Gənclərin fəallığı artır
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2019-cu ilin 2 fevralında Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında yaradılıb. Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi barədə verdiyimiz suala mərkəzin baş direktoru Rəvanə Həşimovanın cavabı belə oldu: "Bizim ali məqsədimiz təbii ki, gənclərdir. Bütün fəaliyyətimizin mərkəzində onlar dayanır. İstəyirik ki, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun, hərtərəfli inkişafı təmin edilsin. Çalışırıq ki, nümayəndəliklərimiz vasitəsilə regionda yaşayan gənclərin daim dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq imkanları olsun. Bizim nümayəndəliklərdə təşkil olunan layihələr, tədbirlər və müxtəlif istiqamətli fəaliyyətlər gənclərin fərdi və sosial inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir”.
"Sevindirici haldır ki, gənclər bizə inanır”
Müsahibimiz bildirir ki, GİKM həmçinin öz fəaliyyətində gənclərin
karyera və peşə seçimlərini
dəstəkləməyi, şəbəkələşmə
və sosiallaşma məkanı formalaşdırmağı,
peşəkar həyata
yönləndirməyi, gənc
istedadları üzə
çıxarmağı və
inkişaf etdirməyi,
ictimai fəal gənclər yetişdirməyi
əsas məqsədlər
kimi qarşısına
qoyub. R.Həşimova bu mərkəz
və gənclərin
məşğulluq, rayonlarda
gəncləri işlə
təmin etmə məsələlərinə də
toxundu. O, bu gün GİKM-in region gəncləri
üçün real iş
imkanları yaratdığını
bildirdi: "Bizim hər bir yeni
yaradılan nümayəndəliyimizdə
bir qrup gənc işlə təmin olunur. Hətta bir ay qabaq açılışlarını
planlaşdırdığımız rayon
nümayəndəliklərimizə vakansiya elanı payladıq. Qısa müddətdə bizə yüzlərlə
gənc müraciət
etdi. Bu, çox sevindirici haldır ki, gənclər bizə inanır və bizimlə çalışmağa
can atırlar. Əlimizdən gəldiyi qədər müraciət edən təhsilli, işləməyə
həvəsli, ictimai fəallığı ilə
seçilənlərlə əməkdaşlıq etməyə
çalışırıq. Bizim əsas məqsədlərimiz
sırasına, əslində,
bu məsələ də daxildir. Gələcəkdə hər
bir rayonda hansısa şirkətə,
quruma, iş təklif edən şəxsə Gənclərin
İnkişaf və Karyera Mərkəzi real işləmək qabiliyyəti
olan kadrlar təqdim edə bilsin. Bunun üçün həmin qurumlar aidiyyəti olmayan digər yerlərə yox, məhz Gənclərin İnkişaf
və Karyera Mərkəzinə müraciət
etsinlər”.
Mərkəzin baş direktoru diqqətə çatdırdı
ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin artıq 20 rayonda nümayəndəliyi fəaliyyət
göstərir. Bu rayonlar sırasında Cəlilabad,
Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə,
Ağcabədi, Xaçmaz,
Goranboy, Yevlax, Lənkəran, Samux, Göygöl, Şamaxı,
Göyçay var. Gənclərin
İnkişaf və Karyera Mərkəzinin bu ilin aprelində
digər rayonlarda da nümayəndəliklərinin
açılması planlaşdırılır.
R.Həşimova bildirdi
ki, misal üçün fevral ayında bizim Ağdam, Şəki, Qəbələ, Tərtər,
Balakən, Gədəbəy,
Saatlı, Xızı,
Siyəzən, Şabran
kimi rayonlarda açılışlarımız planlaşdırılıb. Ümumi olaraq
56 mərkəzdə nümayəndəliklərimiz
fəaliyyət göstərəcək.
"Könüllülər ili”
və GİKM
GİKM-in baş
direktoru dedi ki, dövlət başçısı tərəfindən
2020-ci ilin "Könüllülər
ili” elan olunması bizim təşkilatı bu sahədə yeni və daha geniş
auditoriyanı əhatə
edəcək layihələr
icra etməyə ruhlandırıb. R.Həşimova
vurğuladı: "Regiondakı
mərkəzlərimizin hər
birinin kifayət qədər gənc könüllüləri var. Bizim
regional könüllülər həm Gənclər Fondu, həm də GİKM-in regionlarda aparılan işlərində,
layihələrin həyata
keçirilməsində ən
böyük dayağıdır.
Buna misal olaraq deyə bilərik ki, Azərbaycan Respublikasının Gənclər
Fondu və ASAN-nın birgə təşkilatçılığı, bütün könüllü
təşkilatlar və
hərəkatların iştirakı
ilə həyata keçirilən "Azərbaycan
Könüllülük Həftəsi”ndə
Gənclərin İnkişaf
və Karyera Mərkəzinin yerli nümayəndəliklərinin könüllüləri
də fəal iştirak etdilər. Həftə çərçivəsində
həyata keçirilən
"Şəhidimiz”, "Vətənimiz”,
"Könüllülük sərhəd tanımır!”,
"Təbiətimiz” kampaniyalarında
GİKM-in könüllüləri öz rayon və şəhərlərini layiqli
şəkildə təmsil
etdilər. Bundan əlavə, 2020-ci ilin "Könüllülər
ili” elan olunması münasibəti
ilə regionda gənclərimiz "Könüllü
qonaq” adlanan təşəbbüs irəli
sürüb. Bu çox geniş təşəbbüsdür. "Könüllü qonaq” hər bir gəncdə, könüllüdə qarşılığı
olmadan yaxşılıq
etmək, həmin yaxşılıqdan sözün
əsl mənasında
həzz almaq, paylaşdıqca artmaq, artdıqca daha çox yaxşılıq
etmək kimi hissləri aşılayır.
Biz şadıq ki, regionlarda gənclərimiz sevə-sevə
bu təşəbbüsün
bir hissəsi olmağı qəbul edirlər”.
Xatırladaq ki, adıçəkilən
təşəbbüs qayğıya
xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə
baş çəkərək
təmizlik işlərinin
aparılması, evlərdə,
həyətlərdə və
bağlarda səliqə-sahman
yaradılmasını nəzərdə
tutur. Gənclər məişətlə bağlı
ev sahibinə
kömək göstərdikdən
sonra onlarla birlikdə xoş və maraqlı vaxt keçirirlər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan
gəncləri də könüllü qonaq təşəbbüsünə qoşulmağa çağırırlar.
"Könüllülər
ilində hansı tədbirlər görüləcək?”
sualımıza cavabında
mərkəzin baş
direktoru görəcəkləri
işlərdən söz
açdı. Tədbirlər planının geniş olduğunu söylədi:
"Nəzərə alsaq
ki, GİKM-in ətrafında
həm mərkəzdən,
həm də regiondan müxtəlif, parlaq ideyalı, fərqli fikirli, daima yaradan gənclər
toplaşıb, demək
bu il bizdən
gözləniləcək işlərin
siyahısı çox
maraqlı və rəngarəng olacaq”.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2020.- 7 fevral.- S.10.