Sənətinin vurğunu

 

Musiqi xadimləri

 

Tanınmış musiqişünas, etnoorqanoloqpedaqoq Səadət Abdullayeva 1940-cı il yanvarın 18-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Abutalıb Abdullayev İçəri şəhərin "Ağşalvarlılar” məhəlləsindən idi. O, dövlət xadimi olub, Mənzil-Kommunal təsərrüfatı naziri vəzifələrində çalışıb, Azərbaycanın qazlaşdırılmasında xüsusi xidmətlər göstərib.

Səadət xanım onun üç qızından biri idi. Uşaqlar evdə musiqiyə böyük sevgi görüblər. Çünki valideynləri musiqini çox seviblər. Onların bu sevgisi övladlarına da təsir göstərib. Böyük qızları Sevil xanım orta təhsilini onillik musiqi məktəbində başa vurub. Səadət xanım və kiçik bacısı Gülnaz xanım isə musiqi sənətinə ömürlük bağlanıblar.

Səadət Abdullayevanı valideynləri 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbinə (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) aparıblar. 1957-ci ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub. Həmin illərdə konservatoriyada yeni açılan Azərbaycan xalq musiqisi fakültəsini seçməsinin səbəbi isə xalq musiqisini çox sevməsi idi.

Tələbəlik illərində böyük bacısının təhsil aldığı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinin məşhur rəqqas Əlibaba Abdullayevin rəhbəri olduğu özfəaliyyət ansamblının tərkibində akkordeonda ifa edib. İştirak etdiyi ansambl fakültələr arasında keçirilən müsabiqədə qalib seçilib.

Tələbəlik illərində bəstələdiyi iki romansı Zəhra Rəhimovanın ifasında Azərbaycan Radio Verilişlərinin səsyazma studiyasında yazılaraq efirdə səslənib.

1962-ci ildə Səadət Abdullayeva Konservatoriyada Azərbaycan xalq musiqisi kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Süleyman Ələsgərovun rəhbərliyilə yazdığı "Azərbaycan xalq çalğı alətləri” mövzusunda diplom işini uğurla müdafiə edib. O, Azərbaycan Dövlət Konservatoriyasını xalq musiqisi ixtisası üzrə bitirən ilk məzunlardan biri olub.

1962-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Memarlıq və İncəsənət İnstitutunun (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə keçirilib) Musiqi şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Gənc mütəxəssis böyük həvəslə çalışıb. Daxil olduğu mühitin ab-havası onu yaradıcılığa daha da həvəsləndirib. Görkəmli rus bəstəkarı, pianoçusudirijoru Sergey Raxmaninova və məşhur İtaliya bəstəkarı Cüzeppe Verdiyə həsr etdiyi ilk məqalələrini təqdim edib.

Səadət Abdullayeva 1965-ci ilin mayında musiqi sənəti üzrə Memarlıq və İncəsənət İnstitutunun nəzdindəki aspiranturaya daxil olub. Azərbaycan xalq çalğı alətləri sahəsində araşdırmalar aparıb.

1968-ci ildə o, Gürcüstanın tanınmış musiqişünası, Vano Saracaşvili adına Tbilisi Dövlət Konservatoriyasının professoru Qriqori Çxikvadzenin rəhbərliyi ilə sənətşünaslıq üzrə namizədlik dissertasiya işini uğurla müdafiə edərək, milli çalğı alətləri üzrə ilk elmlər namizədi olub.

Səadət Abdullayeva 1971-ci ilin noyabrında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi kafedrasında müəllim işləməyə başlayıb. Konservatoriyanın Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti olub. 1992-2017-ci illərdə o kafedrada professor vəzifəsinə yüksəlib. "Azərbaycan xalq yaradıcılığı”, "Azərbaycan xalq musiqisinin əsasları”, "Orkestrləşdirmə” üzrə mühazirələr, həmçinin həmin fənn üzrə məşğələ fənlərini tədris edib. Neçə-neçə musiqiçinin yetişməsində, bir çoxunun elmə gəlməsində Səadət Abdullayevanın əməyi böyük olub.

Ən məhsuldar musiqişünaslarımızdan sayılan Səadət Abdullayeva çalğı alətlərimizə aid on bir kitabın, yüzdən çox məqalənin müəllifidir. Onun milli musiqişünaslıq elminə verdiyi ən böyük töhfələrindən biri rus və Azərbaycan dillərində qələmə aldığı "Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq və orqanoloji tədqiqat)” monoqrafiyası hesab edilir. Mütəxəssislərin qənaətincə, o, bununla Azərbaycan musiqişünaslığında alətşünaslığın metodoloji əsasını qoyub.

Araşdırmalarını, əsasən, musiqişünaslığımızda kifayət qədər tədqiq olunmamış məsələlərə yönəldib. Ona görə də bir sıra elmi yeniliklər Səadət Abdullayevanın adına yazılıb. O, Azərbaycan xalq çalğı alətləri üçün orklestrləşdirmənin metodik əsaslarını işləyib.

Əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi, gələcək inkişaf yolları ilə əlaqədar tədqiqatlar aparan alim respublikamızın ən ucqar kəndlərini belə qarış-qarış gəzib, nadir çalğı alətlərimiz haqqında məlumatlar toplayıb. Bakıda və rayon mərkəzlərində yerləşən muzeylərin eksponatları ilə tanış olub. Musiqi tariximizə yaxşı bələd olan, tanınmış, qocaman ifaçıların tütək, balaban, zurna, tulum, tarsazda çalğılarından nota köçürdüyü xalq musiqisi nümunələrini Azərbaycan instrumental musiqisi kitabında əks etdirib.

Bakı Musiqi Akademiyasında 1992-ci ilin fevralından fəaliyyətə başlayan "Qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşməsi” elmi-tədqiqat laboratoriyasının əməkdaşı kimi sıradan çıxmış çalğı alətlərimizin quruluşlarını öyrənməklə onların bərpası üçün laboratoriyada aparılan işlərdə iştirak edib.

O, 2017-ci il martın 12-də Bakı şəhərində vəfat edib. Zamanın sınaqlarından çıxmış Azərbaycan çalğı alətlərinin öyrənilməsinə hələ konservatoriyada oxuyarkən göstərdiyi maraq, sevgi ömrünün sonunadək bitməyib. Tədqiqatçılar alimin musiqişünaslığımıza gətirdiyi elmi yenilikləri, alətşünaslığa, təsviri sənətə dair tövsiyələrini, musiqimiz və çalğı alətlərimizə aid fikirlərini yüksək qiymətləndirirlər. Doğma yurdunun zəngin mədəniyyətinin vurğunu olan Səadət Abdullayeva çalğı alətlərimizi və instrumental musiqimizi respublikamızda və onun hüdudlarından kənarda tanıtmaq istiqamətində böyük işlər görüb. Alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Səadət xanımın kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri musiqi elmimizi zənginləşdirib. Onun tələbələri bu gün xalq musiqimizi layiqincə təmsil edir, yetişdirdiyi alimlər musiqi sənətimizin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlarını davam etdirirlər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.-5 fevral.- S. 6.