Natiq Əmirov: Davos Forumunda Azərbaycana olan diqqət Prezident İlham Əliyevin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun AZƏRTAC-a müsahibəsi

 

- Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak etmisiniz. 50-ci dəfə keçirilən yubiley forumu haqqında nə deyə bilərsiniz?

- Bu il yanvarın 21-24-də İsveçrənin Davos-Klosters şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirilmişdir və Azərbaycan bu tədbirdə ali rəhbərlik səviyyəsində təmsil olunmuşdur. Davos Forumu keçirilən müddət ərzində dünyanın hər yerindən 250-yə yaxın siyasi xadim də daxil olmaqla ümumilikdə 3000-dən çox şəxsin iştirak etdiyi görüşlərdə ən mühüm məsələlər barədə müzakirələr aparılmışdır. Bildiyiniz kimi, 1971-ci ildə Forumun ilk iclası professor Klaus Şvabın biznesin bütün maraqlı tərəflərə xidmət etməsi barədə irəli sürdüyü fikrini dəstəkləmək məqsədilə keçirilib. 1973-cü ildə təsdiq olunan "Davos Manifesti”ndə isə "maraqlı tərəflər” anlayışının təkcə səhmdarları deyil, cəmiyyətin bütün nümayəndələrini əhatə etməsi fikri formalaşdı. Sonrakı illərdə bu forumun keçirilməsi təşəbbüsü özünü doğruldub və ona maraq artıb.

Hazırda Davos Forumu həm də yüksək səviyyəli iştirakçıları ilə məşhurdur. Forumun iştirakçıları sırasında bu il ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa və digər ölkələrin prezidentləri, baş nazirləri də vardı. Dünyanın ən böyük şirkətlərinin rəhbərləri də Forumun iştirakçıları arasında idi. Beləliklə, dünya birliyinin bütün sektorlarından ən vacib liderləri bir araya gətirmək və ən önəmli qlobal problemlərin mümkün həll yollarını müəyyənləşdirmək Forumun əsas strategiyasıdır. Forumun son 50 ildəki baxışı qlobal təsir gücünə malik biznes, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və akademik dairələrin təmsilçilərinin əməkdaşlığını təmin etməkdir. İqlim dəyişiklikləri, iqtisadiyyatdakı dalğalanmalar, texnologiya, dördüncü Sənaye İnqilabı, enerji məsələləri və digər qlobal əhəmiyyət kəsb edən mövzular Forum zamanı müzakirə olunur.

Bu il Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq və regional təşkilatlar öz illik hesabatlarını məhz Davos İqtisadi Forumunda açıqladılar. Eləcə də bu qurumlar dünya iqtisadi siyasətinin prioritetləri, mövcud vəziyyət, təhdidlər və risklər barədə geniş açıqlamalarını məhz Davos İqtisadi Forumunda verirlər.

Forum zamanı görüşlərdə "stakeholder kapitalizmi” – maraqlı tərəflərin kapitalizmi əsas hədəf istiqaməti olaraq müəyyən edilmişdir. "Paris Sazişi” və "Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində inkişafa nail olunmasında dövlətlərə və beynəlxalq təşkilatlara kömək göstərmək, eyni zamanda, texnologiya və ticarət idarəçiliyi ilə bağlı müzakirələri təmin etmək qarşıya əsas vəzifələr olaraq qoyulmuşdur.

Dünya İqtisadi Forumu yarandığı dövrdən ilk dəfə olaraq, dördüncü sənaye inqilabının çağırışına uyğun şəkildə yeni "Davos Manifesti”, yəni etik prinsiplər toplusunu təqdim etdi. Eyni zamanda, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə "stakeholder kapitalizm”i ilə bağlı çağırışlar səsləndi. Belə ki, üç fərqli kapitalizm forması var. Əgər iqtisadi inkişafın istiqamətini dövlət müəyyənləşdirirsə, buna "dövlət kapitalizm”i deyilir. "Səhmdar kapitalizmi” yalnız səhmdarların maraqlarına xidmət edir və beləliklə, bərabərsizliyi gücləndirir və tez qazanc məqsədilə ətraf mühitə mənfi təsir göstərir. Məhz Davos İqtisadi Forumunun lideri Şvab "steykholder kapitalizmi” ideyasını davamlı olaraq müdafiə edir. "Steykholder kapitalizmi”, hazırda dominant model olaraq, uzunmüddətli dəyər yaratmağı, hər kəsə - investorlara, işçilərə, icmalara, təchizatçılara və müştərilərə daha yaxşı xidmət göstərməyi hədəfləyir. Burada əsas fikir ondan ibarətdir ki, bir müəssisənin məhsuldarlığı yalnız səhmdarların gəlirliliyi ilə deyil, ətraf mühitin qorunması, sosial və yaxşı idarəetmə sahələrindəki hədəflərinə necə çatması ilə də qiymətləndirilməlidir. Ümumilikdə, 50-ci Dünya İqtisadi Forumu dünyanın iqtisadi, ekoloji, sosial və texnoloji problemlərinin həllinə dəstək olmaq üçün yüksək səviyyəli müzakirələrlə xarakterizə olunurdu və Azərbaycan da bu müzakirələrdə aktiv rol alırdı. Onu da qeyd edək ki, ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən köklü islahatlar Davosun builki müzakirə mövzusu ilə uyğunlaşır.

- Dünya İqtisadi Forumunun rəsmi açılışından bir gün əvvəl elə Davosda Beynəlxalq Valyuta Fondu tərəfindən təqdim olunan "Dünya İqtisadi İcmalı”nda qlobal iqtisadi artım proqnozları yer alırdı. Azərbaycanın iqtisadi inkişafı baxımından bunu necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, son üç ildə Azərbaycanda iqtisad artım yenidən bərpa edildi və sürətlənməyə başladı. Xüsusən də bu müddətdə qeyri-neft sektoru üzrə artım sürətləndi. 2017-ci ildə 0,1 faiz, 2018-ci ildə 1,4 faiz və 2019-cu ildə son beş ildə rekord həddə 2,2 faiz iqtisadi artım qeydə alındı. İqtisadi artımın drayveri olan qeyri-neft sektoru üzrə artım isə 3,5 faizə yüksəlməklə dünya üzrə orta artım sürətini üstələmişdir. Azərbaycandan fərqli olaraq, dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım proqnozlarında yavaşıma qeydə alınır.

Qeyd etdiyiniz kimi, Davos forumunun açılışından bir gün əvvəl Beynəlxalq Valyuta Fondu tərəfindən "Dünya İqtisadi İcmalı”nın təqdimatı oldu. Bu icmalda vurğulanırdı ki, dünya iqtisadiyyatı nisbətən sabitləşsə də, qlobal artım proqnozları ötən ilin oktyabrı ilə müqayisədə azaldılıb. Azərbaycanda ötən il iqtisadi artım 2,2 faiz olduğu halda, İcmala əsasən, inkişaf etməkdə olan Avropa ölkələrində bu rəqəm 1,8 faiz, Latın Amerikası və Karib hövzəsində 0,1 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 0,8 faiz olub. Təhlil göstərir ki, keçən il Azərbaycanda iqtisadi artım tempi inkişaf etməkdə olan əksər ölkələrlə müqayisədə yüksək olub. Amma biz bununla kifayətlənmirik və cənab Prezident Azərbaycanda iqtisadi artım tempinin daha da sürətləndirilməsini qarşıya əsas vəzifə olaraq qoymuşdur. Azərbaycan sürətlə inkişaf edən, özü-özünü təmin edən və heç kimdən asılı olmayan ölkəyə çevrilmişdir.

Məhz Davos Forumunda həm siyasi liderlərlə, həm də iş adamları ilə keçirilən görüşlərdə də cənab Prezident Azərbaycanın iqtisadi inkişafının sürətlənməsinə, siyasi əlaqələrinin genişlənməsinə xidmət edən məsələlər qaldırırdı, hər fürsətdən istifadə edib ölkəmizi dünyaya təqdim edirdi, yüksək texnologiyalara sahib olan şirkətlərlə əməkdaşlıqda Azərbaycanın marağını ifadə edirdi. Bu şirkətlərin ölkəmizə gəlişi texnoloji transferin sürətlənməsi, investisiyaların çoxalması, yeni iş yerlərinin açılması və bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsi deməkdir. Transmilli şirkətlərlə əməkdaşlıq Azərbaycanın qlobal dəyər zəncirinə inteqrasiyasını sürətləndirir. Davosda da müzakirə olunduğu kimi, hazırda qloballaşmanın da mahiyyəti dəyişir, qlobal dəyər zənciri mallara nisbətən xidmətlər və "data” axınları üzrə daha sürətlə böyüyür. Bu trend builki Davos Forumundan Azərbaycanın iqtisadi artımı sürətləndirmək üçün əldə edə biləcəyi əsas nəticələrdəndir.

- Mühüm məqama toxundunuz. Davos Forumu çərçivəsində siyasi liderlərlə görüşlər barədə nə deyə bilərsiniz?

- İlk növbədə, qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq 14-cü ildir ki, dünyanın iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumunda iştirak edir və bu illər ərzində 61-i dövlət və hökumət başçıları ilə olmaqla, ümumilikdə, 224 görüş keçirmişdir.

Ümumiyyətlə, budəfəki Forum da iştirakçıların Azərbaycana olan diqqəti ilə seçilirdi. Təsadüfi deyil ki, cənab Prezidentin bu Forumda keçirdiyi 22 görüşün, o cümlədən 6 dövlət və hökumət başçıları ilə görüşün, habelə iki paneldə iştirakının təşəbbüskarı qarşı tərəf olmuşdur.

Cənab Prezident Davosda olduğu müddətdə hər anı qiymətləndirərək Azərbaycan həqiqətlərini dünya liderlərinə çatdırırdı. Bu Forum müddətində Azərbaycan Prezidentinin siyasi liderlərlə də çox mühüm və məhsuldar görüşləri oldu. Həmçinin Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak etdi. İclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olundu. Bununla yanaşı, ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidentinin Davosda görüşdüyü şəxslərin siyahısında İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa, Polşa Respublikasının Prezidenti Andjey Duda, Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və başqaları vardı.

İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulandı. Qeyd edim ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun rəsmi səhifəsində dərc olunan məqaləsində də Azərbaycanın liderlik etdiyi layihələrin, o cümlədən, "Şahdəniz-2”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP barədə məlumat verilərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol bir daha qabardılmışdı.

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşdə isə Azərbaycanda turizmin sürətlə inkişaf etməsi müzakirə olundu, Pakistan tərəfi ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətini bildirdi. Təsadüfi deyil ki, ötən il Pakistandan Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Biz əvvəllər də Prezident İlham Əliyevin Körfəz ölkələri ilə apardığı uğurlu turizm diplomatiyasının ardından ərəb turistlərin ölkəmizə axınının gücləndiyinin şahidi olmuşduq. Bilirsiniz ki, Pakistan bizə dost və qardaş ölkədir, strateji tərəfdaşdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda çox böyük sosial layihələr həyata keçirilir və bir müsəlman dövlətində təhsilə, xüsusilə qızların təhsil almasına dəstək verilir. Görüş zamanı bu əməkdaşlıq əlaqələri, mənəvi və maddi dəstək siyasəti bir daha xüsusi vurğulandı.

Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə edildi, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparıldı. Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulandı, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. Bildiyiniz kimi, Üç Dəniz Təşəbbüsü Polşa, Çexiya, Slovakiya və Macarıstanı, Baltik ölkələrini, habelə Xorvatiya, Avstriya, Sloveniya, Bolqarıstan və Rumıniyanı əhatə edən iqtisadi əməkdaşlıq layihəsidir. "Üç dəniz ölkələri” anlayışı adları qeyd edilən ölkələrin Baltik, Qara və Adriatik dənizləri arasında yerləşməsi ilə bağlıdır. Azərbaycan isə "Üç dəniz ölkələri”nin iqtisadi layihələrinə Xəzər regionunu da açmaq üçün böyük potensiala malikdir. Həmçinin Vişeqrad qrupunda Macarıstan, Polşa, Çexiya, Slovakiya kimi ölkələr təmsil olunur və onlarla əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın marağındadır.

Davosdakı görüşlərdə hiss olunurdu ki, Azərbaycan dünyada ictimai-siyasi və makroiqtisadi sabitliyi, habelə dayanıqlı inkişafı təmin olunmuş bir ölkə kimi tanınmaqla yanaşı, həm də dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı və humanizm ideyalarının carçısı kimi də qəbul edilir. Azərbaycanın belə müsbət beynəlxalq imicinin formalaşmasında Prezident İlham Əliyevin siyasətinə böyük dəstək verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır.

- Həmçinin Azərbaycan Prezidenti Forum çərçivəsində dünyanın nəhəng şirkətlərinin nümayəndələri ilə də görüşdü. Bu görüşlər Azərbaycana nə verəcəkdir?

- Cənab Prezidentin Davos Forumu çərçivəsində müxtəlif sektorlarda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər həmin şirkətlərlə əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bununla da Azərbaycanın iqtisadi inkişafı istiqamətində öz töhfəsini verəcəkdir.

Cənab Prezidentin bu görüşlərini sektorlar üzrə təhlil etdikdə neft-qaz sektorundan BP, "LUKOIL” və "Equinor” kimi böyük və nüfuzlu şirkətləri qeyd etməliyik. Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə keçirilmiş görüşün əsas müzakirə mövzusu "Naxçıvan” və "Qoşadaş” perspektiv strukturlarının "LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi olmuşdur və görüş əsnasında müvafiq qərar qəbul edilmişdir. Perspektiv yataqların işlənilməsində məhz "LUKOIL” kimi nüfuzlu şirkətlə əməkdaşlığın qurulması Azərbaycanın qeyri-neft sektorunun inkişafının stimullaşdırıldığı bir dövrdə neft sektorunda da lider ölkələr sırasında qalmaqda davam edəcəyini göstərir. Eyni zamanda, bu əməkdaşlıq ölkəmizin dünya miqyasında nüfuzunu artıraraq etimad göstərilməyə layiq bir ölkə olduğunu sübut edir. Bu istiqamətdə növbəti görüş BP şirkəti ilə keçirilmişdir. Şirkətin baş icraçı direktoru Robert Dadli ilə görüşdə artıq istifadəyə verilmiş TANAP və bu ilin sonunadək hazır olacağı gözlənilən TAP layihələri, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi, eyni zamanda, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün bu ilin fevralında Bakıda keçirilməsi barədə danışılmışdır.

Texnologiya sahəsində ixtisaslaşmış şirkətlərdən "Signify” və CİSCO-nun rəhbərləri ilə keçirilmiş görüşləri də xüsusi qeyd etmək vacibdir. Belə ki, "Signify” şirkəti son üç ildə ardıcıl olaraq "Dow Jones Davamlılıq İndeksi”nin "Elektrik komponentləri və avadanlıqları" kateqoriyası üzrə birinci yerdə olan, işıqlandırma sahəsində innovativ, yüksəkkeyfiyyətli, enerjiyə qənaət edən işıqlandırma məhsulları, sistem və xidmətlər təqdim edən dünya lideridir. "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə ölkəmizə yeni texnologiyaların gətirilməsi ilə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantlarının tətbiqi müzakirə mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, 70-dən artıq ölkədə fəaliyyət göstərən bu şirkət bu günədək 53 milyon obyektin işıqlandırılmasını təmin etmişdir. Orta hesabla bir ilə 6 milyard avro dəyərində xidmət satışını həyata keçirən belə bir şirkətin Azərbaycanı biznes hədəfi olaraq seçməsi ölkəmizin uğuru olaraq qiymətləndirilə bilər.

Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi "CİSCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşdə isə prioritet istiqamətlər üzrə layihələrin reallaşdırılması barədə danışılmışdır. Sürətlə rəqəmsallaşan Azərbaycan iqtisadiyyatında bu kimi şirkətlərin inkişafı üçün çox münbit şərait vardır. Görüşdə ölkə başçısı da bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialının mövcud olduğunu qeyd etmişdir. Xanım Kramerin Azərbaycanı "CİSCO” şirkəti üçün regionda ən önəmli ölkə olaraq qiymətləndirməsi də təsadüfi deyildir.

Azərbaycana yeni texnologiyaları gətirən digər bir şirkət "Carlsberg Group”dur. Şirkət tərəfindən Xırdalan pivə zavodunun aparıcı dünya şirkətləri tərəfindən istehsal olunan avadanlıqların təchiz olunması ilə modernləşdirilməsi, yeni qablaşdırma xəttinin quraşdırılması Azərbaycan Respublikasının qida sənayesində son illər ərzində həyata keçirilmiş ən iri investisiya layihələrindən biridir. Şirkətin zavodun inkişafına qoyduğu sərmayələrin ümumi məbləği 40 milyon manatdan artıqdır. Hazırda zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən çox ticarət məntəqəsində təqdim olunur. "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Azərbaycan Prezidenti ilə görüş zamanı ölkədəki son islahatların yeni investisiyalar üçün çox əlverişli şərait yaratdığını vurğulamış və bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd etmişdir. Eyni zamanda, şirkət tərəfindən kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində işlər görülür və artıq pilot layihələrin icrasına başlanılmışdır.

Texnoloji transfer baxımından növbəti əməkdaşlıq "SUEZ Group” şirkəti ilə nəzərdə tutulmuşdur. Bu şirkət kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində beş qitədə fəaliyyət göstərir və 160 illik təcrübəyə sahibdir. Şirkətin baş icraçı direktoru Bertran Kamusla görüş zamanı Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılmışdır. Belə ki, SUEZ real vaxt rejimində çalışan nəzarət sistemi, ağıllı sensorlar və sayğaclar, həmçinin elektroxlorlaşma həyata keçirən qurğular kimi bir sıra rəqəmsal və innovativ həllərin ölkəmizə transferini həyata keçirəcəkdir. Bundan başqa, 2014-cü ildən etibarən şirkət tərəfindən mütəxəssislərə təlimlərin keçirilməsi və nou-hau xidmətinin göstərilməsi də həyata keçirilir və bu xidmətlərdən yararlanan mütəxəssislərin sayı 13 minə çatıb. Bu istiqamətdə əməkdaşlığın 2020-ci ildə də davam etdirilməsi qərara alınmışdır.

Xarici investorların da cənab Prezidentin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitinin daha da yaxşılaşmasından, rəqabət mühitinin sağlamlaşdırılması və şəffaflığın artırılmasından məmnunluqları bu islahat tədbirlərinin öz nəticəsini verməsinə işarədir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirən və ölkəmizin bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığı qənaətində olan digər şirkət "Procter and Gamble Europe” olmuşdur. Cənab İlham Əliyevlə görüşündə şirkətin prezidenti Loik Tassel öz fəaliyyətlərini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olduqlarını və regional mərkəz olaraq məhz Bakı şəhərini seçdiklərini vurğulamışdır. Azərbaycanda yaradılan biznes mühitinin şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacağını bildirmişdir. Bunun əsas səbəbi kimi MDB məkanında 270 milyon istehlakçını əhatə edən azad ticarət sazişlərini və ölkəmizin inkişaf etmiş nəqliyyat-logistika sistemi ilə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ticarət qovşağı olmasını qeyd etmək olar.

Cənab Prezidentin Davosdakı önəmli görüşləri sırasında maliyyə-bank və sığorta sektorunun şirkətləri ilə keçirdiyi görüşlər də önəmli yer tutur. Bu baxımdan "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüş xüsusi əhəmiyyət kəsb edir. İnvestisiya portfeli 222 milyard ABŞ dolları həcmində olan və 272 şirkəti idarə edən, özəl yatırımlar üzrə ikinci ən yaxşı investisiya fondu olaraq qiymətləndirilən "Carlyle Group” 94 ölkə ilə əməkdaşlıq edir. Fond ABŞ, Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələrə yatırılan investisiya layihələrini idarə edir. Fondun həmtəsisçisi Devid Rubenşteyn görüş zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və mövcud əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu qeyd edərək "Carlyle Group” ilə Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələsini müzakirəyə çıxarmışdır. Bu da yaxın gələcəkdə ölkəmizə xarici investorlar tərəfindən müxtəlif sektorlara qoyulacaq yatırımların artacağını proqnozlaşdırmağa imkan verir.

Dövlətimizin başçısı son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsini müşahidə edən və həyata keçirilən islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olan "Swiss Re” şirkətinin nümayəndəsi ilə də görüşmüşdür. "Swiss Re” 225 milyard aktivə sahib olmaqla, fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biridir. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşdə ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkili və inkişafı məsələləri, bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən "Swiss Re” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə mövzusu olmuşdur. Cənab Prezident bu görüş zamanı sığorta bazarının, xüsusilə daşınmaz əmlak bazarında sığortanın inkişafının Azərbaycan üçün önəmli olduğunu vurğuladı. Çünki bu mövzu Azərbaycan üçün çox aktualdır. Təkcə ötən il Şamaxıda baş verən zəlzələ zamanı evlərə ciddi ziyan dəydi, bəziləri dağıldı. Təcrübəyə baxsaq, dünyanın heç bir ölkəsində dövlət belə məsələlərə qarışmır, ziyan çəkən vətəndaşlar bərpa işlərini öz hesablarına həyata keçirirlər. Amma cənab Prezidentin təşəbbüsü ilə həmin bölgədə ziyan dəyən evlər dövlət hesabına yenidən tikildi və ya təmir edildi. Bu baxımdan Prezidentin keçirdiyi görüş çox əhəmiyyətli idi. Qeyd edim ki, "Swiss Re” şirkəti Danimarka, Fransa, Almaniya, Lüksemburq, İsrail və digər ölkələrlə sıx əməkdaşlıq edir.

Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərən, maliyyə aktivlərinin həcminə görə Rusiyanın ikinci ən böyük bankı "VTB Bank”la görüşdə də əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Belə ki, cənab Prezident və bankın prezidenti və idarə heyətinin sədri Andrey Kostin arasında keçirilən görüşdə Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılması müzakirə olunmuş və bu istiqamətdə şirkətin fəaliyyətinin daha da genişləndirilməsi qərara alınmışdır.

Görüşlərdə müzakirə olunan yeni əməkdaşlıqlar şirkətlər tərəfindən ölkəyə investisiya yatırımlarının artmasına, yeni texnologiyaların transferinə, eyni zamanda, qlobal dəyər zəncirinə qoşulmaq üçün yeni imkanların yaranmasına səbəb olacaqdır. Bildiyiniz kimi, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi texnoloji inkişafdır. Yeni texnologiyaların tətbiqi də öz növbəsində, məhsuldarlığı artırmaqla iqtisadi inkişafa təkan verəcəkdir. Mötəbər şirkətlərlə əməkdaşlıq isə öz növbəsində, Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına, multiplikator effekti ilə digər şirkətlərdə də ölkəmizlə bağlı müsbət fikrin və güvənin formalaşmasına öz təsirini göstərməklə ölkə iqtisadiyyatının daha da böyüməsinə şərait yaradacaqdır.

Müstəqillik dövründə Azərbaycana yatırılan 270 milyard dollar sərmayə hesabına ölkəmiz adambaşına düşən investisiya miqyasına görə regional liderdir. Ötən il region üzrə sərmayə axınlarının azaldığı halda Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayə 1,9 faiz artmışdır. Təsadüfi deyil ki, Avropa İttifaqı, PWC, Deloitte və sair mötəbər qurumların keçirdiyi sorğular da investorların Azərbaycanla bağlı gözləntilərinin müsbət olduğunu və onların investisiyaların həcmini artırmaq barədə düşündüklərini göstərir. Ölkə başçısının Davos çərçivəsində keçirdiyi görüşlərdə də investorlar öz müsbət mövqelərini bir daha təsdiqləmişlər.

Yuxarıda qeyd olunan bütün görüşləri ümumiləşdirsək, qətiyyətlə söyləmək mümkündür ki, son on beş il ərzində həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrlə dünyanın güc mərkəzlərini öz orbitində saxlamağı bacaran Azərbaycan yenə həm siyasi dairələrin, həm investorların, həm də digər qlobal güclərin ölkə iqtisadiyyatına olan maraqlarının qorunub saxlanılmasına nail olmuşdur. Bu da bir həqiqətdir ki, Davos Forumunda Azərbaycana olan diqqət Prezident İlham Əliyevin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.

- Həmçinin budəfəki Davos Forumu OPEC-in baş katibi Məhəmməd Barkindonun Azərbaycan Prezidentinin 5 il bundan əvvəlki təklifini reallaşdırmalarını və bundan fayda əldə etdiklərini bildirilməsi ilə də yadda qaldı.

-Avrasiyanın mərkəzində enerji xəritəsini yenidən şəkilləndirən Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı OPEC və bu konsorsiuma daxil olmayan neft hasilatçılarının əməkdaşlığı təşəbbüsünü irəli sürmüşdü. Beləliklə, "OPEC +” formatı meydana gəldi. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan dövlətlərin birgə toplantısını və enerji resurslarının hasilatı, ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin əlaqələndirilmiş müzakirəsini nəzərdə tuturdu.

2016-cı ilin dekabrında OPEC və OPEC+ ölkələrinin neft istehsalçıları neft hasilatını azaltmaq məqsədilə imzaladıqları tarixi müqavilədən sonra neft qiymətləri optimallaşdı. Xatırladaq ki, o vaxt Azərbaycan daxil olmaqla OPEC-ə üzv olmayan 10 ölkə ilə imzalanan həmin müqavilə sayəsində 2017-ci ilin yanvar ayından etibarən neft hasilatının azaldılması ilə neftin qiymətinin yüksəlməsinə nail olundu. Bu, neftin bugünkü sabit qiymətinin bərpa olunmasına təkan verən əsas səbəb olmuşdur ki, mövcud qiymət hazırda 60-70 dollar civarındadır.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "OPEC+” Azərbaycanın enerji siyasətinin uğurudur. Bu format institut kimi təkmilləşərək qlobal neft çağırışlarına adekvat cavab verir, birgə müzakirələr əsasında dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini təşkil edir. OPEC-ə üzv və "OPEC+” ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi də Azərbaycanın enerji siyasətinin növbəti nailiyyətidir. Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında bu təşkilatın bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilmiş, neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi də nəzərdən keçirilmişdir.

OPEC-in baş katibi Məhəmməd Barkindo OPEC-ə üzv olan və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birgə çalışması ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi. Təbii ki, böyük və kiçik neft istehsalçıları və ixracatçılarının birgə platformasına rəhbərlik edən Məhəmməd Barkindonun Prezident İlham Əliyevin təşəbbüskarlığını və qətiyyətini yüksək qiymətləndirməsi həm də ulu öndər Heydər Əliyevin neft strategiyasına verilən bir dəyər idi.

- Davosda həm də Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolu imzalanması mərasimi oldu. Bunun əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Doğrudan da bu niyyət protokolunun imzalanması Forumda çox diqqətçəkən məqam oldu. Protokolun imzalanmasından sonra Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycan Prezidentinə müraciətlə dedi: "Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”. Borge Brendenin bu fikirləri heç təsadüfi deyil. Beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən texnologiyayönümlü, innovativ layihələri, ümumilikdə aparılan işləri yüksək qiymətləndiriblər. Çünki Azərbaycanda insan kapitalının inkişafı üçün çox böyük işlər görülmüşdür. Son dövrlərdə aparılan islahatlar nəticəsində insan kapitalına diqqəti artırmaq, gənc kadrların, yeni düşüncə tərzinə malik insanların, yüksək təhsil almış, eyni zamanda, dünya iqtisadi və siyasi məkanında baş verənləri təhlil etməyə qadir gənclərin irəli çəkilməsinə xüsusi önəm verilir. Belə bir Mərkəzin Azərbaycanda yaradılması birbaşa cənab Prezident İlham Əliyevin şəxsi iradəsi ilə bağlıdır.

Dünya İqtisadi Forumunun Regional Mərkəzləri çox az sayda ölkələrdə yaradılmışdır. İsrail, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya və Səudiyyə Ərəbistanından sonra Azərbaycan Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin yaradıldığı 6-cı ölkə olacaq. Ümumilikdə, bu gün texnologiyanın hüdudsuz potensialından yararlanmaq və onun sürətli böyüməsini təmin etmək üçün hökumətlərin, aparıcı texnoloji şirkətlərin, dinamik startapların, beynəlxalq təşkilatların, akademiyaların və vətəndaş cəmiyyətlərinin əməkdaşlıq edə biləcəyi qlobal, etibarlı və stabil bir məkana ehtiyac var. Dünya İqtisadi Forumunun Bakıda yaradılacaq Dördüncü Sənaye İnqilabı Mərkəzi, yeni texnoloji məhsulların implementasiyası, inkişaf etməkdə olan texnologiyalarla əlaqəli problemlərin həlli və sektorlararası əməkdaşlığın sürətləndirməsi üçün tərəfdaşlıq platforması olacaqdır. Mərkəz həm tərəfdaş dövlətlərə, həm də özəl sektor nümayəndələrinə informasiya texnologiyaları sahəsində çevik həll yolları təklif edib, regionda miqyaslı tətbiqinə dəstək verəcəkdir. Azərbaycan şirkətlər və hökumətlər arasında blokçeyn, süni intellekt, robotlar, dəqiq tibb, rəqəmsal ticarət və digər istiqamətlər üzrə koordinasiyanı həyata keçirəcək, proseslərə dəstək verəcəkdir. Mərkəz bir şəbəkə daxilində tədqiqatların aparılması və bölüşməsində, iqtisadi inkişafda yeni texnologiyaların tətbiqində mühüm rol oynayacaqdır.

Məlumat üçün qeyd edim ki, BMT Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı üçüncü qlobal tədqiqatında Azərbaycan 81,72 faiz göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında ilk pillədə yer alıb. Azərbaycan 4 il ərzində bu tədqiqatda öz göstəricisini iki dəfə yaxşılaşdırmışdır. Bu nəticənin əldə olunmasında Azərbaycanda Yaşıl Dəhliz, Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, Digital Hub Xəzəraltı fiber-optik internet xəttinin çəkilməsi layihələrinin xüsusi rolu olmuşdur. Azərbaycan həm də Komissiyanın sərhədlərarası kağızsız ticarətin aparılması ilə bağlı çərçivə razılaşmasını imzalamış və icrasına başlamışdır. Ölkəmiz transsərhəd ticarətin aparılması istiqamətində tərəfdaş ölkələrlə elektron imzaların qarşılıqlı tanınması üçün əməkdaşlıqların əsasını qoymuş, texniki işləri həyata keçirmişdir. Azərbaycan bir daha görülən işlərlə regionda rəqəmsal ticarət qovşağı olduğunu təsdiqləmişdir.

- "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz, birinci növbədə, kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya” cavabı xüsusən maraqla qarşılandı. Bu panel müzakirələri barədə nə demək olar?

 

- Bəli, sizinlə razıyam. Cənab Prezidentin bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir. Azərbaycan Prezidenti bu paneldə bir daha vurğuladı ki, biz mehriban qonşuluq siyasətinə sadiqik, amma milli maraqlarımız həmişə birinci yerdədir. Cənab Prezident qeyd etdi ki, müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bu gün Azərbaycan iqtisadi təhlükəsizliyin bütün əsas istiqamətlərini – enerji, ərzaq, maliyyə, nəqliyyat-logistika və rəqəmsal təhlükəsizliyini təmin etmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, iqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır. Həmçinin paneldə qeyd olundu ki, bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün xarici dövlət borcumuz azdır və ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz xarici dövlət borcunu ÜDM-in 10 faizinə qədər endirməkdir.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Davos Forumundan bir neçə gün əvvəl Forumun rəsmi saytında cənab Prezidentin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi dərc olunmuşdu. Həmin məqalə bütövlükdə Azərbaycanın dünyaya baxışını əks etdirirdi. Cənab Prezident həmin məqalədə göstərirdi ki, Azərbaycan regional güc olaraq nəhəng infrastruktur layihələri həyata keçirir. Amma nəhəng infrastruktur layihələri həyata keçirən Azərbaycan, heç bir yerdə və heç bir fəaliyyətdə kiminsə alternativi mövqeyindən çıxış etmir. Layihələrə daim daha çox dəyər qatılması, daha üst səviyyəyə yüksəlməsi, eləcə də əhatə dairəsinin genişlənməsi üçün Azərbaycan əlindən gələni edir.

Hazırda ölkəmizin idarəçilik, şəffaflıq, hesabatlılıq, həyat və yaşayış standartları ilə bağlı meyarları Avropa İttifaqının standartlarına yaxınlaşır. Azərbaycanda həyata keçirilən islahatlar cəmiyyət və dünyanın aparıcı iqtisadi-maliyyə qurumları və beyin mərkəzləri tərəfindən yüksək qiymələndirilir. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanların dəvət olunması, Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturlarda həyata keçirilən islahatlar idarəetmənin səmərəliliyini artırır. Cənab Prezident panel iclasında xüsusilə vurğuladı ki, Azərbaycan hökuməti heç vaxt yerinə yetirə bilməyəcəyi məsələlər barədə vəd vermir. Azərbaycanda hakimiyyət hər zaman sözünə əməl edir və xalqın həyat standartları ildən-ilə daha da yaxşılaşır.

Azərbaycan əsas diqqətini sürətlə artan əhali çağırışına yönəldir. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artmışdır və ümumiyyətlə, hər il əhalimiz 100 min nəfərdən çox artır. Şübhəsiz ki, artan əhaliyə əlavə infrastruktur və ərzaq təminatı tələb olunur. Həmçinin, artan əhalinin işlə təmin etmək üçün hər il əlavə 100 min iş yeri yaratmaq ehtiyacı yaranır. Gənc nəsil üçün məhsuldarlığa əsaslanan yüksəkixtisaslı iş yerləri yaradılmalıdır. Azərbaycanda əhalinin gənc olması bir tərəfdən çağırışlar, digər tərəfdən imkanlar yaradır. Azərbaycan hökuməti əhalinin gənc olmasını bir fürsətə çevirməyi bacarır. Ölkədə insan kapitalının inkişafına böyük dəstək verilir. Artıq Azərbaycanın iqtisadi inkişafına "Z-nəsli” və "Minilliyin nəsli” böyük töhfə verir. Digər tərəfdən Azərbaycan son 16 ildə yoxsulluq səviyyəsinin 9 dəfə, işsizlik səviyyəsini isə 2 dəfəyə yaxın azaltmaqla inklüziv inkişafı təmin etmişdir.

Son üç ildə beş dəfə azaldılan inflyasiya hökumətin və Mərkəzi Bankın nəzarəti altındadır. Ən əsası inflyasiya tempi ötən il 2,6 faiz olmaqla əhalinin nominal gəlirlərinin artım tempindən əhəmiyyətli şəkildə - 7,4 faizdən az olmuşdur. Beləliklə, ötən il həyata keçirilən iki böyük sosial paket insanlarımızın daha layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət etmişdir. Panel iclasında bu məsələyə toxunmaqla cənab Prezident ölkədə monetar və fiskal siyasətin necə uzlaşdırılmasını və insan həyatının yaxşılaşdırılmasına xidmət etməsini göstərmişdir.

"Strateji baxış: Avrasiya” mövzusundakı panel iclasında cənab Prezident vurğuladı ki, Azərbaycanın daxilində risklər yoxdur. Ölkə sabitdir, inkişaf davamlıdır. Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan geniş islahatlar gündəliyinə malikdir. Ən böyük narahatlıq və əsas potensial kabus Azərbaycanın sərhədləri xaricində gərginliyin artması ola bilər. Bundan əlavə, Ermənistanın işğalçılıq siyasəti daimi təhdid mənbəyidir. Azərbaycan sərhədlərinin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıdır.

- Yuxarıdakı sadaladığınız faktlar həm də Azərbaycanın inklüziv və dayanıqlı inkişafa nail olduğunu deməyə əsas verir. Çünki Davosun gündəliyində "inklüziv və dayanıqlı inkişaf” əsas müzakirə mövzusu idi.

- Əlbəttə. Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsində inklüziv və dayanıqlı inkişafa nail olunub. Azərbaycan ardıcıl olaraq iki dəfə 2018-ci və 2019-cu illərdə Dünya Bankının "Doing Business” hesabatında "10 ən islahatçı” və "20 ən islahatçı” ölkələr sırasında qərarlaşmışdır. Həmçinin "Qlobal Rəqabətlilik Hesabatı” və "İqtisadi azadlıq indeksi” hesabatının nəticələri də ölkəmizin uğurlarını göstərir.

Məhz inklüzivliyi təşviq edən islahatlar nəticəsində Azərbaycanda dayanıqlı inkişafa nail olunması mümkün olmuşdur. Azərbaycanda həm yüksək iqtisadi artıma nail olunur, həm də ətraf mühitin mühafizəsi təşviq edilir. Təkcə bir faktı qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Nəsimi ili” çərçivəsində ölkə ərazisində bir gündə 650 min ağac əkilib. Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resursları olsa da, ətraf mühitin qorunması da ölkəmiz üçün prioritetdir. Diqqət yetirdinizsə, yanvar ayında bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan "ACWA Power” şirkəti və "Masdar” şirkəti ilə çox mühüm İcra Müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında yeni səhifə açacaq və bu il ölkəmizdə yeni külək və günəş elektrik stansiyalarının təməli qoyulacaqdır. Doğrudur, Azərbaycan özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və eyni zamanda, elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektorunun da inkişafıdır və biz buna nail oluruq.

Məhz Davos Forumu çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşdə Azərbaycan Prezidenti bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsini müzakirə etdi, bu sahədə Azərbaycanın böyük potensialına toxundu. Aparılan qiymətləndirmələr onu göstərir ki, MDB ölkələri arasında istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsusdur.

-Ümumilikdə bu inkişafın, uğurların fonunda 2019-cu ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə ölkəmiz siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə etmişdir. Son illərin rəqəmlərinə nəzər salsaq aydın olur ki, 2019-cu ildə ölkəmiz sürətli inkişafa nail olmuşdur. Qeyd etdiyimiz kimi, ÜDM-də 2,2 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM 3,5 faiz artmışdır. 2019-cu ildə qeyri-neft sektorunda sənaye istehsalı 14,3 faiz, informasiya və rabitə xidmətləri 15,9 faiz, kənd təsərrüfatı 7,2 faiz, o cümlədən bitkiçilik 11,7 faiz artmışdır. Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil etmişdir. Qeyri-neft ixracımız 15,7 faiz artaraq 2 milyard ABŞ dollarına yaxınlaşmışdır. Valyuta ehtiyatlarımız isə 6,3 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini təşkil etdiyi halda, xarici borcumuz ÜDM-in 17 faizinə bərabərdir. Bunun daha da azaldılması istiqamətində iş aparılır. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalımızı maliyyələşdirməyə kifayət edir və bu çox yaxşı göstəricidir. 2019-cu ildə vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil edilmişdir.

2019-cu ildə vətəndaşlarımızın problemli kreditlərinin həlli istiqamətində mühüm qərarların verilməsi də xüsusi qeyd edilməlidir. Azərbaycan postsovet məkanında problemli kreditlərin həllində ən humanist mövqe sərgilədi və problemin bütün ağırlığını məhz dövlət öz üzərinə götürdü. Əlbəttə, burada cənab Prezidentin iradəsini və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xoş məramını xüsusi vurğulamaq lazımdır.

Ümumiyyətlə, 2019-cu il həm də nəhəng sosial islahatlarla yadda qalmışdır. Keçən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir məqamı da qeyd edim ki, 2019-cu ildə əhalinin pul gəlirləri inflyasiyanı üstələməsi vətəndaşlarımızın real gəlirlərinın artmasının göstəricisidir. Beləliklə, Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanı sosial rifah dövləti kimi daha da gücləndirdi. Azərbaycanda sosial bazar modelinin uğurunun təmin olunmasında hörmətli Mehriban xanım Əliyevanın sosial-humanitar və mədəni modernləşmə sahəsində fəaliyyəti yüksək qiymətə layiqdir.

Ölkəmizdə sosial sahədə həyata keçirilən uğurlu islahatlar 2020-ci ildə də davam edəcəkdir. Bu il icbari tibbi sığorta mərhələli şəkildə bütün ölkəni əhatə edəcəkdir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan 2019-cu ildə də regionun enerji xəritəsinin şəkilləndirilməsində mühüm rolunu daha da gücləndirmişdir. Ötən il TANAP qaz kəməri kimi mühüm layihə uğurla icra edilmişdir. Ölkədə infrastruktur layihələri reallaşdırılmış, "SOCAR Polymer”, "SOCAR Karbamid” zavodları açılmış, istehsal gücü 400 meqavat olan "Şimal-2” elektrik stansiyası istismara verilmişdir. Bir faktı da qeyd edim ki, əvvəllər Azərbaycan elektrik enerjisi idxal edirdisə, 2019-cu ildə 77 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac etmişdir.

Müsbət məqamlardan biri də ondan ibarətdir ki, 2019-cu ildəki sürətli inkişafın 2020-ci ildə də davam edəcəyi gözlənilir. Bu il ölkəmizdə iqtisadi artımın 3 faiz olacağı proqnozlaşdırılır. Göründüyü kimi, Prezident İlham Əliyevin liderliyi ilə dünyanın ən islahatçı ölkəsi olan Azərbaycan həm də dayanıqlı və inklüziv inkişafını inamla davam etdirir.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.4-5.