2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 4 yanvar 2020-ci
il tarixli 1413 saylı
müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 20/120
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının (dairə
seçki komissiyası)
sədri T.B.Ağayev
2020-ci fevralın 4-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) müraciət
edərək 46 saylı
Şirvan seçki dairəsindən qeydə alınmış namizəd
Camalov Rəşad Yavər oğlunun ikili vətəndaşlığının
olması barədə
komissyaya məlumat daxil olduğunu bildirmiş və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş
etmişdir.
Bununla əlaqədar qeydə alınmış namizəd R.Y.Camalovun seçki sənədləri dairə seçki komissiyasından tələb olunaraq nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, o, 46 saylı Şirvan seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik ərizəsini 2019-cu il dekabrın 21-də dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Dairə seçki komissiyasının 23 dekabr 2019-cu il tarixli iclasında namizədliyi təsdiq olunaraq ona imza vərəqələri verilmiş, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, 30 dekabr 2019-cu ildə qeydə alındıqdan sonra ona deputatlığa qeydə alınmış namizəd vəsiqəsi verilmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, R.Y.Camalova Rusiya Federasiyasının vətəndaşlığını əldə etdiyinə görə 5 iyul 2006-cı il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Orexovo-Zuyevo rayonu Likino-Dulevo şəhər milis orqanı tərəfindən müvafiq pasport verilmişdir. O, həmçinin Rusiya Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə 46 saylı rayonlararası müfəttişliyi tərəfindən Rusiya Federasiyasının vətəndaşı kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış, o cümlədən Rusiya Federasiyasının Pensiya Fondunda da ödəyici kimi qeydiyyatdan keçmişdir.
Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan R.Y.Camalovun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilmişdir.
İkili vətəndaşlığı olan R.Y.Camalovun deputatlığa namizədliyinin qeydə alınması isə Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsinin tələblərinin birbaşa pozulması anlamına gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsində təsbit olunmuşdur ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinə görə isə ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığı qalanadək Milli Məclisin deputatı seçilmək hüququ yoxdur.
Belə ki, passiv seçki hüququ olmayan şəxsin deputatlığa namizədliyinin qeydə alınması faktı müəyyən edilmişdir. Buna görə də yeni açılmış hallar nəzərə alınaraq 46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının 30 dekabr 2019-cu il tarixli 41/188 saylı qərarı ləğv edilməli və qeydə alınmış namizəd R.Y.Camalova verilmiş 30 dekabr 2019-cu il tarixli 02 nömrəli vəsiqə etibarsız hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci, Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 148.1-ci maddələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınmış namizəd Camalov Rəşad Yavər oğlunun Rusiya Fedreasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar yaranmış Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan hallar nəzərə alınaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa namizədliyinin qeydə alınması haqqında 30 dekabr 2019-cu il tarixli 41/188 saylı qərarı ləğv edilsin, həmin dairə seçki komissiyası tərəfindən R.Y.Camalova verilmiş 30 dekabr 2019-cu il tarixli 02 nömrəli vəsiqə etibarsız hesab edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.02.2020-ci il
Azərbaycan.- 2020.- 6 fevral.- S.3.