Dövlət qayğısından irəli gələn elmi töhfə
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı monoqrafiyası işıq üzü görüb. Elmi redaktoru akademik Kamal Abdullayev, redaktoru Könül Mirzəyeva olan bu kitabın əvvəlində ölkə Prezidenti İlham Əliyevin 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında, eləcə də 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamları verilmişdir.
Elə monoqrafiya da bu sərəncamların işığında araya-ərsəyə gəlmişdir. Belə ki, müəllif kitabın girişində bu məsələni xüsusi qeyd edir. Daha sonra yazır: "Nəsimi haqqında bu kitabı hazırlamağımda ustadım, Azərbaycanın ilk dilçi-mətnşünas mütəxəssislərindən biri olan, tanınmış nəsimişünas alim Cahangir Qəhrəmanov (ruhu şad olsun!) amilinin də təsiri oldu. Belə ki, mənim bir dilçi-mətnşünas kimi yetişməyimdə bu görkəmli alimin böyük xidməti olmuşdur. 1972-ci ilin əvvəllərində Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu) yenicə işləməyə başlayarkən Cahangir Qəhrəmanovun Nəsimi əsərlərinin əlyazmaları üzərində necə həssaslıq və məsuliyyətlə işlədiyinin şahidi olmuşam”.
Yazılanlardan o da aydın olur ki, Möhsün Nağısoylu ixtisasca əlyazmaşünas alimdir. O, ərəb qrafikasını və buna əsaslanan əski Azərbaycan yazısını, o cümlədən müxtəlif xəttatlıq nümunələrini orijinaldan oxumağı bacaran mütəxəssisdir və Nəsimi ilə bağlı yazdığı bu kitabını da ilkin əlyazma mənbələrindən yararlanaraq araya-ərsəyə gətirmişdir.
Nəsiminin qəzəlləri üzərində təhlillər aparan alim bildirir: "Şeirlərin müqayisəli təhlili üçün Nəsimi irsinin Cahangir Qəhrəmanov və Türkiyə nəsimişünası Hüseyn Ayan tərəfindən tərtib edilmiş tənqidi məntləri, eləcə də şairin şeirlərinin Həmid Araslı, Əlyar Səfərli, Qəzənfər Paşayevin tərtibatı ilə çap olunmuş nəşrləri başlıca mənbə kimi götürülmüşdür”.
"Nəsiminin Azərbaycan klassik poeziyasında və ədəbi dil tarixində yeri” adlı ilk fəsildə müəllif qüdrətli söz ustasından yenilikçi sənətkar kimi bəhs edir, ədəbi dilimizin zənginləşməsindəki xidmətlərinə toxunur, qəzəllərindəki rəvan təbii, axıcıllığı, sadəliyi, musiqililiyi belə əsaslandırır: "Nəsimi hürufilik məzmunu daşıyan qəzəllərinin bir qismini orta əsrlərdə müsəlman Şərqinin ictimai-siyasi həyatında başlıca yer tutan təsəvvüfün özəl göstəricilərindən biri olan səma məclislərində dərvişlər tərəfindən oxunmaq məqsədilə qələmə almışdır. Məhz bu səbəbdən də üsyankar şairin qəzəlləri müəyyən mənada dərvişlərə xas olan xüsusi bir melodiya və oynaq musiqi havaları üstündə köklənmişdir. Bütövlükdə götürdükdə, Nəsiminin qəzəlləri həm dilinin sadəliyi və axıcılığı, həm də saflığı və təmizliyi ilə seçilir ki, bunun da kökündə şairin xalq ruhuna, canlı ümumxalq danışıq dilinə söykənməsi, bu tükənməz qaynaqdan uğurla bəhrələnməsi dayanır”.
Alim şairin qəzəlindən nümunə gətirib, onu dilçilik aspektindən şərh etməklə fikirlərini əsaslandırır. Bütün bunlar onu göstərir ki, müəllif tədqiq etdiyi sənətkarın dövrünü və əsərlərinin dilini dərindən öyrənib, əlaqəli şəkildə götürüb dəyərləndirir. Birinci fəslin "Klassik poeziyamızın və ədəbi dil tariximizin Nəsimi zirvəsi” adlı ilk paraqrafında müəllif dahi söz xiridarının poeziyamıza gətirdiyi yenilikləri və dilinin səciyyəvi xüsusiyyətlərini şərh edir.
"Nəsimi irsi: Azərbaycanda öyrənilməsi və mövcud problemlər” adlı ikinci paraqrafda şairin ədəbi irsinin araşdırılması və nəşri məsələlərindən bəhs edilir: "Monoqrafiyada diqqətə çatdırılır ki, tanınmış mətnşünas Salman Mümtaz 1926-cı ildə Azərbaycanda ilk dəfə Nəsiminin anadilli şeirlərini ərəb qrafikalı əski Azərbaycan əlifbası ilə nəşrə hazırlamışdır. 1962-ci ildə isə görkəmli ədəbiyyatşünas Mirzağa Quluzadə böyük şairin "Seçilmiş şeirləri”ni nəşr etdirmişdir. Müəllif qeyd edir ki, Nəsimi irsinin tədqiqi və nəşri sahəsində dönüş mərhələsinin bilavasitə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır: "1969-cu ildə - Heydər Əliyevin Azərbaycana rəhbərlik erasının başlanğıcında böyük şairimiz Rəsul Rza Hələbdə olarkən Nəsiminin məzarını ziyarət etmiş və dövri mətbuatda geniş məlumat vermişdir. Ədəbiyyata, mədəni isrə böyük dəyər verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu məsələni diqqətdə saxlamış və 1970-ci ildə Suriyaya səfəri zamanı öz təşəbbüsü ilə Hələbə gedərək Nəsiminin məzarını ziyarət etmişdir.
Bütün bunların nəticəsi olaraq Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi nüfuzlu beynəlxalq təşkilat olan UNESKO-nun tədbirlər siyahısına daxil edilmiş və həmin il geniş şəkildə qeyd olunmuşdur. Bu möhtəşəm yubiley tədbirləri çərçivəsində 1973-cü ildə şairin həyatı və yaradıcılığı haqqında ilk monoqrafiya işıq üzü görmüşdür. Bundan əlavə, həmin il görkəmli dilçi-mətnşünas alim Cahangir Qəhrəmanov tərəfindən 5 əlyazma əsasında hazırlanmış Nəsiminin anadilli əsərlərinin elmi-tənqidi mətni 3 cilddə ərəb qrafikası ilə nəşr edilir”.
Monoqrafiyada əqidəsi uğrunda şəhidlik zirvəsinə ucalan Nəsiminin özündən sonra xeyli məsləkdaşı, davamçısı olduğu, onların hətta Nəsimi təxəllüsü ilə şeirlər yazdığı vurğulanır. Müəllif onlardan ən məşhurunun XVII əsrdə yaşamış Qul Nəsimi olduğunu bildirir: "Görkəmli nəsimişünas C.Qəhrəmanovun yazdığı kimi, İ.Nəsiminin XVII əsrdən sonra köçürülmüş Divan nüsxələrində Qul Nəsiminin bir neçə şeiri də yer almışdır. Nəsimi Divanına başqa şairlərin şeirlərinin daxil edilməsinə ən yaxşı nümunə mütəfəkkir şairin guya ölüm ayağında yazdığı və bir beytində zahidin ikiüzlülüyü ilə bağlı məlum epizodun yer aldığı "Ağrımaz” şeiri sayıla bilər. Bu şeirin Nəsimiyə aid olmadığı çoxdan sübuta yetirilmişdir.
Akademik Möhsün Nağısoylu İ.Nəsimi əsərlərinin nəşri sahəsindəki problemlərdən söz açarkən, yol verilmiş nöqsanların, yanlışlıqların haradan qaynaqlanması kimi məsələləri də ətraflı araşdırmışdır. O, bir mətnşünas alim kimi təhlil müstəvisinə gətirdiyi qəzəlləri həm poetik baxımdan dəyərləndirir, həm dilçi alim kimi həmin əsərlərin Nəsimi Divanının leksikonuna uyğun gəlmədiyini izah edir, həm də Nəsimi dövrünün ictimai-siyasi hadisələrindən xəbərdar olub, şairin ölümünə Misir sultanının hökmü ilə fərman verildiyini, əvvəl dar ağacından asıldığını, sonra isə dərisinin soyulduğunu bildirərək, "Ağrımaz” qəzəlinin və bu məzmunda digər şeirlərin də Nəsiminin məsləkdaşları tərəfindən yazılmış olduğunu, sonradan səhvən Nəsimi Divanına daxil edildiyini əsaslandırır. Bütün bunlarla bərabər, Möhsün Nağısoylu şairin həyatı və ölümü ilə bağlı xalq arasında dolaşan rəvayətlərdən xəbərdar olub, məhz bu amilin də şairin Divanına daxil edilmiş nümunələrə, həmçinin həyatı ilə bağlı həqiqətlərə təsir göstərdiyini qeyd edir.
Odur ki, Möhsün müəllim görkəmli şərqşünas Yevgeni Bertelsin dediyi "hər hansı bir şairin əsərlərinin elmi-tənqidi mətni olmadan onun həyatı və dünyagörüşü, eləcə də yaradıcılığı haqqında dəqiq və düzgün fikir söyləmək çətindir” fikrinə rəğmən kitabının "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı ikinci fəslində də bir məntşünas alim kimi bu istiqamətdə mülahizələrini davam etdirmiş, elmi baxımdan prinsipial, əhəmiyyətli fikirlərini ortaya qoymuşdur.
Hesab edirəm ki, bu kitab hələ sovetlər zamanında Ulu Öndər Heydər Əliyevin nəsimişünaslığa göstərdiyi dövlət siyasətinin və dövlət qayğısının davamı olaraq ölkə prezidenti İlham Əliyev tərəfindən elan edilmiş "Nəsimi ili”nə və Nəsiminin 650 illik yubileyinə - nəsimişünaslığa akademik Möhsün Nağısoylu tərəfindən verilən ən gözəl elmi töhfədir.
Şakir ALBALIYEV,
filologiya üzrə fəlsəfə doktoru,
dosent,
AMEA-nın
aparıcı elmi işçisi
Azərbaycan.-
2020.- 5 fevral.- S.7.