“İgid və
öz liderinə inanan bir xalqın Prezidenti”
Bu fikri Prezident
İlham Əliyevlə görüşündə Mixail Qusman
ifadə etdi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da
Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmana "Şərəf”
ordenini təqdim edib.
AZƏRTACxəbər verir ki, Mixail
Qusmanı salamlayan Prezident
İlham ƏLİYEV dedi:
- Hörmətli Mixail Solomonoviç,
ilk növbədə, sizi keçmiş yubiley münasibətilə
təbrik etmək, sizə ən xoş arzularımı
çatdırmaq, cansağlığı, rifah, işinizdə
yeni uğurlar arzulamaq istərdim. Təəssüf
ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim,
Davosda idim. Amma sizi telefon vasitəsilə təbrik
etmək və öz hisslərimi bildirmək, eləcə də
sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək
mükafatı sizə şəxsən təqdim etməyim
üçün görüş haqqında razılaşmaq
imkanım olub. Mən bilirəm ki, siz ad
günlərinizi, xüsusilə yubileylərinizi həmişə
vətəniniz Azərbaycanda qeyd edirsiniz. Bu,
artıq xoş ənənədir. Bu, bir
daha sizin öz Vətəninizə, doğma
torpağınıza, doğma şəhərinizə
bağlılığınızı göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və
onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik.
Sizin məşhur "Formula vlasti” verilişiniz
artıq dəfələrlə bütün qitələri
dolaşıb və düşünürəm ki, sizin
görüşmədiyiniz prezidentlərin sayı
görüşdüyünüz prezidentlərin sayından
daha azdır. Əlbəttə ki, adətən, prezidentlər
qonaqlarla görüşəndə onlara həmin adam haqqında məlumat verilir.
"Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan”.
Bundan başqa, mən bilirəm
ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında
bizim ölkəmiz haqqında təəssüratınızı
bölüşürsünüz, Azərbaycan
reallıqlarını, Azərbaycanda problemlərin necə həll
olunduğunu danışırsınız. Sizin fəaliyyətiniz
artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən
kənara çıxaraq beynəlxalq xarakter
daşıyır. Mən bilirəm ki, siz
həm də dünya mediasının əməkdaşlıq
prosesinin çox fəal
iştirakçısısınız. O cümlədən
xatırlayıram ki, sizin təşəbbüsünüzlə
Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq
tədbirlər keçirilib. Buna görə də
məhz öz fəaliyyətinizlə ölkəmiz
haqqında dünya ictimaiyyətinə həqiqətlərin
çatdırılmasına böyük töhfə verdiyinizə
görə sizə minnətdarlığımı bildirmək
istərdim.
Siz, həmçinin Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmləndirilməsi
işinə böyük töhfə verirsiniz. Bu münasibətlər
bu gün uğurla inkişaf edir, artıq ən yüksək
səviyyəyə çatıb və yanvarda Bakıda
keçirilən yubiley tədbirləri bunu bir daha
nümayiş etdirdi. Bakıya Rusiya
ictimaiyyətinin böyük nümayəndə heyəti,
siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri
gəlmişdilər. Mənə deyilənə
görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla
gediblər. Buna görə də sizə
Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi
işinə töhfələr verdiyiniz üçün təşəkkürümü
bildirmək istərdim. Əlbəttə,
belə gündə həm də sələflərinizi
xatırlamaq istərdim. Azərbaycanda sizin
ailənizi, valideynlərinizi həmişə sevib və
çox yüksək qiymətləndiriblər, onlara
böyük hörmətlə yanaşıblar. Bu yaxınlarda siz mənə atanız və
ananız haqqında kitab
bağışlamışdınız. Mən
onu böyük maraqla oxudum. Bu, həqiqətən
də nadir kitabdır. Belə ki, olduqca
ürəkdən, səmimi və doğru yazılıb.
Bu kitabda həm sizin ailənizin,
uşaqlığınızın, həm də Azərbaycanın
o dövrdəki tarixi əks olunub. Buna
görə də kitab təkcə sizi tanıyanlar
üçün deyil, həm də bizim şəhərimizin
tarixi ilə maraqlanan hər kəs üçün çox
maraqlıdır. Əlbəttə, belə
ziyalı və möhtərəm ailədə sizin və
böyük qardaşınız Yuli Solomonoviç kimi, - onun
neçə yaşı olsa da, o, hamımız
üçün elə Yulikdir, - uşaqların
doğulması təsadüfi deyil. O da elə sizin kimi,
kiminlə ünsiyyət saxlayırsa, öz enerjisini onlara
ötürür. Siz və Yuli Solomonoviç
işinizdə, ictimai fəaliyyətinizdə böyük
uğurlar qazanmısınız. Bununla da
siz təkcə hamının tanıdığı insanlar
deyil, həm də hörmətli insanlarsınız. Düşünürəm ki, yəqin sizə rəğbət
bəsləməyən insan tapılmaz. Siz, Mixail Solomonoviç,
bütün bunlara öz əməyinizlə, öz fəaliyyətinizlə,
davranışınızla və əlbəttə, öz
xasiyyətinizlə nail olmusunuz. Bu gün sizinlə
belə yarırəsmi şəraitdə görüşmək
mənim üçün çox xoşdur. Bizim görüşlərimiz həmişə elə
bil mediadan kənarda baş tutur. Amma bu gün
- belə bir gündə, əlbəttə, mən sizi təbrik
etmək və həmçinin Azərbaycan dövlətinin
sizin fəaliyyətinizi çox qiymətləndirdiyini qeyd etmək
istərdim. Bu, mənim sizi təltif etdiyim
üçüncü mükafatdır. İndiyə
qədər "Şöhrət”, sonra "Dostluq” ordenləri
olub. İndi isə daha yüksək -
"Şərəf” ordeninə layiq
görülmüsünüz. İcazə
verin, bu yüksək mükafatı təqdim edim.
x x x
Prezident İlham Əliyev
"Şərəf” ordenini Mixail Qusmana təqdim etdi.
***
TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail
QUSMAN dedi:
-Hörmətli İlham Heydər
oğlu, hörmətli cənab Prezident.
Yüksək mükafata və
indicə dediyiniz, mənim qəlbimə bu dərəcədə
səmimi və əziz olan sözlərə görə Sizə
minnətdarlığımı bildirmək üçün
söz tapa bilmirəm. Siz mənə çox yüksək qiymət
verdiniz. Yəqin 70 yaş artıq elə bir
yaşdır ki, qiymət almaq vaxtıdır və mən Sizin verdiyiniz bu qiymətə görə Sizə
hədsiz minnətdaram.
Məni layiq
gördüyünüz bu orden "Şərəf”
adlanır. Yəqin ki, vətəndaş üçün, insan
üçün onun şərəfindən daha mühüm
heç nə yoxdur. Mən həmişə
hesab etmişəm ki, nüfuz, şərəf mənim daim
xatırlamalı, riayət etməli və qorumalı
olduğum ən başlıca dəyərdir. İndicə barəsində çox səmimi
sözlər söylədiyiniz valideynlərim məni məhz
belə tərbiyə ediblər. Bu
mükafatın məndən ötrü Vətənimə məhəbbətimin
rəmzi olduğunu demək mənim üçün çox
vacibdir. Mən nəinki heç vaxt gizlətməmişəm,
həmişə fəxr etmişəm ki, mən
bakılıyam, mən azərbaycanlıyam. Bəlkə də, əlbəttə, etnik cəhətdən
deyil, lakin mən məhz azərbaycanlıyam. Bunlar mənim üçün sadəcə, sözlər
deyil, hisslərim, düşüncələrimdir. Mən belə yaşamışam, belə
yaşayıram və oğlumu da belə tərbiyə
etmişəm.
Doğma ölkəm Azərbaycanın
bu gün yer üzündə ən qabaqcıl ölkələr
sırasında olması mənim üçün çox
vacibdir. Bu,
hörmətli İlham Heydər oğlu, böyük dərəcədə
şəxsən Sizin xidmətinizdir.
İnanın ki, bu sözləri bu mükafatı Sizin əllərinizdən aldığıma
görə demirəm. Sizin rəhbərliyinizlə ölkə
misli görünməmiş sıçrayış edib, o, inamlı və dayanıqlı inkişafdadır.
Mən bu 15 ili xatırlayıram. Bəli, Heydər Əliyev - Allah ona rəhmət eləsin,
ölkəni dağılmaqdan, viran olmaqdan xilas etdi. Lakin tale ona bu işi davam etdirməsinə imkan vermədi.
Bu bayrağı Siz qaldırdınız. Siz xilas olmuş ölkəyə elə imkanlar, elə
inkişaf səviyyəsi verdiniz ki, bu gün Azərbaycanda
yaşayan və ya yaşamayan, lakin bununla belə Azərbaycanı
mənim kimi sevən hər bir insan öz ölkəsi ilə
fəxr edir, səmimi fəxr edir, başını uca tutaraq fəxr
edir.
Siz bu yaxınlarda burada
keçirilmiş tədbirləri xatırladınız. Biz onları
"Bakı-Moskva: mədəniyyətlərin dialoqu”
adlandırdıq. Əlbəttə, onlar təsadüfən
üst-üstə düşmədi. Burada
həqiqətən də Rusiyadan görkəmli insanlar oldular.
Onların çoxu buraya ilk dəfə gəlmişdi.
Onların bizim şəhərə necə
heyranlıqla, necə geniş açılmış maraq dolu
gözlərlə, necə səmimiyyətlə
baxdıqlarını görmək mənim üçün
böyük xoşbəxtlik idi. Lap elə
dünən mən onlardan bəziləri ilə
görüşdüm. Əlbəttə,
Siz də bilirsiniz ki, bizim zəngin mətbəximiz, görkəmli
memarlığımız, gözəl mədəniyyətimiz
var. Onlar isə daha çox onu deyirdilər ki, Azərbaycanda ən
əsas insanlardır. İlham Heydər
oğlu, Siz böyük xalqın, dünyaya açıq olan
xalqın, xeyirxah bir xalqın, qonaqpərvər bir xalqın,
igid və öz liderinə inanan bir xalqın Prezidentisiniz.
Mənə elə gəlir ki, xalqınızın belə
olması Sizin xoşbəxtliyinizdir. Mən bu sözləri tam səmimiyyətlə
söyləyirəm.
İlham Heydər oğlu, Sizin
izninizlə və Sizin vasitənizlə Azərbaycanın
Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı
Mehriban xanıma da səmimi minnətdarlığımı
bildirmək istəyirəm. Çünki bilirəm
ki, Siz həqiqətən yanvarın 23-də Mehriban xanımla
birlikdə mənə zəng etməklə məni yüksək
şərəfə layiq gördünüz. Siz bilirsiniz, yəqin ki, bu, yaşımla
bağlıdır, mən, sadəcə, kövrəldim.
Çünki Siz məşğul idiniz, Sizin
işiniz çox idi, Siz mənə təbrik teleqramı
göndərdiniz. Sanki formal təbriklər
olmuşdu. Lakin Siz Mehriban xanımla birlikdə
mənə zəng etməyi lazım bildiniz. Bilirsinizmi, bunlar elə şeylərdir ki, onları
heç vaxt unutmursan. Çox sağ
olun.
Mən, sadəcə, Sizi əmin
etmək istəyirəm ki, "Şərəf” ordeni qalan
bütün ömrüm ərzində mənim ən
mühüm, çox lazımlı və daimi motivim olacaq. Sağ olun.
Prezident İlham
ƏLİYEV:
Çox sağ olun.
Yeni Azərbaycan.- 2020.- 7 fevral.- S.2-3.