Bakıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv
ölkələrin Xarici İşlər
nazirlərinin növbədənkənar iclası keçirilib
Fevralın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv
ölkələrin Xarici
İşlər nazirlərinin
növbədənkənar iclası
keçirilib.
İclası açan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov gündəliyin zəngin olduğunu bildirib.
Tədbirdə bir sıra mühüm mövzular, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasdan sonra keçirilən mətbuat konfransında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev və Xarici İşlər nazirinin müavini Ramiz Həsənov müzakirə edilən məsələlərlə bağlı məlumat veriblər.
Qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu iclasda üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi, bir sıra ölkələrin Türk Şurası ilə əməkdaşlıq etmək istəmələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bağdad Amreyev vurğulayıb ki, Türk Şurası daxilində investisiya institutunun yaradılmasına ehtiyac var. O bildirib ki, investisiya fondunun yaradılması ilə bağlı işlər gedir və İstanbulda keçiriləcək sammitdə onun təqdimatı nəzərdə tutulur.
Baş katib, həmçinin qeyd edib ki, növbədənkənar iclasda şurada müşahidəçi statusuna malik ölkələrə üzvlüyün verilməsi qaydaları müzakirə olunub. Habelə təşkilatın İƏT və BMT yanında müşahidəçi statusu alması, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması imkanları nəzərdən keçirilib.
Diqqətə
çatdırılıb ki, Xarici İşlər nazirləri üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin,
təşkilat daxilində birliyin gücləndirilməsinin
vacibliyini vurğulayıblar. Təşkilatın
perspektivlərini müəyyən edən “Türk
Şurası 2025” adlı yeni strategiya da müzakirə
edilən məsələlər arasında yer
alıb.
Azərbaycan.- 2020.- 7 fevral.- S.6.