərsəyə gətirilmiş çoxsaylı gənclər, eləcə də Olimpiya İdman mərkəzlərini və s. xatırladır. Gənclərimizin aktiv olduğu təhsil, mədəniyyət, idman və digər sahələrlə əlaqəli beynəlxalq arenalarda qazanılan uğurlar, medallar və ümumilikdə, qalibiyyətin simvollarını xarakterizə edən ən böyük nailiyyətlər Ümummilli Liderin gənclər siyasətinin geniş diapozununu açıqca nümayiş etdirir.
Əlbəttə, tarix göstərir ki, siyasi iradənin dayanıqlı olması, onun davam etdirilməsi çox böyük məsuliyyət və idarəçilik məharəti tələb edir. Bunun üçün genetik xüsusiyyətlərlə bərabər, müasir həyatın tələb və imkanlarını yaxşı təhlil etmək, gələcəklə əlaqəli doğru proqnozlar vermək, bütövlükdə liderlik vəsflərini daşımaq ən böyük şərtlərdəndir. Ümumillili Liderin bütün siyasi baxışlarını mənimsəyən, onların gələcək hədəf və vəzifələri ilə bu günün tələb və imkanlarını ustadcasına uzlaşdıran Prezident İlham Əliyevdə qeyd edilən müsbət xüsusiyyətlər ziyadəsilə mövcuddur. Hazırda Azərbaycanda irəli sürülən siyasi xətt, o cümlədən gənclərimizin inkişafı ilə bağlı qəbul edilən mühüm qərarlar, gerçəkləşdirilən nəhəng layihələr xalqın təqdirini və rəğbətini qazanır.
Gənc nəslin inkişafında xüsusi rola malik, neçə Azərbaycan gəncini zirvələrə daşıyan gənclər siyasətinin təməlini təşkil edən gənclər günü haqlı olaraq hər il müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatları tərəfindən qeyd edilir, həmçinin nailiyyətlər xatırlanır və gələcək hədəflərlə əlaqəli fəaliyyətin istiqamətləri müəyyənləşdirilir. Ötən 2019-cu il də Prezidet tərəfindən həyata keçirilin gənclər siyasəti, o cümlədən dövlətin yaratdığlı imkanlar elm sahəsində çalışan gənclərimiz üçün də xeyli uğurlu olmuşdur. Həm ölkə daxilində, həm də respublikamızın hüdüdlarından kənarda gənclərimizin əldə etdiyyi nailiyyətlər ötən illərə nisbətən daha məhsuldar keçmişdir.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri kimi gənc alimlərimizin bu il fundamental və tətbiqi elmi istiqamətlər üzrə çoxlu sayda elmi əsərləri işıq üzü görmüşdür. Sevindirici haldır ki, dünyanın elmimetrik mənzərəsində Azərbaycan alimlərinin reytinqi ötən il xeyli artmış, bu tendensiyada gənclərimiz xüsusi fərqlənmişlər. Qlobal miqyada ən nəhəng bazalar hesab edilən "Web of Science” və "Scopus”da indeksləşən jurnalların səhifələrində azərbaycanlı gənc alimlərin ad və soyadları göz oxşayır.
Əlbəttə, əldə edilən yerli və beynəlxalq əhəmiyyətli uğurların, o cümlədən formalaşan təqdirəlayiq mənzərənin mahiyyətində nə qədər şəxsi keyfiyyətlər üst sıralarda durursa, bir o qədər də göstərilən etimad və yaradılan imkanlar həlledici rola malik olur. Gənc alimlərimiz üçün uğurlu gələcəyin təminatında bu iki amil tandem təşkil edir ki, bizlər hər zaman cənab Prezidentin dəstəyindən ilhamlanaraq Azərbaycan elmini zirvələrə daşımaq məqsədlərimiz uğrunda əzmlə çalışırıq.
Famin SALMANOV,
AMEA Gənc Alim və Mütəxəssislər
Şurasının sədri,
fizika üzrə fəlsəfə doktoru,
dosent
Azərbaycan.- 2020.- 2 fevral.-
S. 7.