“Gəncləşən muğam”
layihəsinin növbəti konserti Xalq artisti Əlibaba Məmmədova
həsr olunub
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.
AZƏRTAC xəbər verir ki, layihənin budəfəki konserti Xalq artisti, "Şöhrət” ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.
Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova ustad xanəndə haqqında deyib: "Əlibaba Məmmədovda ustada layiq olan bütün keyfiyyətlər var. O öz avazı, öz yolu, öz dəstxəti olan sənətkarlardan biridir və özünün bənzərsiz ifa tərzi ilə muğam sənətinə təravət və gözəllik gətirib. Bu gün sənətdə ilk addımlarını atan gənclər ondan çox şey öyrənməlidirlər”.
Layihənin rəhbərlərindən biri Xalq artisti, professor Mənsum İbrahimov deyib: "Layihənin növbəti buraxılışını Əməkdar artistlər xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovla birlikdə ustad ifaçı Əlibaba Məmmədova həsr etməyi qərar aldıq və onun keçdiyi sənət yolu, muğama olan sevgisi hər birimiz üçün örnəkdir”.
Qeyd olunub ki, "Gəncləşən muğam”ın əhatə dairəsi ildən-ilə genişlənir. 2005-ci ildən həyata keçirilməyə başlayan layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Başlıca məqsəd gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmaqda onlara yardım göstərməkdir.
Sonra ustad xanəndənin bəstələdiyi "Min yaşasın”, "Söylə”, "Mənim alagöz yarım”, "Gəl bizə yar”, "Şadlanasan, güləsən”, "Səni gözlə” və "Ürəyim” mahnıları Nurlan Namazov, Gülzar Fərəcova, Ramiq Bayramov , Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli, Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev, Günay İmamverdiyeva və digər gənc xanəndələrin ifasında səslənib.
Konsertin yekununda layihənin bütün iştirakçıları Əlibaba Məmmədovun müəllifi olduğu "Ürək deyir yaşa hələ” mahnısını birgə ifa ediblər.
Azərbaycan.- 2020.- 4 fevral.- S.9.