Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

 

Fevralın 6-da Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Fond tərəfindən 2019-cu ildə görülən işlər barədə yekun hesabat dinlənilib, 2020-ci il üzrə fəaliyyət planı, həmçinin “Könüllülər ili” ərzində təşkil olunacaq tədbirlər və gənclər təşkilatlarının layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular müzakirə olunaraq təsdiqlənib.

Həmçinin gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə A və B kateqoriyaları üzrə 14-cü qrant müsabiqəsi elan edilib. Gənclər təşkilatları təsdiq edilən mövzular üzrə layihələrini fevralın 10-dan martın 10-dək Gənclər Fonduna təqdim edə bilərlər.

Müşahidə Şurasının digər qərarına əsasən fiziki şəxslərin layihələrinin maliyyələşdirilməsi istiqamətinə xüsusi yenilik təqdim edilib. Belə ki, gənclər aktual mövzular üzrə layihələrini artıq ilboyu Gənclər Fonduna təqdim edə biləcəklər. Müşahidə Şurasının müvafiq qərarına uyğun olaraq, müsabiqə mövzuları Gənclər Fondu tərəfindən gənclərlə aparılacaq müzakirə və sorğular əsasında ən gec 15 gün ərzində müəyyən ediləcək və dərc olunacaq.

İclasda, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tərəfindən iki illik hesabatın və növbəti il üzrə nəzərdə tutulan fəaliyyət planının təqdimatı olub.

 

Azərbaycan.- 2020.- 7 fevral.-S.7.