Əsrlərin yadigarları “Əfsanələr paytaxtı”nda

 

3 minillik tarixi bugünədək saxlamış 14 mindən artıq mədəni, etnoqrafik eksponat Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin fondunda qorunur

 

XX əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Lakin muzeylərin əlavə status almaları və yenilərinin yaradılması prosesi də dayanmayıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyət göstərib. Tarix-diyarşünaslıq muzeyləri isə xüsusilə böyük əhəmiyyət kəsb edib.

Muzey işinin günün tələbləri səviyyəsində qurulması, ekspozisiyalarının zənginləşməsi, yeni texnologiyaların tətbiqi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Mədəniyyət Nazirliyi qarşısında qoyulan vəzifələrdən biri də şəhər və rayonlarda tarix-diyarşünaslıq muzeyləri şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır. Prezidentin ölkədə muzey işinin yaxşılaşdırılması haqqında 2007-ci və 2009-cu illərdə imzaladığı sərəncamların icrası ilə bağlı bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib. Hazırda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən belə muzeylərin sayı 220-yə yaxındır. Onların 71-i tarix-diyarşünaslıq muzeyidir.

1980-ci ildən fəaliyyət göstərən Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi haqqında xüsusi söz açmağımızın isə səbəbi az deyil. Belə ki, bu qədim diyarın tarixini ziyarətə gələnlərə nümayiş etdirən muzey qiymətli eksponatlarla zəngindir. Xatırladaq ki, bu muzeyin yaradılması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Əvvəllər müxtəlif ünvanlarda fəaliyyət göstərmiş muzeyin üzünə 2004-cü ildə gün doğub. Yeni binaya köçməklə muzeyin əməkdaşlarının xalqa xidmət mədəniyyəti də xeyli yüksəlib. Muzeyin həyəti də sanki ekspozisiyaya və açıq səma altında muzeyə çevrilib. Burada yüzədək daş abidə Qəbələnin tarixi yaddaşı kimi ziyarətçiləri qarşılayır və bu, ulu insan məskənindən, xüsusən də Qafqazın ilk alban dövlətindən soraq verir. Burada 14 mindən artıq tarixi, mədəni, etnoqrafik eksponat var ki, bu da muzeyin fondunu və ekspozisiyasını bəzəyir. 3 minillik tarixi özündə qoruyub saxlayan eksponatlar muzeyə yerli əhali tərəfindən təmənnasız bağışlanılıb. Tarixən Qafqazın ilk dövlətinin paytaxtı olmuş Qəbələ bu gün öz inkişafına görə mədəniyyət paytaxtı kimi də tanınır və UNESKO-nun qərarı ilə paytaxt şəhərlər siyahısında özünə yer alıb.

Qəbələnin "Əfsanələr paytaxtı” seçilməsi heç də təsadüfi deyil. "Əfsanələr paytaxtı”nda il ərzində keçirilən mədəni-kütləvi tədbirlərdən biriburada fəaliyyət göstərən xalq teatrında İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanmış tamaşanın göstərilməsi idi. Qəbələ son illər əcnəbi və yerli turistlərin ən çox diqqətini və marağını çəkən bölgələrimizdən sayılır. Bu rayonda təşkil edilən mədəni tədbirlər, eyni zamanda bölgənin tarixi, folklor və zəngin etnoqrafiyasının təbliği deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Qəbələ Arxeoloji Mərkəzi də bu ulu yurdun tarixisirli keçmişindən soraq verdiyi üçün olduqca böyük əhəmiyyət daşıyır. Minilliklərin mənəvi və mədəni yadigarlarını qoruyan Qəbələ Tarix-Diyarşünaslıq Muzeyibu turizm bölgəsinin ziyarətçilərini heyran qoyan mədəniyyət mərkəzlərindən biridir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.-5 fevral.- S. 6.