Ümidə, sevgiyə aparan yol
1 saylı Bakı "ASAN xidmət” mərkəzində
baş mütəxəssis işləyən
Vüsalə Kərimovanın maraqlı həyat hekayəsi
Həyat başdan-başa mübarizədir. Qalibiyyət üçün mübariz olmaq isə ilkin şərtdir. Bəzən insan mübarizliyi qarşılaşdığı amansızlıqları dəf etmək üçün bacarır. Mübarizlər isə həmişə qalibdirlər...
Söhbət 1 saylı Bakı "ASAN xidmət” mərkəzində vətəndaşların qəbulu işinin təşkili sektorunda baş mütəxəssis işləyən Vüsalə Kərimovadan gedir. 15 yaşında onurğa sütunundan zədə alan Vüsalə üzləşdiyi ağır faciədən sonra yerimə qabiliyyətini itirib. Lakin illər boyunca əlil arabasına məhkum olsa da, həyat eşqi sönməyib. Mübarizliyi onu həyata daha parlaq ümidlərlə bağlayıb. Deyir ki, çətinliklər hamının həyatında olur: "Yəqin ki, mənim də həyatımda qaçılmaz imiş. Arxada qalan illər ərzində qarşılaşdığım çətinliklərin öhdəsindən ancaq mübarizliyimlə gəlmişəm”.
Buna olacaq kimi baxan Vüsalə Kərimova deyir ki, həyatda heç kim nədənsə sığortalanmayıb. Moskva Dövlət Humanitar İqtisad Universitetinin Hüquq fakültəsini bitirən Vüsalə mübarizliyi, həyata nikbin baxışı ilə daha bir uğura imza atıb: "ASAN xidmət”də işə başlayıb. Bu, onun tələbəliyinin 5-ci ilində baş verib: "Əvvəlcə könüllü kimi fəaliyyətə başladım, sonra işlə təmin olundum. Yeni işə başlayanda fikirləşirdim ki, böyük dövlət qurumudur, burada müxtəlif orqanların əməkdaşları olacaq, gün ərzində minlərlə vətəndaş müraciət edəcək. Görəsən əlilliyi olan şəxsə necə münasibət göstərəcəklər? Ancaq işə başladıqdan sonra müdiriyyətimiz, əməkdaşlarımız və vətəndaşlarımız tərəfindən isti münasibət gördüm. Tez bir zamanda işə alışdım. Özümü burada artıq əlil arabasından istifadə edən kimi görmürəm”.
Vüsalə Kərimovanın arzuları çox, fikirləri aydındır. Düşünür ki, diplom aldıqdan sonra hazırlaşmaqla inzibati vəzifələr üzrə dövlət qulluqçusu adını da qazanmaq lazımdır. Bunlar hələ hamısı deyil. O həmçinin Avropada magistr təhsili almaq barədə də düşünür.
Elə bilirsiniz ki, Vüsalə yalnız arabada əyləşib yazıb-pozmaqla məşğuldur? Xeyr! Müxtəlif idman növləri - qılıncoynatma, gülləatma, idman rəqsləri ilə də məşğul olan Vüsalə Kərimova həm də Milli Paralimpiya Komitəsinin idmançısıdır. Beş ildən çoxdur ki, əlil arabasında idman rəqsləri ilə məşğul olur. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir: "Açığı, ilk dəfə mənə "əlil arabasında idman rəqsləri ilə məşğul olarsanmı?” sualı veriləndə təəccüblənmişdim. Çünki heç ağlıma sığdıra bilmirdim ki, əlil arabasında olan bir insan necə rəqs edə bilər. Lakin, necə deyərlər, ölümdən başqa hər şeyə çarə varmış. Bunu da bacardım. Bir neçə xarici ölkəyə səfərimiz oldu, tanışlıq dövrü keçdim. Əlilliyi olan şəxslərin necə rəqs etdiyini gördüm. Bundan sonra məndə "niyə də rəqs etməyim?” sualı yarandı. Cavabını da özüm verdim: rəqs edəcəyəm...”
Vüsalə Kərimova ötən illər ərzində müxtəlif beynəlxalq yarışlarda yüksək yerlərin sahibi olub. Belarusda keçirilən çempionatda iki qızıl medala layiq görülüb. Maraqlı təklifi var: " Çox istərdim ki, bu idman növü digər əlilliyi olan şəxslər arasında da yayılsın. Hazırda mən tək rəqs etmirəm. Kombi formasında məşğul oluruq. Bu, sağlam bir rəqqasın əlilliyi olan şəxslə birlikdə kombinləşmiş rəqsdir”.
Vüsalə Kərimova 3 ildir ki, güllə atıcılığı ilə də məşğul olur. Peşəkar arenada olmasa da, güllə atıcılığına böyük həvəs göstərir: "Əslində, uşaqlıqdan çox pozitiv olmuşam. Aldığım zədədən əvvəl də belə idim. İndi həyata keçirdiklərim uşaqlıq arzularımdır. Bu yaxınlarda bəlkə bir tamaşada da rol aldım. Hələ dəqiq deyil, amma gücümü sınamaq istəyirəm. Rejissorla məsləhətləşəcəyik”.
Vüsalənin fikrincə, həyatda uğura, ümidə, sevgiyə aparan yol güclü istək və arzulardan keçir. Çünki onlar hansısa fiziki sərhədlər tanımır.
Vüsalə Kərimova yalnız özünü düşünmür. Fiziki cəhətdən məhdudiyyəti olanlara və onların ailələrinə demək istədiyi var: "Bizim əlilliyi olan şəxslər cəmiyyətdə fəallıqları ilə seçilə bilərlər. Amerikada səfərdə oldum. Onlarla bizim aramızdakı fərqi gördüm. Valideynlər bəzən əlil uşaqlarını cəmiyyətə çıxarmaq istəmirlər. Ancaq gələcəyi bilmək olmaz. Bəlkə onlar yaxşı təhsil alıb yüksək mövqelərdə duracaqlar? Valideynlər isə onlara baxıb, etdikləri hərəkətdən utana bilərlər. Buna görə də valideynlər öz övladlarından utanmasınlar, onları cəmiyyət arasına çıxarsınlar. Azərbaycanda dövlət bu kateqoriyadan olan gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. İlk növbədə biz də cəmiyyətə inteqrasiya yolunu seçməli və mübarizə aparmalıyıq”.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2020.- 7 fevral.- S.10.