İçərişəhərin rəmzlərindən biri - Qoşa qala qapısı

 

Danışan tarix

 

Qədim İçərişəhərin əsas girişlərindən biri Qoşa qala qapısıdır. Bu qapı əvvəllər Şamaxı qapısı da adlanıb.

Bakının qala divarı Şirvanşah III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşa edilib. Qala divarının şimal tərəfindən 1950-ci illərin ortalarında aparılan bərpa işləri zamanı tapılmış yazılı daş kitabədən məlum olanlar budur.

1191-ci ildə Şamaxı zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvanşah Axsitan Şirvanın ikinci paytaxtına çevrilən Bakını iqamətgahı edib. Və şəhərin müdafiəsini təmin etmək, onu düşməndən qorumaq üçün tədbirlər görülüb. Bu məqsədlə XII əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda bürclər, qəsrlər, qalalarqala divarları ucaldılıb.

Yadellilərin hücumlarından qorunmaq üçün qədim şəhər orta əsrlərdə ikiqat qala divarları ilə əhatə olunub. Şəhəri işğal etmək üçün sudanoddan keçmək lazım idi. Belə ki, divarlar çöl tərəfdən xəndəklə dövrələnib. Təhlükə yarananda həmin xəndəklər xüsusi kanallar vasitəsilə su ilə doldurulurdu. Qala divarlarının birinciikinci qatının arasındakı xəndək isə neftlə doldurulur, düşmən hücumu zamanı yandırılırdı.

Mənbələrdə qalan məlumatlara görə, orta əsrlərdə Qala divarında şəhərin beş giriş qapısı olub. Bakının müxtəlif istiqamətlərində qoyulan bu qapıların üçü dənizə, ikisi quruya açılıb. Quru ilə əlaqə üçün əsas yol şəhərin şimal tərəfindəki Şamaxı və ya Qoşa qala qapıları, qərbdən isə Salyan qapısı idi. Orta əsrlərdə şimaldan - Şamaxıdan gələn karvanlar cənuba - İrana Salyan qapılarından keçiblər.

Darvazalar tağbənd formadadır. Qoşa qala qapısı tağbəndinın üstündə ərəb əlifbası ilə inşaat yazısı və qabarıq şəkildə şəhərin rəmzi olan öküz başı, şir rəsmləri həkk edilib. Tədqiqatçılar bildiriblər ki, 1683-cü ildə Bakıda olmuş alman alimi Engelbert Kempfer bu işarələri şəhərin gerbi kimi şərh edib. Kempfer belə hesab edib ki, şirlər - yəni qala divarları oküz başını - yəni dövləti, Şirvanşahlar sarayını gecə-gündüz qoruyurlar.

Şamaxı və ya Qoşa qala qapısı İçərişəhərin əsas giriş qapılarından biridir. XIX əsrin sonlarına kimi həm də Şah Abbas qapıları adlanan bu qapılar Bakı qalasının yeganə girişi olub. Qeyd edək ki I Şah Abbasın hakimiyyəti dövründə - 1608-1609-cu illərdə Bakı qalasında əsaslı bərpa işləri həyata keçirilib, Zülfüqar xanın göstərişi ilə xarici qala divarları inşa olunub. Qoşa qala qapısı üzərində hicri təqvimi ilə 1017-ci ilə (miladi 1608-1609) aid kitabədə bu barədə məlumat verilib.

1868-ci ildə Bakının hərbi qubernatoru şəhərin abadlaşdırılması, onun hərbi müdafiə istehkamı kimi ləğv edilməsi məqsədilə qala divarının sökülməsi barəsində Qafqaz Hərbi Dairəsinə müraciət ünvanlayıb. İkinci qala divarının sökülməsinə 1870-ci ildə icazə verilib. Bu məsələ 1886-cı ildə Dumanın iclasında yenidən qaldırılıb. Sökülən hissədə yerləşən Zülfüqar xan qapısı adlanan qapının birinci qala divarında yerləşən Şamaxı qapısının yanına köçürülüb. Bundan sonra qapılar birlikdə Qoşa qala qapısı adlandırılmağa başlayıb.

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması bəşəri əhəmiyyət daşıyır. Çünki onlar tarixlə körpü yaradır. Abidələrin bərpa və konservasiya işlərinin həyata keçirilməsi də bu baxımdan çox böyük diqqət və həssaslıq tələb edir. İnşa tarixi orta əsrlərə gedib çıxan Bakının Qala divarı və onun möhtəşəm Qoşa qala qapısı da zaman keçdikcə xarici qüvvələrin təsiri ilə zədələnməyə, aşınmaya məruz qalır. 1952-1957-ci illərdə bütövlükdə Qala divarları bərpa edilib. Sonra bu əzəmətli abidə yarım əsrdən çox müddətdə restavrasiya olunmayıb. 2011-2012-ci illərdə Qala divarlarının 150 metrə yaxın hissəsi şimal-qərb istiqamətindən bərpa edilib. Bu il Qoşa qala qapısında bərpa-konservasiya işləri uğurla həyata keçirilib. Belə ki, 2019-cu ilin ortasında başlayan layihəyə əsasən bərpa və konservasiya işlərinə Qala divarlarının daxili hissəsindən başlanılıb, daha sonra qapıların yanındakı iki bürcdaxil olmaqla abidə xaricdən bərpa edilib.

İçərişəhər, onun qədim Qoşa qala qapısı Azərbaycan tarixi üçün böyük dəyərə malikdir. Bu möhtəşəm abidə tariximizin bu günədək tədqiq olunmuş və hələ də öz araşdırmaçılarını gözləyən çox hadisələrin şahididir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 4 fevral.- S.10.