Satirik qrafikanın əsasını qoyan
rəssam
Azərbaycan karikatura sənətinin
banisi, Xalq rəssamı
Əzim Əzimzadənin ev-muzeyindən reportaj
Gülüş, istehza, təbəssüm ayrı-ayrı obrazların, əslində, tiplərin xarakterini ifadə edən keyfiyyətlərdir. Bədii əsərlərdə bunlar müəllifin yaradıcılıq qabiliyyətinin və imkanlarının ortaya qoyulmasında mühüm cəhətlər hesab edilir. Çünki burada fikir "çılpaq” yox, "geyim-kecimli” olur, əsərin məna və məzmununun açılmasında mühüm rol oynayır.
Rəssamlıqda, xüsusən bu sənətin karikatura janrında yaradılan əsərlərdə gülüşün müxtəlif formalarından o qədər də istifadə olunmayıb. Xalqımızın yaddaşına karikaturaçı-rəssam kimi yazılan Əzim Əzimzadə isə həmin janrdan istifadə etməklə özünü bu sənətin banisinə çevirdi.
Bu il anadan olmasının 140 illiyi tamam olacaq Xalq rəssamı, ölməz sənət fədaisi Əzim Əzimzadənin yaratdığı tiplərin XX yüzilliyin o başından gələn istehzalı gülüşləri ilə əsaslı təmirdən çıxmış ev-muzeyində də üzləşirik.
1880-ci ilin may ayında Abşeron rayonunun Novxanı kəndində anadan olmuş Əzim atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür və rus rəssamlıq məktəblərinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin” jurnalında əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin”, "Baraban”, "Zənbur”, "Tuti”, "Kəlniyyət” jurnallarında karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyan Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
"100 tip”in yaratdığı acı gülüş, istehza...
Mənfi surətləri
gah kəsərli yumor, gah yumşaq
kinayə ilə kəskin satira atəşinə tutan rəssam "İt boğuşdurma”, "Kişi
arvadını döyür”,
"Varlı evində
toy”, "Su üstündə dava”, "Köhnə bakılılar” kimi əsərlərində müxtəlif
sosial təbəqələrə
məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə
qarşı çıxış
edirdi. Bu mənada o dövrdə cəmiyyətdəki
sosial ədalətsizlikləri
özündə daha qabarıq əks etdirən "Köhnə
Bakı tipləri” və "100 tip” əsərləri
xüsusilə diqqətçəkəndir.
Əzim Əzimzadə M. Ə. Sabirin
"Hophopnamə”sinə çəkdiyi
illüstrasiyalarla kitab
qrafikası sənətinin
də əsasını
qoyan rəssam kimi tanınırdı. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar isə Azərbaycan rəssamlığının bu
sahədə inkişafına
xüsusi təkan verdi. Əzim
Əzimzadə əsərlərini
dörd üslubda çəkib: karikatura, portret, ornament və mənzərə.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 7
may 2019-cu il tarixli qərarı ilə Əzim Əzimzadənin əsərləri
dövlət varidatı
elan edilən müəlliflərin siyahısına
daxil olunub. Əsərləri dünyanın bir
sıra muzeylərində
nümayiş etdirilən
rəssamın ilk fərdi
sərgisi 1940-cı ildə
təşkil olunub.
Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın
1200-dən çox əsərinə
heyranlıqla, təbəssümlə,
acı gülüşlə
tamaşa ediblər.
1920-1943-cü illərdə
Ə. Əzimzadə Azərbaycan
Rəssamlıq Texnikumunda
müəllim, 1932-1937-ci illərdə
isə direktor vəzifələrində çalışıb.
Yolumuzu böyük karikaturaçı
rəssam Əzim Əzimzadənin ev-muzeyindən
saldıq. Sakitlik, səliqə-səhman, sənətə və sənətkara sevgi ilk baxışdan diqqəti cəlb edir. Təcrübəli bələdçilər
Məleykə Əkbərova,
Xalidə Babayeva və Nəzrin Yaqubova bura yolu
düşənlərin hər
birini Xalq rəssamının ev-muzeyi
ilə yaxından tanış edirlər.
Rəssamın xatirəsinin
əbədiləşdirilməsi üçün vaxtilə
yaşadığı ev dövlət tərəfindən 1968-ci ildən
ev-muzeyinə çevrilib.
Bələdçimiz Məleykə
Əkbərovadan öyrəndik
ki, ev-muzeyində rəssama aid 2117 eksponat qorunur: "Rəssamın
adını daşıyan
bağ da var, İçərişəhərdədir,
2011-ci ildən istirahət
parkına çevrilib.
1980-ci ildə rəssamın 100 illik yubileyi ilə əlaqədar Ümummilli
Lider Heydər Əliyevin sərəncamı
ilə Azərbaycan Dövlət Filarmoniyasında
rəssamın yaradıcılıq
gecəsi keçirilib.
Mədəniyyət və
incəsənətimizi yüksək
qiymətləndirən Prezident
İlham Əliyev də Xalq rəssamının
xatirəsini əziz tutaraq onun anadan
olmasının 135 illik
yubileyinin keçirilməsi
haqqında sərəncam
imzalayıb...”
Rəngləri "daşa
dönmüş” fırçalar
Bələdçi ustadın
vaxtilə yaşadığı
evin Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli
qərarı ilə xatirə muzeyi kimi yaradıldığını
deyir: "...Bu mədəniyyət
ocağı Bakıda
rəssamlıq üzrə
ilk ev-muzeylərdən biridir.
Paytaxtın mərkəzində, hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən
ev-muzeyi qapılarını
əsaslı təmirdən
sonra ziyarətçilərinin
üzünə tamamilə
yeni tərtibatda, müasir dizaynda açıb. Qapıdan
içəri daxil olduqda sağ tərəfdə Ulu Öndər Heydər Əliyevin rəssam haqqında "Azərbaycanda
rəssamlıq sənətinin
banisi, dahi rəssam Əzim Əzimzadə xalqın qəlbində daim yaşayacaqdır” fikri divarda əks olunub, sol tərəfdə
isə heykəltəraş
Ömər Eldarovun
1968-ci ildə karikaturaçı
sənətkarın şərəfinə
yaratdığı büst
yerləşdirilib...”
Dəhlizdə rənglər
üstündə "daşa
dönmüş” fırçalar,
iş masası, divar boyunca isə
əsərləri içəri
daxil olan hər kəsin diqqətini cəlb edir. Muzey boyunca əl
işlərindən ibarət
rəsm əsərlərinin
nümayiş olunması
ilə yanaşı, divarda quraşdırılmış
3 genişekranlı monitorda
sənətkarın həyat
və yaradıcılığı
elektron versiyada ziyarətçilərin nəzərinə
çatdırılır. Birinci monitorda xalq rəssamının yubileyi ilə bağlı Azərbaycan Televiziyasının hazırladığı
"Bir rəngin min çaları” adlı qısametrajlı film, ikincidə
85 əsəri, üçüncüdə
isə ailəsi və dostları ilə birlikdə şəkillər təqdim
edilir.
Öyrənirik ki, rəssamın əsərlərinin
heç də hamısı burada saxlanmır, onların bəziləri müxtəlif
muzeylərin dəyərli
eksponatarı arasındadır:
232 əsər R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində,
3 albomu, 499 ədəd
eksponatı isə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Ev-muzeydə qorunan əşyalar
məhz ailəsi tərəfindən hədiyyə
edilənlərdir.
Muzeylik cehiz
Dördotaqlı muzeydə Əzim Əzimzadənin şəxsi
əşyaları, kolleksiyası,
kitabları, əsərləri
nümayiş olunur. Dəhlizin sonunda,
divarboyu İçərişəhərin
Qoşa qala qapısının maketi ilə üzləşirik.
Gülağa Mirəliyevlə Elxan Əliyevin birlikdə hazırladığı
maketin qarşısında
rəssamın məşhur
əsərlərinin qəhrəmanları
- prototipləri təqdim
olunur. Bura ən maraqlı
və yaddaqalan guşədir.
Maraqlı məqamlardan biri də muzeyə girişin ödənişsiz
olmasıdır. Muzeyin "Facebook” səhifəsinin
fəaliyyət göstərməsi
də ölməz sənətkarın təbliğində
mühüm vasitəyə
çevrilib. Həmin səhifənin
5 minə qədər
izləyicisi var. Burada
keçirilən tədbirlər,
layihələr barədə
məlumatlar "Facebook”
səhifəsində qeyd
olunur.
Əzim Əzimzadənin nəvəsi
Sevda Əzimzadə babasını sağlığında
görmədiyinə təəssüfünü
gizlətmir. Lakin onun haqqında
çoxlu xatirələri
var. Babasının bütün
əşyaları onun
üçün dəyərlidir.
Buradakı əşyaları sevərək muzeyə hədiyyə ediblər.
Muzeydəki mebel qızına
verdiyi cehiz olub.
Rəssamın nəticəsi və sənətinin davamçısı,
gənc rəssam Nigar Əzimzadə 5 yaşından bu sənətə meyil salıb. Satira janrında
çəkməsə də,
Əzim Əzimzadə
adına Rəssamlıq Kollecini bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
davam etdirib. Hazırda muzeydə bərpaçı-rəssam
vəzifəsində çalışır.
Bu da muzeyin giriş-çıxış
qapısı. Ziyarətçilər
təəssüratlarını öz dəstxətləri
ilə "Xatirə kitabı”na yazmamış
bu sənət məbədini tərk etmirlər, həm də özlərini də xatirəyə çevirmək uçun...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2020.- 4 fevral.- S.10.