Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 6-da Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Nazir Çingiz Aydarbekov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə bildirərək, görüşün məhsuldar keçdiyini diqqətə çatdırıb.

Tərəflər Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirməklə bərabər, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər, eyni zamanda, Türk Şurası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıblar. Bu xüsusda, Qırğızıstanın dəmir yolları layihələrini inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal iştirak etməsi perspektivləri üzrə müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.6.