Könüllülük böyük missiyadır

 

1998-ci ildə Gənclər İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı Könüllüləri Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot layihə həyata keçirilib. Məhz 1998-2000-ci illərdə reallaşdırılan proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunmağa başlayıb və ilk könüllü komandası yaradılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılmış bu hərəkat, bu ideya hazırda geniş vüsət alıb.

Könüllülüklə bağlı ilk böyük hərəkat 2012-ci ildə olub. Azərbaycanda keçirilmiş "Eurovision-2012” mahnı müsabiqəsinin təşkilati işlərinə 1200-dək könüllü cəlb edilib. Gənclərimiz bu sınaqdan uğurla çıxıblar.

Bakıda keçirilmiş ilk Avropa Oyunları daha geniş miqyasda oldu. Bu mötəbər çoxnövlü idman turnirində 17 minə yaxın gənc könüllülük fəaliyyətinə cəlb edildi. Həmin tədbirdə iştirak etmək üçün 20 mindən artıq gənc müraciət etmişdir. Daha sonra ölkədə keçirilən "Formula-1”, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlərdə bu hərəkat daha da genişləndi. Onların hər birinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın imzası ilə diplomlar təqdim edildi.

Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə "Könüllü fəaliyyəti haqqında” qanun qəbul edilib. Ötən il fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi vurğulayıb, könüllülük fəaliyyətinə qoşulmağı, könüllü olaraq bu və digər sahələrdə çalışmağı gənclərə tövsiyə edib.

Azərbaycan Prezidentinin 2020-ci ili "Könüllülər ilielan etməsi bu hərəkatın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Hər bir Azərbaycan gənci könüllülük hərəkatına qoşulduqda vətəndaşlıq borcunu bu fəaliyyət üzərindən həyata keçirir. Gənclərimiz xaricdən gələn qonaqlarla ünsiyyətdə olur, onları müşayiət etməklə yanaşı, Azərbaycanımızın mədəniyyətini, tarixini, ölkəmizlə bağlı həqiqətləri təbliğ edirlər. Bu, özlüyündə böyük bir missiyadır. Sevindirici haldır ki, gənclərimiz bu missiyanı uğurla yerinə yetirirlər. Bu gün Azərbaycanın 20 mindən artıq gənci könüllülük hərəkatında iştirak edir.

 

Azərbaycan.- 2020.- 2 fevral.- S.7.