Azərbaycanın Xarici İşlər naziri türkiyəli həmkarı ilə görüşüb

 

Fevralın 6-da Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər hər iki ölkənin iştirakı ilə reallaşdırılan mühüm layihələri müzakirə edərək, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.

Həmçinin Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb, təşkilatın beynəlxalq səviyyədə artan nüfuzundan və beynəlxalq təşkilatlarla əməkdaşlığından danışılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti və bu xüsusda keçirilmiş Cenevrə görüşü ilə bağlı həmkarına məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regionalqlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.6.