NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTACxəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən, həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində, bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq.
İkitərəfli əlaqələrimizə gəldikdə, demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberqlə sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmçinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən səfirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasətimiz, müstəqil siyasətimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdılar. Çünki bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada hərbçilərimiz var və biz hərbçilərin sayını artırmışıq. Biz çox mühüm nəqliyyat və logistika dəstəyi, hava məkanımızdan uçuş imkanını, həmçinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklərin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.
Mən, həmçinin sizi məlumatlandırmaq istərdim ki, biz artıq Əfqanıstandan mülki yüklərin tranzit daşınmasına başlamışıq. Bununla da bu ölkənin Avropa bazarlarına yol tapmasına kömək edirik. Biz artıq dəmir yolumuzu Əfqanıstandan keçən Lapis Lazuli dəmir yolu ilə birləşdirmişik. Biz, həmçinin Əfqanıstana texniki və maliyyə dəstəyi göstəririk. Bizim mühüm nailiyyətlərimizdən biri olan "ASAN” ictimai xidmətlər mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərməyə başlayıb. Bu, çox səmərəli, müasir sistemdir, demək olar ki, 300 ictimai xidmət bir yerdə cəmləşib. Əfqanıstan Prezidenti burada olanda bu sistemlə tanış oldu və bizdən onu orada yaratmağa kömək göstərməyimizi xahiş etdi və biz bunu etdik.
Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda NATO-nun qərargahında olub. O, mənə məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü səfirlərin hamısı ölkəmiz barəsində çox xoş sözlər deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmçinin bizim Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danışıblar.
Beləliklə, sizi bu barədə məlumatlandırmaq və bir daha "Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm.
NATO Müttəfiq
Qüvvələrinin Avropadakı
Ali Komandanı Tod VOLTERS dedi:
-Çox sağ olun,
cənab Prezident. Mən təhlükəsizlik və
sülh məsələlərində
aparıcı mövqedə
olmaq istəyinizə görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanıstanda "Qətiyyətli dəstək” missiyasına
verdiyiniz töhfənin
davam etdirilməsi, əsgərlərinizin orada
müşahidə etdiyimiz
xidməti tərəfimizdən
yüksək qiymətləndirilir.
Bir az
bundan əvvəl Sizin baş qərargah rəisi ilə görüşmək
imkanım oldu və bu yaxınlarda
Əfqanıstandakı səhra
komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin
xidmətini müzakirə
etdim. Onlar cəsarətlə xidməti davam etdirirlər və qeyd etməliyəm ki, NATO-nun Əfqanıstana
cəlb edilməsi ilə bağlı məsləhətləşmələr zamanı həmişə
bütün əsgərlərinizin
mühafizəsi məsələsi
nəzərə alınacaqdır.
Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə
görə təqdir edirik. Bu, Əfqanıstan
sərhədlərinin xaricindən
terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını
almaqda bizim səylərimizə çox
böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə
davam edir və Sizin
əsgərləriniz bu
missiyanın böyük
bir tərkib hissəsidir.
Prezident İlham
ƏLİYEV: Çox sağ
ol.
Azərbaycan.- 2020.- 7 fevral.- S.1-2.