2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 3 fevral 2020-ci
il tarixli 51, 52 və
53 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 20/123
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizədlər Kəngərli Orxan Rüstəm oğlu, Hüseynov Mehman Rafiq oğlu və Əliyev Etibar Qasım oğlu 2020-ci il fevralın 3-də ayrı-ayrılıqda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Quliyev Fərəc İbrahim oğlunun seçkiqabağı təşviqat dövründə M.R.Hüseynovu seçkilərdə iştirak etməkdən çəkindirməklə əlaqədar hərəkətlərini mübahisələndirmiş və müvafiq tədbir görülməsini xahiş etmişlər.
Seçkiqabağı təşviqat dövründə seçki qanunvericiliyinin ehtimal olunan pozuntularına dair daxil olmuş həmin müraciətlər eyni məzmunlu və qeydə alınmış eyni bir namizədlə bağlı olduğundan bir icraatda birləşdirilmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd O.R.Kəngərli müraciətində M.R.Hüseynovun sosial şəbəkədə yayımladığı audio yazıya əsaslanaraq 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış F.İ.Quliyevin namizədliyinin ləğv olunmasını və müvafiq tədbirlərin görülməsini tələb etmişdir.
Qeydə alınmış namizəd M.R.Hüseynov müraciətində qeyd etmişdir ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış F.İ.Quliyev onun istifadəsində olan mobil telefona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, səlahiyyətli nümayəndəsi Ülvi Həsənov və Turan İnformasiya Agentliyinin əməkdaşı Əziz Kərimovla birlikdə F.İ.Quliyevin Nərimanov Rayon Polis İdarəsinin yanında yerləşən seçki qərargahına getmişdir. F.İ.Quliyev onunla təkbətək söhbət etmək istədiyini bildirərək Ü.Həsənov və Ə.Kərimovun görüşdə iştirak etməsinə razı olmamışdır. Söhbət zamanı F.İ.Quliyev ona namizədliyini geri götürəcəyi təqdirdə 15000 (on beş min) manat pul təklif etmiş, gələcəkdə isə komandası ilə bərabər ona hər cür dəstək olacağını, gənclər təşkilatı, QHT yaratmağa kömək göstərəcəyini və s. vəd etmişdir. O, həmin danışıqların audio yazısını internet üzərindən geniş yayımlamışdır. Bu səs yazısında F.İ.Quliyev digər namizədlərin Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulmasına, özünün əvvəlki üstün mövqeyindən və maddi imkanlarından istifadə etməklə seçkilərdə qanunsuz üstünlük əldə etməsinə, həmçinin öz lehinə səslərin çoxluğunun təmin olunması məqsədilə onu ələ almağa yönəlmiş hərəkətlər etmiş və beləliklə də seçkinin nəticələrinə təsir məqsədi güdən qanunsuz əməllərə yol vermişdir. Buna görə də o, F.İ.Quliyevin namizədliyinin ləğv olunmasını və müvafiq tədbirlərin görülməsini tələb etmişdir.
31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Əliyev Etibar Qasım oğlu müraciətində tam səmimiyyətlə namizədliyinin qeydə alınmasında və seçki təşviqatında heç bir problemlə üzləşmədiyini göstərmişdir. O, Mərkəzi və dairə seçki komissiyalarının seçkiləri yüksək səviyyədə təşkil etməsinin onları idealları uğrunda mübarizəyə ruhlandırmasını bildirmiş, lakin bu dairədən rəqibləri olan F.İ.Quliyevin digər namizəd M.R.Hüseynova namizədliyini onun xeyrinə geri çəkmək müqabilində rüşvət təklif etməsini seçkini gözdən salmağa cəhd kimi qiymətləndirmişdir. O, sosial şəbəkələrdə kütləvi şəkildə yayılmış audio materiallara əsaslanaraq onlar arasında aparılmış danışıqlarda F.İ.Quliyev tərəfindən namizədlərin Seçki Məcəlləsində təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulmasına yönələn hərəkətlərə yol verildiyini iddia edərək namizədliyinin ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini tələb etmişdir.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, onlara araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O.R.Kəngərli və M.R.Hüseynovun Komissiyanın iclasında iştirakı təmin edilmiş, E.Q.Əliyev isə üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini vurğulamış və iclasa gəlməmişdir.
Qeydə alınmış namizəd F.İ.Quliyev araşdırmaya dəvət olunmuş və müvafiq izahat vermişdir. O, M.R.Hüseynovla görüşdüyünü təsdiq etmiş, şikayətçi ilə aralarında olan söhbətin təxminən 40 dəqiqə davam etməsini göstərmiş, M.R.Hüseynovun həmin söhbətin audio yazısını montaj edərək təxminən 5-6 dəqiqəlik səs yazısını yayımlamasını bildirmişdir. Bu görüşdə aralarında seçki qanunvericiliyinin, həmçinin qanunların pozulmasına yönələn hər hansı bir hərəkətə yol verilmədiyini qeyd etmişdir. F.İ.Quliyev seçkidən çəkilmək üçün M.R.Hüseynova rüşvət təklif etmədiyini, şikayətçinin xəstəlikdən əziyyət çəkdiyini və analiz verdiyini, əgər cavab müsbət olmazsa, seçkilərdən çəkilərək müalicəyə gedəcəyini bildirdiyini vurğulamışdır. F.İ.Quliyev isə müalicə olunacağı təqdirdə dostlarına da çağırış edərək ona müəyyən maddi köməklik göstərəcəyini bildirmişdir. M.R.Hüseynov onun təkliflərinə qısa müddətdə cavab verəcəyini söyləsə də, sonradan sosial şəbəkələrdə məlum səs yazısını yayımlamışdır. F.İ.Quliyev M.R.Hüseynova müraciət edərək aralarında olan söhbətin səs yazısını kütləvi informasiya vasitələrində tam həcmdə yayımlamasını tələb etmiş, belə olan halda onun mətbuatda və şikayətdə göstərdiklərinin həmin yazıya uyğun olmadığının təsdiqini tapacağını qeyd etmişdir. Məhz bu səbəbdən həmin səs yazısının M.R.Hüseynov tərəfindən ictimaiyyətə tam həcmdə çatdırılmadığını bildirmişdir.
Araşdırma prosesində F.İ.Quliyevin izahatında göstərdiyi hallarla əlaqədar M.R.Hüseynova müraciət edilərək 40 dəqiqəyədək davam etməsi iddia edilən həmin danışıqların səs yazısının tam həcmdə araşdırmaya təqdim olunması istənilmişdir. O, danışıqların tam həcmdə yayımlanmamasını təsdiq etmiş, yayımlanan hissənin montaj olunmadığını, yayımlanmayan hissənin isə seçki prosesi ilə əlaqədar olmadığını göstərmiş, qeyd edilən səs yazısını tam həcmdə Komissiyanın iclasına təqdim edəcəyini bildirsə də vədinə əməl etməmişdir.
Qeydə alınmış namizədlər F.İ.Quliyev və M.R.Hüseynov arasındakı danışıqların sosial şəbəkələrdə yayımlanmış səs yazısının dinlənilməsinə, araşdırma prosesində alınmış izahatlara əsasən Seçki Məcəlləsinin 112-1.11.2-ci və 113.1-ci maddələrinin tətbiqi üçün əsasların olması müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 112-1.11.2-ci maddəsində göstərilir ki, Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilə bilər.
Həmin Məcəllənin 113.1-ci maddəsinə görə namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.
Qeyd edilənlərə əsasən şikayətin qismən təmin edilməsi və Seçki Məcəlləsinin tələblərinin pozulmasına görə qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.11.2-ci, 113.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizədlər Kəngərli Orxan Rüstəm oğlunun 3 fevral 2020-ci il tarixli 51 saylı, Hüseynov Mehman Rafiq oğlunun 3 fevral 2020-ci il tarixli 52 saylı və Əliyev Etibar Qasım oğlunun 3 fevral 2020-ci il tarixli 53 saylı müraciətləri qismən təmin edilərək həmin seçki dairəsindən qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.02.2020-ci il
Azərbaycan.- 2020.- 6 fevral.- S.4.