Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd ediblər.

Ölkələrimiz arasında ticarət mübadiləsinin artırılmasına ehtiyac duyulduğunu qeyd edən nazirlər Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsinin bu xüsusda mühüm rolunu bildiriblər.

Həmçinin qarşılıqlı səfərlərin, o cümlədən yüksəksəviyyəli səfərlərin əməkdaşlığın daha da inkişafına önəmli təkan verdiyi vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov beynəlxalq platformalarda Özbəkistan tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş olunan prinsipial mövqeyə görə həmkarına təşəkkürünü bildirib.

Habelə Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.6.