“Qara qızıl” sərvəti
müstəqil Azərbaycan dövlətinə və
xalqına xidmət edir
Ölkədə yaşanan tərəqqi
bu amilə əsaslanır
Dünyanın neft sənayesində baş verən proseslər göstərir ki, bu zəngin sərvət heç də həmişə xeyir vermir. Bir çox hallarda neft faciə, qarşıdurma, ədalətsizlik, qeyri-bərabərlik gətirir. Azərbaycanın timsalında isə neftin xeyir-bərəkət, inkişaf, tərəqqi gətirdiyini bütün dünya aydın görür.
Təbiətin bəxş etdiyi "qara qızıl” sərvəti bu gün müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edir.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər "Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. "Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var”.
Azərbaycan dövləti düzgün siyasət yürüdərək neftin çoxşaxəli fayda gətirməsinə nail oldu.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası ölkədə yeni bir vəziyyət yaratdı və sürətli inkişaf başlandı. Bu sahədə də Ümummilli Liderin siyasi kursunu uğurla davam və günün tələbləri baxımından daha da inkişaf etdirən Prezident İlham Əliyev neft kapitalını insan kapitalına çevirdi.
Dünyanın ən gözəl şəhərləri ilə yarışda əzəməti ilə geridə qalmayan müasir şəhərlərimiz, gündən-günə abadlaşan kəndlərimiz, davamlı quruculuq işləri... Bütün bunların təməlində neft sənayesinin uğurları dayanır.
Neftdən əldə olunan gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun genişləndirilməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, mükəmməl beynəlxalq əməkdaşlıq platformasının yaradılması, kadr hazırlığı və s. neft gəlirlərinin hesabına olub.
Neftdən daxil olan vəsaitin ölkəmizin ümumi inkişafına təkan verdiyini təsdiqləyən əsas faktlardan biri odur ki, bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdəyik. İndi ölkədə yoxsulluğun səviyyəsi 4,8 faiz ətrafındadır. Bu isə onu göstərir ki, neft gəlirləri cəmiyyətdə ədalətli şəkildə bölünür.
Ölkədə son illərdə yaşanan tərəqqi məhz neft-qaz amilinə əsaslanır. Yaradılan sosial infrastruktur xüsusi önəm daşıyır. Regionların hərtərəfli inkişafına yönəldilən dövlət proqramlarının icrasına başlanandan bəri, yəni son 16 ildə 16 min kilometr yeni yol çəkilib, yaxud əsaslı təmir olunub. Təkcə 2019-cu ildə 1300 kilometr yeni magistral, şəhər və kəndarası yollar inşa edilib.
Bu gün Azərbaycan həm də elektrik enerjisi ixracatçısıdır. Keçən il əlavə daha 800 meqavat generasiya gücü əldə etmişik. Ancaq vaxt var idi ki, bölgələr qaranlıq içində yaşayırdı. Hətta paytaxt şəhərimizin özünə də işıq tam çatmırdı. Prezident İlham Əliyev həmin dövrü xatırlayaraq demişdir: "O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər”.
Qazlaşdırma 96 faizi ötür. Qaz xətləri ən ucqar dağ kəndlərinə çatıb. Qeyd edək ki, qazlaşdırmanı belə sürətlə və geniş miqyasda aparan ölkələr dünyada tək-təkdir.
Bu gün ölkə əhalisinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu istiqamətdə də görülən tədbirlər davamlıdır.
Dövlət Neft Fondunun vəsaitləri hesabına qaçqın və məcburi köçkünlər üçün 100-dən çox şəhərcik salınıb. Təkcə keçən il şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil verilib. Bu il həmin rəqəmin 1500 olacağı nəzərdə tutulub. İndiyədək şəhid və əlil ailələri 7590 yeni mənzilə köçüb. Bu kateqoriyadan olan insanlara bütövlükdə 6750 avtomobil verilib.
Son 16 ildə tikilən 3300-dən çox məktəb, 700-dən çox tibb müəssisəsi də görülən işlərin miqyasını göstərən əyani misaldır.
Əhalinin sosial problemlərinin həlli də neft-qaz sahəsində gerçəkləşən layihələrlə birbaşa bağlıdır. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib. Əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması nəticəsində vətəndaşların maddi vəziyyəti xeyli yaxşılaşdırılıb.
"Əsrin müqaviləsi” imzalanarkən əsas məqsədlərdən biri bu idi ki, tədricən bütün əsas vəzifələri Azərbaycan vətəndaşlarının özü tutsun. Təbii ki, ilk illərdə bu işlərdə ən çox xarici vətəndaşlar çalışırdı. Nisbət 90 və 10 faiz idi. Lakin getdikcə bu rəqəmlər öz yerini dəyişdi.
Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və aparılan neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti ölkəmizin öz vətəndaşlarıdır.
"Bu, çox böyük sərvətdir, - deyir Prezidentimiz. - Neft-qaz tükənən sərvətdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər”.
Qarşıda duran prioritet vəzifə neft-qaz amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılıb. Tənəzzülə uğramış, az qala unudulmuş kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bu tədbirlərdəndir. Qeyri-neft sektorunun aparıcı qolu olan kənd təsərrüfatında və digər sahələrdə qazanılan nailiyyətlər göstərir ki, Azərbaycan bu hədəfə də çatacaq.
Flora SADIQLI
Azərbaycan.- 2020.- 4 fevral.- S.9.