Mərkəzi Seçki
Komissiyasının sədri Şanxay
Əməkdaşlıq Təşkilatının nümayəndə
heyəti görüşüb
Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan sədr Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib. Sədr rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.
MSK-dakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandıraraq ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları diqqətə çatdırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2020.- 6 fevral.- S. 4.